Şəhidlərimizin əziz xatirəsi
xalqımızın qəlbində əbədi yaşayacaq”.
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyev
Mil-Muğan Regional Mədəniyyət Şöbəsi Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Əbədiyaşar şəhidlərimiz” silsiləsi çərçivəsində 44 Vətən müharibəsinin 24-cü günündə şəhidlik zirvəsinə uçalan və əbədiyyətə qovuşan Fuad Məmmədovun həyatına, qısa ömrünə və döyüş yoluna həsr olunmuş videoçarx hazırladı.
Videoçarx Ulu Öndər Hedər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Məhriban Əliyevanın şəhidlər və onların əbədi xatirəsi haqqında sitatlarla başlayır.
Daha sonra izləyiçilərə şəhid Fuad Məmmədov haqqında qısa məlumatlar verilir. Qeyd olunur ki, Fuad Valeryeviç Məmmədov 1998-ci il avqustun 01-də Bakıda, hərbi dənizçi – ehtiyatda olan dəniz zabiti ailəsində dünyaya gəlmişdir.
Kim bilirdi ki, bu şirin və şıltaq körpənin taleyinə şəhidlik səhifəsi yazılıb. 22 il 2 ay 20 gündən sonra doğma Vətəninin torpaqlarını düşmən taptağından azad edərkən Fuad şəhidlik zirvəsinə ucaldı.
Fuad əbədiyyətə qovuşandan sonra Azərbaycanın Xalq artisti Emin Ağalarov onun valideynlərinə müraciət edərkən xatırlayırdı: “O, həqiqətən işiqlı və müsbət bir insan, son dərəcə çalışqan bir şəxs idi və tezliklə bizim böyük, mehriban komandamızın bir hissəsinə çevrildi. O, təşəbbüskar, əltutan və etibarlı insan idi. Onun xatirəsi daim əziz tutulacaq! Fuad əsl qəhrəmandır”.
Fuadın qəhrəmanlıq yolu Füzuli və Cəbrayıldan keçdi. O, üç həftə yarım ərzində döyüş əməliyyatlarında iştirak etdi.
Əsgər Fuad Məmmədov son döyüşünü Xocavənd yaxınlığında xüsusi təyinatlı bölmənin tərkibində apardı. Bura ağır və qanlı döyüşlərin getdiyi əsas döyüş istiqamətlərindən biri idi. Xocavənddə qəhrəmancasına şəhid olan Fuadın həyat yolu başa çatdı. O, Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlər zamanı snayper atəşi nəticəsində 21 oktyabr 2020-ci ildə Xocavənd istiqamətindəki qanlı döyüşdə qəhrəman olaraq şəhidlik zirvəsinə ucaldı.
İzləyicilərə Fuad Məmməduvun təltifləri təqdim edilir.
Şəhidimiz Fuad Məmmədovun məzarı Bakının Zığ qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığının Şəhidlər Xiyabanındadır.
Fuadın şəxsi əşyaları Azərbaycan Mülki Aviasiya Muzeyində saxlanılır. İzləyicilərə şəhid Fuad Məmmədov haqqında qısa videomateriallar və fraqmentlər təqdim edilir.
Videoçarx Nigar Camalın və əməkdar artist Aygün Bəylərin ifasında “Şəhidlər”, habelə Ülkər Əliyevanın ifasında “Zəfər bayramı” mahnıları ilə müşaiyət olunur.
Videoçarxın ideya müəllifi “Vışka” qəzetinin baş redaktoru, əməkdar jurnalist Mədinə Həsənova, tərtibçilər Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova və Ucar rayon MKS-inin direktoru Bəsirə Abbasovadır. Videoçarxı hazırladı Sevda İsmayılova, redaktor Aynur Əliyevadır.
Videoçarx Ucar rayon MKS-inin YouTube kanalında yerləşdirilib.