Yeni siyasi münasibətlərin formalaşdırılması, münaqişələrin həllində daha yaxından iştirak və qlobal enerji böhranından çıxış üçün “Avropa siyasi birliyi”nin platformasına böyük ümidlər bəslənilir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun ideya müəllifi olduğu bu siyasi platformada konkret nəticələr əldə edilməsə də masaya yatırılan məsələlərin həllində vahid mövqedən yanaşma yeni gücün yaranması deməkdir: “Azərbaycanın da belə bir tədbirə dəvət olunması Avropanın enerji və digər məsələlərdə Azərbaycana xüsusi diqqət yetirməsinə işarədir. Bildiyiniz kimi, Qarabağ münaqişəsinin nizama salınması yönündə Avropa İttifaqı Şurasının təşəbbüsü ilə davamlı olaraq bir neçə görüş keçirilib. Ermənistan tərəfi bu görüşlərdə müəyyən öhdəlik götürüb. Aradan keçən müddət ərzində Ermənistan götürdüyü öhdəliyə əməl etməsə də Avropadan işğalçıya qarşı bu yöndə müəyyən təzyiqlərin olduğunun şahidi oluruq. Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşün sonunda qəbul olunan bəyanata əsasən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu tarixi hadisədir. Belə ki, bu zamana kimi fərqli yanaşma ortaya qoyan Ermənistan xarici havadarlarına güvənərək həm sərhəd, həm də işğal və vandal siyasətinə don geyindirməyə çalışırdı. İndi siyasi durum fərqlidir. Ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsi əsas sənəd kimi götürülüb. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqlənib. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyıb. Bu Bakının növbəti diplomatik qələbəsidir.
Artıq sülh müqaviləsinin hazırlanması istiqamətində işlərin getdiyini diqqətə çatdıran deputat deyib: “Azərbaycan tərəfindən təklif edilən 5 prinsip hər iki dövlətin bir-birinə ərazi iddialarının olmamasının təsdiqi ilə yanaşı gələcəkdə də belə bir iddianın olmayacağına hüquqi öhdəliklərin götürülməsini nəzərdə tutur. Praqada sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırılıb. Bu da Azərbaycanın maraqlarına cavab verir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra rəsmi Bakı sərhədlərin delimitasiyası məsələsi üzərində xüsusi dayanırdı. Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana təklif etdiyi beş maddəlik prinsip arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi də vardı. İndi isə İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsinə razılıq verib. Məsələnin Avropa İttifaqı kimi nüfuzlu qurumun himayəsi ilə razılaşdırılması, deməyə əsas verir ki, yaxın zamanlarda bu sahədə irəliləyişin əldə olunacağını gözləmək olar”.
İltizam Yusifov qeyd edib ki, bu platforma konkret missiya müəyyən etməsə də yaxın gələcəkdə bu qurumun siyasi çəkisi daha da artacaq. Avropa Azərbaycanı təkcə enerji təhlükəsizliyi, təhlükəsizlik məsələsində deyil, eyni zamanda, siyasi qərarların qəbulunda da mühüm tərəfdaş kimi qəbul edir. Praqa görüşü də onu deməyə əsas verir ki. Azərbaycan Avropada söz sahibinə çevrilir. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində artıq Avropa regionda etibarlı tərəfdaş kimi Azərbaycanı seçir. Bu məsələdə Türkiyə-Azərbaycan qardaşlığını da unutmaq olmaz. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Praqada keçirilən görüş zamanı əl-ələ yeriməsi, vahid mövqedən çıxış etmələri və ən əsası Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin fonunda qarşılıqlı və bir-birini tamamlayan proseslərdir.
“Zirvə Toplantısında Ukrayna müharibəsi ilə yanaşı, bir çox mübahisə doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb. Bu siyahıya Ermənistan və Azərbaycan arasındakı problemlər, Yunanıstan-Türkiyə münaqişəsi, miqrasiya problemi, COVID-19 pandemiyasının yaratdığı iqtisadi çətinliklər müzakirə olunub və bu məsələlərdə Azərbaycanın birmənalı mövqeyi var. Azərbaycan münaqişə məsələləri ilə bağlı ortaya konkret mövqe qoyur. İstər Rusiya-Ukrayna, istərsə də Yunanıstan-Türkiyə münaqişələri ilə bağlı ortaya qoyulan açıq və konturlu siyasi iradə nəticəsində Azərbaycan regionda sülhün təminatçısı kimi çıxış edir. İndi yalnız adı qalan ATƏT-in Minsk qrupunun yerinə yetirə bilmədiyi missiyanı artıq Avropa İttifaqı yerinə yetirəcək. Praqada əldə olunan ən mühüm razılıqlardan biri də ondan ibarətdir ki, yaradılacaq sərhəd monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan bu missiyadan öz maraqlarına uyğun şəkildə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.