Müstəqillikdən tam suverenliyə: Yeni Azərbaycan Partiyasının şərəfli 34 ili

“Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.”

Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev

Bu fikir – uzaqgörən, müdrik və davamlı siyasətin nəticəsinin təsdiqidir. Həqiqətən də, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insanın birləşməsini hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir.

Lakin bir məqamı da vurğulamaq lazımdır ki, o dövrdə bir çox qüvvələr, xüsusi ilə də xalqın heç bir problemini həll edə bilməyən, sadəcə öz himayədarlarının tapşırıqlarını yerinə yetirən qruplar Yeni Azərbaycan Partiyasının fəaliyyətinə maneə olur, onu nüfuzdan salmağa çalışırdılar. Lakin zaman göstərdi ki, bu partiya dövlətimizin müstəqilliyi, xalqımızın firavanlığı, ərazi bütövlüyümüzün, suveren hüquqlarımızın bərpası üçün böyük mübarizə yolu keçdi və qarşıya qoyulan məqsədlərə doğru adım-addım getdi. Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi və 1 gündən də az davam edən anti-terror əməliyyatı ilə Azərbaycan 30 ilə yaxın edən erməni işğalına son qoymaqla, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, həm Cənubi Qafqazda, həm də dünyada yeni reallıq yaratdı. Prezident İlham Əliyevin dediyi kimi: “Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bizim bir çox hədəflərimiz öz həllini tapıb. Azərbaycan bütün sahələr üzrə inkişaf edir, davamlı iqtisadi, sosial islahatlar keçirilir. Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli şəkildə proqramlar reallaşdırılır. Ölkəmizin hərbi gücün və müdafiə qabiliyyətinin yüksəlməsi üzrə mühüm işlər görülür. Azərbaycanın beynəlxalq nüfuzu gündən- günə artır. Və əlbəttə ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması, tarixi Zəfərimizin beynəlxalq müstəvidə tam və qəti şəkildə təsbit olunması, dövlətimizin hərbi qüdrətinin daha da artırılması, Böyük Qayıdış Proqramının həyata keçirilməsi, regionda dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə, çoxşaxəli əməkdaşlığa nail olunması və digər hədəflər xüsusi əhəmiyyət kəsb edir.

Qeyd etməliyik ki, Təşkilatın VII və VIII qurultayları xüsusi ilə seçilir. VII qurultay Tarixi Zəfərdən (2021-ci il 5 mart), VIII qurultay (2026-cı il, 2 oktyabr) isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirildi. Və onların hər ikisi özünəməxsuluğu ilə fərqlənir. VIII Qurultayda Partiyamızın sədri, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevi öz əhatəli, dolğun nitqi ilə ölkəmizin keçdiyi tarixi dövrü, təşkilatın fəaliyyəti, Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini, yeni tarixi mərhələdə əldə olunan uğurları, eyni zamanda, partiyanın gələcək fəaliyyət istiqamətlərini də müəyyən etdi.

Yeni Azərbaycan Partiyası zamanın yeni çağırışlarına, yaranmış reallıqlara müsbət reaksiya verməyə, uyğun islahatları keçirməyə hər zaman hazırdır. Və hər Qurultayın nəticələrini təhlil etsək, bunu aydın şəkildə görə bilərik. Qarşıya qoyunlan məqsəd və vəzifələr bir daha göstərdi ki, partiyamız cəmiyyətdə baş verən bütün məsələlər adekvat cavab verə bilir. Qadınların siyasi fəaliyyətə cəlb olunması, gender bərabərliyinin təmin olunması, bu sahədə çətinliklərin müəyyən edilməsi və qarşısının alınması istiqamətində görülən işlər təqdirəlayiqdir. Yeni Azərbaycan Partiyası ölkədə, qardaş və dost ölkələrdə baş verən heç bir prosesdən kənarda qalmır. Həm iqtidar-müxalifət dialoquna öz töhfəsini verir, həm də beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər keçirir.

Yeni Azərbaycan Partiyasının Proqramında insan hüquq və azadlıqlarının müdafiəsi, sosial ədalət və insan amili prinsipi təsbit olunmuşdur. Və qeyd etmək lazımdır ki, bu sahədə çox vacib addımlar atılmışdır. Dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Və ölkə başçımız, Partiyamızın sədri İlham Əliyev tərəfindən irəli sürülən bu fikir özündə bir çox istiqamətləri, o cümlədən, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi məsələlərini də ifadə edir. Və bununla bağlı güclü qanunvericilik bazası yaradılmışdır. Davamlı olaraq, təkmilləşdirilir. Burada, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini, onun təşəbbüsü ilə qəbul olunan qanunları, dəstəyi ilə keçirilən layihələri xüsusi ilə qeyd etmək lazımdır.

Seçki hər bir ölkənin demokratik inkişafı üçün vacibdir və bəzi hallarda regional təsirə malikdir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etmişdir. Bütün bunlar onu göstərir ki, xalqımızın YAP-a, onun namizədlərinə inamının, etimadının yüksəkdir.

Bu gün Yeni Azərbaycan Partiyasının 34-cü ildönümünü böyük qürur və fəxarət ilə qeyd edirik! Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Partiya, cəmiyyətimizdə müsbət dəyişikliklərin baş verməsində, dövlətimizin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynayıb. Yeni Azərbaycan Partiyasının fəaliyyəti, həm keçmişin dəyərlərini qorumaq, həm də gələcəyə doğru inamla addımlamaq prinsipləri ilə zənginləşib. Bu gün Ümummilli Lider Heydər Əliyevin ideyaları, Azərbaycan xalqının inkişafı üçün ilham verici bir mənbə olaraq yaşayır və bu dəyərlər əsasında partiyamız daha da güclənir. Qarabağ Zəfəri ilə yaranan yeni reallıqlar fonunda, partiyamız Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha parlaq gələcəyə doğru inamla irəliləyir. Bütün partiya üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edir, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə birgə addımlamağımızı arzu edirəm.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor