Qalib Azərbaycan Ordusu milli qürur mənbəyimizdir

Heydər Əsədov

Milli Məclisin deputatı

Hər il 26 iyun tarixində qeyd olunan Silahlı Qüvvələr Günü müasir dövlətçilik tariximizin ən əlamətdar günlərindən biridir. Bu tarix yalnız peşə bayramı deyil, həm də milli dövlətçilik ənənələrinin, müstəqilliyin qorunmasının, xalqla ordunun birliyinin və Vətənə sədaqətin təntənəsidir. Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolu təsdiqləyir ki, güclü dövlətin əsas dayaqlarından biri güclü və peşəkar ordudur.

Milli ordu quruculuğunun təməli Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə respublikaya rəhbərliyə başladıqdan sonra Ulu Öndər gələcəkdə milli hərbi kadrların hazırlanmasının vacibliyini uzaqgörənliklə dəyərləndirdi. Məhz Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Bu təhsil ocağı sonrakı illərdə minlərlə peşəkar zabitin yetişməsinə, milli hərbi kadr potensialının formalaşmasına mühüm töhfə verdi. Ümummilli Liderin həyata keçirdiyi siyasət nəticəsində azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil alması üçün geniş imkanlar yaradıldı. Bu amil gələcəkdə müstəqil dövlətin Silahlı Qüvvələrinin əsas kadr bazasının formalaşmasında mühüm rol oynadı.

Müstəqilliyin ilk illərində dövlətçiliyimiz ciddi təhlükələrlə üzləşmişdi. Hakimiyyət uğrunda mübarizə, siyasi böhran, nizami ordunun olmaması və torpaqlarımızın işğalı vəziyyəti daha da ağırlaşdırırdı. Ayrı-ayrı silahlı dəstələrin fəaliyyət göstərdiyi həmin dövrdə vahid komandanlıq və mərkəzləşdirilmiş idarəetmə mövcud deyildi. Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddət ərzində dövlətçiliyin xilası ilə yanaşı, nizami ordu quruculuğu prosesinə də başladı.

1994-cü il mayın 12-da əldə olunan atəşkəsdən sonra Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində geniş islahatlar həyata keçirildi. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması, döyüş ruhunun yüksəldilməsi və hərbi təhsil sisteminin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

1998-ci il mayın 22-də imzalanan Fərmana əsasən, Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun Silahlı Qüvvələr Günü elan edildi. Bununla da həmin tarix rəsmi dövlət bayramı statusu aldı və hər il böyük qürur hissi ilə qeyd olunmağa başladı. 1999-cu ildə Hərbi Akademiyanın yaradılması, 2001-ci ildə isə hərbi təhsil müəssisələrinin yenidən təşkili milli hərbi təhsil sisteminin inkişafında yeni mərhələ yaratdı. Bu addımlar peşəkar zabit korpusunun formalaşdırılmasına və Silahlı Qüvvələrin kadr potensialının gücləndirilməsinə xidmət edirdi.

Ordu quruculuğu prosesində beynəlxalq əməkdaşlıq da mühüm rol oynadı. Azərbaycanın NATO ilə əməkdaşlığı Silahlı Qüvvələrin müasir standartlara uyğunlaşdırılmasına, idarəetmə sisteminin təkmilləşdirilməsinə və hərbçilərin beynəlxalq təcrübə qazanmasına şərait yaratdı. Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyalarda iştirakı onların peşəkarlığının yüksəlməsinə mühüm töhfə verdi.

2003-cü ildən başlayaraq Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müdafiə sahəsinə ayrılan vəsaitin davamlı şəkildə artırılması, ən müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin yaradılması, hərbi hissələrin infrastrukturunun yenilənməsi və hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. Bu siyasətin mühüm istiqamətlərindən biri də milli hərbi sənayenin inkişafı oldu. Hazırda ölkədə minlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir. Yerli istehsal hesabına ordunun təminat imkanları genişlənib, müdafiə potensialı əhəmiyyətli dərəcədə artıb.

2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun artan qüdrətini bütün dünyaya nümayiş etdirdi. Dördgünlük döyüşlər zamanı əldə olunan uğurlar təsdiqləyir ki, Silahlı Qüvvələr istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. 2018-ci ildə Günnüt əməliyyatı isə ordumuzun növbəti uğuru kimi tarixə yazıldı. Bütün bu hazırlıq və məqsədyönlü siyasət 2020-ci ildə Vətən müharibəsində öz parlaq nəticəsini verdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan əraziləri azad etdi. Döyüş meydanında qazanılan şanlı Qələbə tarixi ədalətin bərpasını təmin etdi və xalqımızın milli qürur mənbəyinə çevrildi. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi vətənpərvərlik, fədakarlıq və qəhrəmanlıq hərb tariximizin ən şanlı səhifələrindən biridir. Döyüşlər zamanı bir nəfər belə fərarinin olmaması xalqla ordunun sarsılmaz birliyinin və yüksək mənəvi ruhun göstəricisi idi.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyi tam təmin olunub. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat bir daha Azərbaycan Ordusunun yüksək peşəkarlığını, müasir döyüş hazırlığını və texnoloji üstünlüyünü nümayiş etdirib. Prezident, Ali Baş Komandan İlham Əliyev qeyd edib: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.

Postmüharibə dövründə ordunun inkişafı yeni mərhələyə daxil olub. Komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin sayının artırılması, Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında aparılan islahatlar, Milli Müdafiə Universitetinin təsis olunması və hərbi təhsil sisteminin təkmilləşdirilməsi Silahlı Qüvvələrin gələcək inkişafına xidmət edir. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı da bu prosesdə mühüm yer tutur. Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında hərbi-siyasi əməkdaşlığı daha da gücləndirib, müdafiə sənayesi, hərbi təhsil və birgə təlimlər sahəsində yeni imkanlar yaradıb. Bununla yanaşı, Pakistan, İsrail və digər tərəfdaş dövlətlərlə hərbi əməkdaşlıq əlaqələri Silahlı Qüvvələrin modernləşdirilməsinə, yeni texnologiyaların mənimsənilməsinə və müdafiə potensialının artırılmasına mühüm töhfə verir.

Bu gün Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malik, müasir texnologiyalarla təchiz olunmuş, peşəkar və vətənpərvər hərbçilərdən ibarət qüdrətli bir gücdür. Dövlət tərəfindən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, maaşların artırılması, mənzil təminatı və digər sosial layihələrin həyata keçirilməsi də bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, müharibə veteranlarını, qazilərimizi və ehtiyatda olan hərbçilərimizi təbrik edir, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Bu gün hər birimiz qürur hissi ilə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu müstəqilliyin, təhlükəsizliyin və dövlətçiliyin ən möhkəm təminatçısına çevrilmişdir.