Naxçıvan regionun gələcəkdə mühüm enerji dəhlizinə çevriləcək

"Prezident İlham Əliyevin avqust 11-də Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibə, ölkənin regional inkişaf strategiyasında yeni və sistemli bir mərhələnin anonsu kimi dəyərləndirilə bilər. Dövlət başçısının səsləndirdiyi fikirlərin əsas mahiyyəti və şərhi bir neçə mühüm strateji istiqaməti əhatə edir". Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. 

Deputat bildirib ki, ilk növbədə, vahid regional inkişaf konsepsiyası xüsusi vurğulanmalıdır. Prezidentin bəyan etdiyi kimi, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Bu yanaşma, işğaldan azad edilmiş ərazilərin bərpasında sınaqdan çıxmış effektiv müasir idarəetmə və quruculuq modelinin (məsələn, Prezidentin xüsusi nümayəndəlik institutu) Naxçıvanda da tətbiqini sürətləndirir. Muxtar respublikanın statusu qorunmaqla, idarəetmə qaydalarının təkmilləşdirilməsi və kadr islahatları bu üç strateji bölgəni inzibati və iqtisadi nöqteyi-nəzərdən bir-birinə bağlayır. Digər tərəfdən, Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair yeni Baş planının təqdim edilməsi muxtar respublikanın tamamilə müasir infrastruktur standartlarına keçidini təmin edir.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı Naxçıvanın Azərbaycanın əvəzolunmaz nəqliyyat qovşaqlarından birinə çevriləcəyi və beynəlxalq qurumların Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərdiyi də vurğulayıb. Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olması logistik zəncirin tamamlanmaqda olduğunu göstərir. Bu xətt regional kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin işə düşməsi ilə Naxçıvanı blokada rejimindən tamamilə çıxararaq onu Şərq-Qərb tranzit marşrutunun mühüm mərkəzi edəcək. Cənab Prezident Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin də hazır olduğu və Ordubad rayonunda yeni su elektrik stansiyasının tikintisinin nəzərdə tutulduğu bəyan edib. Bu, o deməkdir ki, Azərbaycan təkcə daxili tələbatı ödəmir, həm də Naxçıvan üzərindən Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir. Bu, regionun gələcəkdə mühüm enerji dəhlizinə çevriləcəyinin birbaşa göstəricisidir.

"Prezident İlham Əliyevin Naxçıvana səfəri hərbi təhlükəsizlik və müdafiə qabiliyyətini də nümayiş etdirdi. "Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" tezisi və Naxçıvanda hərbi potensialın, xüsusilə yeni yaradılan komando hərbi hissələrinin davamlı gücləndirilməsi diqqətə çatdırılıb. Bu bəyanat, Ermənistandakı bəzi revanşist qüvvələrə və xarici dairələrə ciddi xəbərdarlıqdır. Naxçıvanın təhlükəsizliyi rəsmi Bakı tərəfindən ən yüksək səviyyədə təmin olunur və istənilən mümkün təhdidin qarşısının dərhal alınacağı mesajı verilir.

"Beləliklə, cənab Prezidentin bu müsahibəsi göstərir ki, Azərbaycan iqtisadi baxımdan tam müstəqildir, güclü siyasi iradəyə malikdir və heç kimdən asılı deyil. Ölkə daxili resursları hesabına həm Qarabağda, həm də Naxçıvanda irimiqyaslı layihələri paralel şəkildə həyata keçirməklə regionda tamamilə yeni geosiyasi və iqtisadi reallıq bərqərar edir" - deyə Samir Vəliyev vurğulayıb.