Məşhur amerikalı müğənni Dolli Parton pərəstişkarlarına illər sonra üzə çıxacaq xüsusi bir musiqi mirası qoyub.
Sabahinfo.az-ın xəbərinə görə, müğənninin 2015-ci ildə yazdırdığı gizli mahnı yalnız 2045-ci ildə yayımlanacaq.
Parton 2015-ci ildə ABŞ-nin Tennessi ştatının Pidcen-Forc şəhərində yerləşən Dollywood’s DreamMore Resort”da “Tarixdə mənim yerim” adlı mahnı yazdırıb. O, mahnını şabalıd ağacından hazırlanmış xüsusi qutuya yerləşdirərək “Xəyal qutusu” adlandırıb.
Sənətçinin göstərişinə əsasən, qutu 19 yanvar 2045-ci ilədək açılmamalıdır. Qutunun içərisində mahnının yazıldığı CD ilə yanaşı, həmin dövrdə istifadə olunan cihazların dəyişə biləcəyini nəzərə alaraq CD-nin necə səsləndiriləcəyinə dair təlimatın da olduğu bildirilir.
Məlumata görə, Parton mahnını gələcək nəsillər üçün yazıb və burada gələcəyə dair ümid və arzularını bölüşüb.
O, 2021-ci ildə “Kelli Klarkson Şousu” proqramında mahnı haqqında danışarkən onun 99 yaşına çatana qədər heç kimin eşitməyəcəyini deyib. Parton həmin vaxt mahnının yayımlandığı gün özü də orada ola biləcəyinə ümid etdiyini bildirib.
2023-cü ildə isə “Tunayt Şou” verilişində Cimmi Fellonla söhbəti zamanı Parton mahnını qutuya qoyub kilidləməyin onun üçün çətin olduğunu etiraf edib. Sənətçi mahnının çox uğurlu olacağına inandığını və onu indidən dinləyicilərlə bölüşmək istədiyini söyləyib.
Parton bununla belə, 2045-ci ildə mahnının üzə çıxacağı günü səbirsizliklə gözləyən pərəstişkarlarına müraciət edərək həmin vaxt hələ həyatda olanların mahnıdan zövq alacağına ümid etdiyini bildirib.
Partonun ailəsi sənətçinin 28 avqustda keçirilən özəl dəfn mərasimindən sonra Tennessi ştatının Neşvil şəhərindəki Vudlon Xatirə Parkı və Mavzoleyində dəfn edildiyini açıqlayıb.
Müğənni 2025-ci ilin martında vəfat edən 60 illik həyat yoldaşı Karl Dinlə yanaşı dəfn olunub.