Nazir büdcədə neftin qiymətindən danışdı

“Büdcə ilə bağlı qaldırılan məsələlərə gəldikdə, birinci qaldırılan məsələ proqnozlaşdırma ilə bağlı olaraq gəlir proqnozlarımıza toxunuldu. Gəlir proqnozlarımıza baxdıqda icra göstəricimiz 102,2 %-dir. Yəni, dövlət büdcəsinin gəliri 2,2 % artıqlaması ilə icra olunub. Qeyri-neft-qaz sektoru üzrə isə 101,6 %-dir. Neft-qaz daxil olmalarının proqnozlaşması bizim müəyyən edəcəyimiz neft qiymətindən asılıdır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ın müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

"Neft qiyməti və ona bağlı olaraq qaz, təbii qaz satışının olan qiyməti bu dünya bazarlarında olan bir əmtəədir, kifayət qədər volatilli əmtəədir və keçən il elə bu məkanda bizim müzakirələrimiz zamanı cari ilin proqnozunu bir çox deputat həmkarlarımız təklif edirdi ki, 65 çoxdur 60 qoyaq, amma indi bugünkü rəqəmləri də görürsünüz. Eyni ilə də keçən il üçün müəyyən edilmiş rəqəm 70 dollar idi və icra göstəricisi də 71 dollar olub. Yəni, bu sırf Azərbaycanın nəzərə aldığı və ya həyata keçirdiyi siyasətin xüsusiyyəti ilə bağlıdır”, - o vurğulayıb.

Onun sözlərinə görə, neft qiymətlərinin cari il üçün 65 dollar götürülüb: “Bunu konservativ yanaşma hesab edirik. Düşünürük ki, neftin qiyməti daha artıq ola bilər və əlbəttə ki, o vəsaitləri istifadə etməyə də çalışa bilərik, amma eyni zamanda konservativ yanaşma ilə real büdcə ehtiyaclarına uyğun şəkildə rəqəmləri müəyyən edib, əlavə gəlirlərin neft fonduna toplanması, neft fondunda o vəsaitlərin toplanması üçün tədbirlər də görə bilərik. Əlbəttə, Azərbaycan dayanıqlı, sağlam və konservativ yanaşma ilə neft qiymətləri proqnozlaşmasını həyata keçirir. Qeyri-neft sektoru üzrə proqnozlaşmamız isə tədiyə növündən asılı olaraq müxtəlif qaydalar çərçivəsində, müxtəlif makroiqtisadi modellər çərçivəsində həyata keçirilir”.