Müşfiq Məmmədli: Elektron səhiyyə sistemlərinin qorunması strateji prioritetdir

“Müzakirə etdiyimiz qanun layihəsi rəqəmsal transformasiyanın sürətləndiyi, kibertəhdidlərin isə getdikcə mürəkkəbləşdiyi müasir dövrdə ölkəmizin informasiya təhlükəsizliyinin hüquqi əsaslarının gücləndirilməsinə xidmət edən mühüm sənəddir.”
Sabahinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli Parlamentin növbədənkənar sessiyasının növbəti iclasında çıxışı zamanı səsləndirib.
Deputat qeyd edib ki, bu gün artıq informasiya təhlükəsizliyi yalnız texniki məsələ deyil: “Bu, milli təhlükəsizliyin, iqtisadi sabitliyin, dövlət idarəçiliyinin və vətəndaşların hüquqlarının qorunmasının ayrılmaz tərkib hissəsidir. Dövlət xidmətlərindən bank əməliyyatlarına, səhiyyədən təhsilə qədər bütün sahələr rəqəmsal platformalara əsaslanır. Deməli, həmin platformaların təhlükəsizliyi də dövlətin strateji prioritetlərindən biri olmalıdır.”
Millət vəkili bildirib ki, Qanun layihəsinin əsas üstünlüyü ondan ibarətdir ki, ilk dəfə olaraq "informasiya təhlükəsizliyi", "kibertəhlükəsizlik", "kritik informasiya infrastrukturu", "Milli CERT", "SOC", "rəqəmsal tədqiqat", "rəqəmsal dəlil" kimi anlayışlar vahid hüquqi sistem daxilində dəqiq müəyyən edilir və onların fəaliyyət mexanizmləri tənzimlənir: “Xüsusilə diqqətəlayiq məqamlardan biri ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması ilə bağlı ayrıca hüquqi mexanizmlərin müəyyən edilməsidir. Bu, enerji, nəqliyyat, rabitə, maliyyə, səhiyyə və digər strateji sahələrin dayanıqlığının artırılması baxımından olduqca vacibdir.”
Müşfiq Məmmədli həkim və Səhiyyə komitəsinin üzvü kimi xüsusilə qeyd edib ki, səhiyyə sektoru artıq ən həssas informasiya sistemlərindən biridir: “Elektron xəstəlik tarixçələri, laborator məlumatlar, tibbi sığorta sistemləri və telemedisina xidmətləri kibertəhlükəsizliyin yüksək səviyyədə təmin edilməsini zəruri edir. Tibb müəssisələrinə yönələn kiberhücumlar yalnız məlumat itkisinə deyil, bəzən insanların həyat və sağlamlığı üçün də real təhlükə yarada bilər. Bu baxımdan layihənin müddəaları səhiyyə sisteminin rəqəmsal dayanıqlığını gücləndirmək baxımından da xüsusi əhəmiyyət daşıyır.”
Parlamentari digər mühüm yeniliyin rəqəmsal inkişaf layihələrinin əlaqələndirilməsi və maliyyələşdirilməsinə dair vahid yanaşmanın tətbiq edilməsi olduğunu diqqətə çatdırıb: “Bu yanaşma dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə, layihələrin təkrarlanmasının qarşısının alınmasına və rəqəmsal inkişaf sahəsində vahid dövlət siyasətinin formalaşmasına xidmət edəcək. Layihədə tənzimləyici test mühiti – yəni "regulatory sandbox" mexanizminin nəzərdə tutulmasını da müsbət qiymətləndirirəm. Bu mexanizm innovativ rəqəmsal həllərin və süni intellekt texnologiyalarının təhlükəsiz şəkildə sınaqdan keçirilməsinə, yeni texnologiyaların daha çevik tətbiqinə imkan yaradacaq. Eyni zamanda Milli CERT-in səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsi, informasiya mübadiləsinin vahid platforma üzərindən həyata keçirilməsi və kiberinsidentlərə operativ reaksiya mexanizmlərinin formalaşdırılması ölkəmizin kibermüdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.”
Deputat çıxışında bu qanun layihəsi Azərbaycanın rəqəmsal inkişaf strategiyasına, milli kibertəhlükəsizlik siyasətinə və dövlət idarəçiliyinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlara tam uyğun gəldiyini də xüsusi vurğulayıb: “Birinci oxunuşda biz layihənin konsepsiyasını müzakirə edirik. Mən layihənin ümumi fəlsəfəsini, məqsədini və strateji istiqamətini tam dəstəkləyirəm. Hesab edirəm ki, ikinci oxunuşa qədər hüquqi-texniki xarakterli bəzi müddəalar daha da təkmilləşdirilə bilər. Lakin konseptual baxımdan bu layihə ölkəmizin informasiya və kibertəhlükəsizlik sisteminin yeni mərhələyə yüksəldilməsi üçün mühüm hüquqi baza yaradır.”