“Bu gün yeni dünya düzəninin qurulması prosesi, təəssüflər olsun ki, planetin bir çox nöqtələrində yaşanan və böyük insan tələfatına gətirib çıxaran hərbi münaqişələrlə müşayiət olunmaqdadır. Bunun əsas səbəbi beynəlxalq hüququn işləməməsi, bəzi böyük dövlətlərin öz gücünə arxalanaraq daha zəif ölkələrin daxili işlərinə qarışması, onların ərazi bütövlüyünə və suverenliyinə təhdid yaratması cəhdləridir. Gözləmək olardı ki, məhz bu kimi problemlərin həlli, dövlətlərarası münasibətlərin tənzimlənməsi məqsədilə yaradılmış beynəlxalq təşkilatlar belə məqamlarda qəti tədbirlər görməklə prosesləri sülh yoluna yönəldəcəklər. Keçirilən toplantılar, qəbul edilən qətnamələr isə heç bir nəticə vermir. Azərbaycan özünün 30 illik təcrübəsindən bunu ən yaxşı bilən ölkələrdəndir.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bu kontekstdə BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu və müasir dünyanın çağırışlarına cavab vermədiyini vurğulayıb: “BMT Təhlükəsizlik Şurası Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan ali orqandır. Lakin XXI əsrin reallıqları göstərir ki, bu qurum öz funksionallığını, demək olar ki, tamamilə itirib. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-də Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurasını keçmişin qalığı kimi səciyyələndirən dövlətimizin başçısı bu orqanda daha çox ölkənin təmsil olunmasının və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin zəruri olduğunu qeyd etdi. Fransa kimi özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən, əslində isə Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyən, Qəmər adalarının Mayot adası üzərində suverenliyini, həmçinin Yeni Kaledoniya xalqının, eləcə də özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarını kobud şəkildə pozan bir ölkənin Təhlükəsizlik Şurasında beş əsas söz sahibindən biri olması, bu ali orqanın nüfuzuna qətiyyən hörmət gətirə bilməz.”
K.Qafarov Fransada son dönəmlərdə baş verən hadisələrin bu dövlətin böyük siyasi və mənəvi tənəzzül yaşamasının nəticəsi olduğunu qeyd edib: “Möhtərəm Prezidentimizin dediyi kimi, Fransa bu gün özünün neokolonializm siyasətini davam etdirməyə çalışır. Bu, çox təhlükəli bir tendensiyadır. Son vaxtlar bu ölkədə gedən mürtəce proseslər, baş verən qanlı hadisələr təhlükənin nə qədər real və böyük olduğunu göstərir. Fransa mediasında müəyyən etnik azlıqlara qarşı irqçi fikirlər davamlı və geniş şəkildə yayılmaqdadır. Rəsmi şəxslərin, hətta parlament üzvlərinin irqi nifrət xarakterli çıxışları getdikcə artmaqdadır. Təkcə Əlcəzairdə müstəmləkə dövründə 1,5 milyona yaxın yerli sakini qətlə yetirən və bu azmış kimi, əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini müharibə qənimətləri kimi hələ də Paris muzeyində saxlayan dövlətin ərazisində nəinki digər millətlərin nümayəndələri, hətta yerli sakinlər də özlərini təhlükəsizlikdə hiss edə bilməzlər. Öz çıxışında “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik” – deyən Azərbaycan Prezidenti növbəti dəfə prinsipial mövqeyini ortaya qoyaraq dünyada sülhün və sabitliyin bərpası üçün konkret addımların atılmasının zəruriliyini bir daha hər kəsin diqqətinə çatdırdı. Prezident İlham Əliyev Fransanın törətdiyi qanlı müstəmləkə cinayətlərinə görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu qeyd edərək bildirdi ki, bu addım ölkənin əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edə bilər”.