Müstəqil xarici siyasətimiz beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazanıb

“Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi davamlılığı ilə diqqətdədir.  Bakıda növbəti tədbir- İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları keçirildi. Ölkəmizin müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlər üçün ideal məkan kimi seçilməsini şərtləndirən əsas amillərdən biri Azərbaycanın inkişaf yolunda inamla irəliləməsi, hər dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirməsidir. Dövlətimizin başçısı İlham Əliyev tədbirin açılış mərasimindəki çıxışında Azərbaycanın ikinci dəfədir İllik Toplantıya ev sahibliyi etdiyini önə çəkərək bildirdi ki, bu, sıx əlaqələrimizi, əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə göstərir.

Azərbaycan ilk dəfə İllik Toplantıya 2010-cu ildə ev sahibliyi edib. Ötən 16 ilin Azərbaycanla İslam İnkişaf Bankı Qrupu arasında əlaqələrdə, həmçinin ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və digər sahələrdə qazandığı uğurlara şahidlik etdiyi bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyevin çıxışında vurğuladığı kimi, o vaxtdan etibarən Azərbaycanda və ətrafda çox dəyişikliklər baş verdi. Dəyişməyən yeganə məsələ Azərbaycanın sabit və uğurlu inkişafı oldu. Bu, milli maraqlara əsaslanan, qlobal səhnədə bütün iştirakçılarla yaxşı münasibətlərin qurulmasına, uğurlu inkişafımıza sadiqliyimizə söykənən siyasətimizin təzahürüdür”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, uğurlu inkişaf bir çox meyara əsaslanır: “Azərbaycan 35 ilə yaxındır ki, müstəqilliyini bərpa edib. İlk iki ili istisna etməklə, 1993-cü ilin iyunundan başlanan dövr ölkənin sabit inkişafı ilə yadda qalıb. Ümummilli Lider Heydər Əliyevin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu Azərbaycanı dünyaya sabitlik diyarı kimi təqdim edir, qələbədən-qələbəyə aparır. Sabitlik hər bir ölkənin uğurlu inkişafı üçün əsas ilkin şərtlərdən biridir. Cənab İlham Əliyev çıxışında Azərbaycanın davamlı uğurlarını şərtləndirən amillərdən bəhs edərkən bu faktoru xüsusi vurğuladı ki, bu gün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik nəinki inkişafımızın əsas meyarıdır, o cümlədən regional inkişaf göstəricisidir. Çünki Azərbaycan regional və qlobal səviyyədə güclü əlaqələr sayəsində bir çox aspektlərdə artıq mühüm iştirakçıya çevrilib”.

Malik Həsənov vurğulayıb ki, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması dayanıqlı inkişafda əhəmiyyətli rol oynayır: “Azərbaycanın müstəqil xarici siyasətinə beynəlxalq ictimaiyyətin güclü dəstəyi göz önündədir. Bu, istər ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında, istər Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin miqyasında, istərsə də qlobal problemlərin həllində ölkəmizin mövqeyinə, yanaşmasına verilən önəmdə öz təsdiqini tapır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti davamlı uğurlara yol açır. Ölkəmizin yeni dostlar, tərəfdaşlar qazanması günümüzün əsas reallıqlarındandır. Ölkəmizə beynəlxalq dəstək yüksək səviyyədədir. Prezident İlham Əliyev çıxışında bu reallığa da diqqəti yönəltdi ki, bəzən “beynəlxalq ictimaiyyət” sözünü eşitdikdə bəziləri düşünür ki, o, inkişaf etmiş ölkələrdən ibarət bir məhdud qrupdur. Lakin bu, yanlış yanaşmadır. Beynəlxalq ictimaiyyət bütün dünyadan, BMT-yə üzv olan ölkələrdən ibarətdir. Dünyanın tam mütləq əksəriyyətinin dəstəyini qazanmaq, həqiqətən, yalnız bəyanatlar əsasında deyil, praktiki addımlara əsaslanan hörməti göstərir. İslam İnkişaf Bankı Qrupunun 2010-cu ildə keçirdiyi İllik Toplantısından sonra biz bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkə olmuşuq. Sonuncular arasında 2024-cü ildə keçirilmiş uğurlu COP29 tədbirini, bu ilin may ayında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını qeyd edə bilərik. Bir çox digər tədbirlər də gözlənilir”.

Millət vəkili bildirib ki, Azərbaycan Avrasiya ölkələrini birləşdirən, o cümlədən enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinə çevrilən əsas amillərdən biri hesab edildiyi bir vaxtda onlara lazımi enerjini təchiz edən irimiqyaslı enerji infrastrukturu layihələrinin təşəbbüsçüsü və iştirakçısı olan ölkədir. Bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Azərbaycan təbii qazı 16 ölkəyə nəql edir. Onların sayı ilbəil artır.

Malik Həsənov onu da qeyd edib ki, Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevrilib: “Ölkəmizin coğrafi mövqeyi mühüm üstünlüklərimizdəndir. Dövlətimizin başçısı İlham Əliyev coğrafiyanın önəmini daim vurğulayır. Sözügedən çıxışında da bu çağırışı etdi ki, onun üzərinə infrastrukturu əlavə etməsək böyük bir çəkisi olmur. Odur ki, bu gün Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri sayı artmaqda olan ölkələr üçün çox önəmli təchizat marşrutlarını təmin edir. Xəritəyə nəzər salsaq görərik ki, Azərbaycan Avropa və Asiyanın arasında yerləşir. Coğrafi yerləşmə, əlbəttə, gündəlikdən asılı olaraq başağrısı da ola bilər, üstünlük də ola bilər. Bu, təkcə bizim üçün yox, bir çox ölkələr üçün üstünlükdür.  Azərbaycandan keçən dəhlizlər bir çox ölkələr üçün əlaqələndirilmiş və razılaşdırılmış nəqliyyat vətərini yaradır”.

Millət vəkili 2010-cu ildə keçirilən ilk toplantıdan ötən 16 ildə uğurlarımız sırasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini xüsusi vurğulayıb: “44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıq. Şanlı Qələbəmizdən üç il sonra, 2023-cü ilin sentyabr ayında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Cənab İlham Əliyev çıxışında Azərbaycanın bu zəfərlərindən, onların yaratdığı yeni reallıqlardan geniş bəhs edərək bildirdi ki, Ermənistana sülh təklif etdik. İşğaldan və dağıntılardan əziyyət çəkmiş qalib ölkə, qalib xalq olaraq sülh təşəbbüsü ilə çıxış edən tərəf məhz biz olduq. Bu gün isə artıq sülh reallığa çevrilib. Artıq təxminən bir ilə yaxındır ki, biz sülh şəraitində yaşayırıq və bunun müsbət nəticələrini görürük. Ermənistanın işğalçı qüvvələrinin xalqımıza və şəhərlərimizə qarşı törətdiklərini heç vaxt unutmayacağıq. Onların 65 məscidi dağıtmasını, xalqımızın dini hisslərini təhqir etmək məqsədilə məscidlərdə heyvan, o cümlədən donuz saxlamalarını heç vaxt unutmayacağıq. Biz Xocalı soyqırımını da heç vaxt unutmayacağıq. Lakin gələcəyə baxmağı bacarmalıyıq. Biz qisasımızı döyüş meydanında aldıq və bu, kifayətdir. Müharibə dayanmalı idi və onu dayandıran da biz olduq. Güclü tərəf olaraq biz müharibəyə son qoyduq və sülh təklif etdik. Beləliklə, bu gün sülh artıq reallıqdır”.

Malik Həsənov tarixi Zəfərimizin reallıqları əsasında azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən, Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs edib: “Bu gün artıq Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır. Cənab İlham Əliyev çıxışında bu statistik rəqəmləri də diqqətə çatdırdı ki, müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard dollardan artıq vəsait ayrılıb. Bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard dollara yaxındır. Hazırda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir”.

Millət vəkili tədbirdə gələcəyə dair prioritetlərin açıqlandığını da diqqətə çatdırıb: “Bu hədəflər ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıq formatlarının yaradılmasına, yeni körpülərin qurulmasına xidmət edir. Bu prioritetlər sırasında bağlantılar, ərzaq təhlükəsizliyi, bərpaolunan enerji və digər sahələr önə çəkildi.  İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin Azərbaycan haqqında söylədiyi “Bu diyar əsrlər boyu Qədim İpək Yolundan bu günün Orta Dəhlizinə qədər Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirərək coğrafi mövqeyini ortaq imkanlara çevirmişdir. Lakin Azərbaycanın hekayəsi yalnız bağlantılar hekayəsi deyil. Bu, eyni zamanda, dözümlülük və yenilənmə hekayəsidir” fikirləri ölkəmizin böyük inkişaf yolu keçdiyini, hər zaman yeniliyə, təkmilləşməyə önəm verdiyini, əməkdaşlıq əlaqələrinin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi üçün geniş imkanlara malik olduğunu bir daha təsdiqlədi. Tədbir çərçivəsində imzalanan sənədlər Azərbaycan ilə İslam İnkişaf Bankı Qrupu arasında əlaqələrin gələcək inkişafının yol xəritəsi oldu”.