Mediada və reklamda dilin düzgün istifadəsini tənzimləyən qanunvericilik mövcud olsa da qaydaların pozulması halları tez-tez müşahidə olunur
Azərbaycan ədəbi dilinin düzgün istifadəsi milli kimliyimizin qorunması və cəmiyyətin mədəni inkişafı üçün vacibdir. Media və reklam sektorlarında dil normalarının pozulması həm ədəbi dilin keyfiyyətinə zərər vurur, həm də cəmiyyətin dildəki doğru təsəvvürünü təhrif edir. Bu vəziyyət monitorinqin zəruriliyini artırır.
Azərbaycan dili milli kimliyimizin əsas göstəricilərindən biridir. Media və reklam kimi geniş auditoriyaya təsir edən sahələrdə dil qaydalarına əməl olunmaması milli dilin dəyərini azaldır, gələcək nəsillərdə ədəbi dilin düzgün istifadəsinə mənfi təsir göstərir. Bu baxımdan reklamlarda və mediada ədəbi dil normalarının pozulması qəbuledilməzdir. Reklamlarda və mediada tez-tez rast gəlinən səhvlər bunlardır: qrammatik qaydalara riayət edilməməsi, sözlərin düzgün yazılmaması və ya tələffüzdəki səhvlər, qeyri-ədəbi ifadələrin çoxluğu. Bu kimi nöqsanlar cəmiyyətdə dilin pozulmuş formalarının yayılmasına səbəb olur.
Reklam və mediada lazımsız şəkildə xarici dillərdən alınmış sözlərin istifadəsinə də rast gəlinir. Həmçinin Azərbaycan dilinə uyğun gəlməyən terminlər tətbiq olunur. Bu, Azərbaycan dilinin zənginliyinin və ifadə gücünün kölgədə qalmasına səbəb olur.
Mediada və reklamda dilin düzgün istifadəsini tənzimləyən qanunvericilik mövcud olsa da qaydaların pozulması halları tez-tez müşahidə olunur. Fikrimizcə, nəzarətin effektiv olmaması dil pozuntularının artmasına şərait yaradır. Bununla yanaşı, tamaşaçı və istehlakçı tələbkarlığı aşağıdır. Cəmiyyətin bir hissəsi mediada və reklamlarda dil pozuntularına qarşı həssas deyil. Bu isə media qurumlarının və reklam agentliklərinin məsuliyyətsizliyinə səbəb olur. Eyni zamanda keyfiyyətsiz dil istifadəsinin normallaşmasına gətirib çıxarır.
Peşəkar kadr problemləri də özünü göstərir. Media və reklam sahəsində çalışan bəzi şəxslərin dil qaydaları üzrə biliklərinin zəif olması və dilin təsir gücünü başa düşməməsi məzmunun keyfiyyətinə mənfi təsir göstərir. Texnologiyanın və sosial medianın da mənfi təsiri var. Xüsusən, sosial mediada dilin qeyri-formal istifadəsi daha çox yayılır. Bunun da təsiri ədəbi dilin normativliyini zəiflədir. Həmçinin media və reklam məzmunlarında qeyri-peşəkar dil istifadəsini artırır.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda Monitorinq və linqvistik təhlil şöbəsi bu sahələri xüsusi ilə diqqətdə saxlayır. Şöbənin müdiri filologiya elmlər doktoru, professor Sevinc Əliyevanın fikrincə, davamlı olaraq olaraq media və reklamlarda monitorinqlər aparılmalıdır: “Bu zamanı aşkarlanan dil qüsurları ictimaiyyətə təqdim edilməli və mövcud nöqsanların aradan qaldırılması istiqamətində müzakirələr aparılmalıdır. Ana dilinin saflığının qorunması və inkişafı dövlət siyasətinin tərkib hissəsidir. Ölkəmizdə dil siyasətinin formalaşması və Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətləri var”.
Reklamlarda ədəbi dil normalarına riayət olunması və onların təcrübədə düzgün tətbiqinin vacibliyini nəzərə çatdıran Sevinc Əliyeva reklam sahəsində çalışan bəzi mütəxəssislərin dilimizin normalarını ya yetərincə bilmədiklərini, ya da bu işə laqeyd yanaşdıqlarını təəssüflə bildirib. Professor Sevinc Əliyeva mövcud qüsurların bir qismini isə əcnəbi dillərə meyillilik və xarici brendlərin reklam mətnlərinin hərfi tərcümədə yanlış təqdim edilməsi ilə əlaqələndirib. O, dövlət dilinin qorunması və inkişafına mənfi təsir göstərə biləcək mübahisəli məsələlərdə hər kəsi, o cümlədən reklam sahəsində çalışanları diqqətli və məsuliyyətli olmağa çağırıb.
Dilin ifadə vasitələrinin mümkün qədər sadə, başa düşülən və aydın şəkildə istifadə olunması önəmlidir. Xüsusilə yazılı və şifahi ünsiyyətdə məqsədin düzgün çatdırılması üçün dilin səlis, yığcam və anlaşıqlı olması vacibdir. Əksər klassiklərimiz kimi Mirzə Ələkbər Sabir də həmişə sadə və anlaşıqlı dildən istifadə etməyə çağırırdı. O, reklamlarda dilin anlaşıqlı və düzgün istifadə edilməsini təkid edərək, lazımsız yad sözlərin istifadəsinə qarşı çıxardı.
Ümumiyyətlə, klassiklərimiz cəmiyyətin maarifləndirilməsinə çalışıblar. M.Ə.Sabir də əgər bu günümzdə yaşasaydı reklamlarda yalnız məhsulun satışına deyil, həm də cəmiyyətin maarifləndirilməsinə xidmət etməyin vacibliyini vurğulayar, reklamların ictimai məsuliyyət daşımalı olduğunu qeyd edərdi.
Qeyd etdiyimiz problemlərin həlli üçün media işçiləri üçün dil təlimləri və seminarların keçirilməsi faydalıdır. Reklam və media mətnlərinə dil redaktəsi tətbiq edilməlidir. Cəmiyyətin dilə qarşı məsuliyyətli mövqeyinin formalaşdırılması üçün ictimai nəzarət gücləndirilməlidir.
Media və reklam sahələrində dil normalarının pozulması cəmiyyətin dil mədəniyyətinə mənfi təsir göstərir. Bu səbəbdən, Azərbaycan dilinin monitorinqi yalnız dil qaydalarının qorunması üçün deyil, həm də milli mədəniyyətin və dəyərlərin inkişafı üçün vacibdir. Təhlükəsizlik və keyfiyyəti təmin edən davamlı monitorinqlərin keçirlməsi uzunmüddətli perspektivdə dilin inkişafına töhfə verəcəkdir.
Cavid Şahverdiyev
Yazı Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsi çərçivəsində hazırlanıb.