Mərkəzi Kitabxanada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-inin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova dünya miqyaslı siyasətçi Heydər Əliyevin dövlət və siyasi fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışdı. Görkəmli dövlət xadiminin respublikaya rəhbərliyi dövründə təhsil və mədəniyyət müəssisələrinin zəngin şəbəkəsinin yaradıldığını, respublikadan kənarda Azərbaycan üçün yüksəkixtisaslı mütəxəssislərin, xüsusən milli hərbi kadrların hazırlanması, Azərbaycanın milli təhsil sisteminın əsasının qoyulması üçün fövqəladə işlər görüldüyünü vurğulayıb. O, Heydər Əliyevi mədəniyyətin vurğunu və böyük bilicisi kimi xarakterizə etdi. Lətifə Məmmədova xalqın təkidi ilə Azərbaycana qayıtdıqdan sonra Heydər Əliyevin müdrikliyi, müstəsna iradə və qətiyyəti sayəsində alovlanmaqda olan vətəndaş müharibəsinin qarşısının alındığını, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərqərar edildiyini, aparılan köklü islahatlar nəticəsində əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü qeyd etdi.

  AMEA-nın müxbir üzvü, tanınmış dövlət və ictimai xadim Sevda Məmmədəliyeva söylədiyi nitqində Ulu Öndərin ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, 30 ildən bəri düşmən əsarətində olan Qarabağın əbədi azadlığına qovuşduğunu, antiterror tədbirləri ilə başlayan və sonda Xankəndində Azərbaycan bayrağının qaldırılması ilə ölkəmizin tam və qətiyyətli zəfərə nail olduğunu böyük qürurla bildirdi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, bu gün Azərbaycan dünya miqyasında rəğbət olunan, geosiyasi məsələlərlə bağlı mövqeyi böyük güc mərkəzləri tərəfindən nəzərə alınan müstəqil, güclü bir dövlətdir. Bütün istiqamətlərdə qaliblər sırasında yer alan Azərbaycanın bütün tarixi qələbələrinin əsası keçən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Cavanşir Feyziyev görkəmli dövlət xadimi Heydər Əliyevin sovet hökumətinin ən sərt dövründə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdığını, uzaqgörən siyasəti nəticəsində bu tədris ocağında ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrların hazırlandığını bildirib. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrların hazırlanmasına yönəldilmiş təşəbbüsün böyük hünər tələb etdiyini, bunu yalnız xalqının gələcəyini düşünən, xalqına, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr edə bilən Heydər Əliyev kimi dahi şəxsiyyətlər tərəfindən edildiyini vurğuladı.

Respublika “Xatirə” kitabının baş redaktoru Nəzakət Məmmədova çıxışında Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən birinin Azərbaycançılıq məfkurəsinin, milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrildiyini qeyd etdi.

Uşaq yazıçısı, professor Solmaz Amanova Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən danışdı.

Yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə çıxışında qeyd etdi ki, dünya miqyasında tanınmış siyasətçi Heydər Əliyev fenomenal şəxsiyyət idi o, müstəqil Azərbaycanın memarı olmuşdur. O qeyd etdi ki, Heydər Əliyevin xidmətləri misilsizdir, bu fenomeni böyük alımlər və siyasi xadimlər öyrənməlidir.

Uşaq yazıçısı, şair Gülzar İbrahimova Ulu Öndərin adını daşıyan respublika miqyaslı muzey və mərkəzlər, olimpiya mərkəzləri, Heydər Əliyevin adının verildiyi orden, mükafat, fond, medallar və bir çox müxtəlif istiqamətlərə aid ensiklopedik kitabların əhəmiyyətindən və onların gələcək nəsillərə mənəvi miras əhatə etdiyini qeyd etdi.

MKS-in direktoru Lətifə Məmmədova başda olmaqla tədbir iştirakçıları Ümummilli Liderlə bağlı xatirələrini bölüşdülər.

Sonda kitabxana əməkdaşlarının hazırladığı “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı kitab sərgisi və Ulu Öndər Heydər Əliyev haqqında hazırladığı videoçarx nümayiş olundu.