Qubada müşavirə 

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Qeyd edib ki, qurultay partiyanın keçdiyi inkişaf yolunun, həyata keçirdiyi çoxşaxəli fəaliyyətin və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təşkilat sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycan bu gün regionun aparıcı dövlətlərindən biri kimi öz mövqelərini daha da möhkəmləndirib, ölkənin sosial-iqtisadi inkişafı, siyasi sabitliyi və beynəlxalq nüfuzu davamlı şəkildə yüksəlib. VIII Qurultayda qarşıya qoyulan yeni hədəflər isə YAP-ın ölkənin ictimai-siyasi həyatında fəal rolunun daha da gücləndirilməsi baxımından mühüm istiqamətlər müəyyənləşdirib.

Fidan Hüseynova bildirib ki, YAP Quba rayon təşkilatı qurultaydan irəli gələn vəzifələrin yerli səviyyədə ardıcıl və səmərəli şəkildə həyata keçirilməsi istiqamətində fəaliyyətini bundan sonra da məqsədyönlü şəkildə davam etdirəcək. Partiya üzvlərinin ictimai fəallığının artırılması, əhali ilə əlaqələrin daha da möhkəmləndirilməsi, gənclərlə işin gücləndirilməsi və yeni təşəbbüslərin dəstəklənməsi qarşıda duran əsas vəzifələr sırasında qeyd olunub.

Daha sonra Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə çıxış edərək YAP-ın VIII Qurultayının siyasi əhəmiyyətindən danışıb. Deputat bildirib ki, qurultay Yeni Azərbaycan Partiyasının yeni mərhələdə fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıya qoyulan məqsəd və vəzifələrin dəqiqləşdirilməsi baxımından mühüm siyasi platforma olub.

Əlibala Məhərrəmzadə qeyd edib ki, YAP Azərbaycanın ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi ölkənin inkişaf proseslərində fəal iştirak edir. Qurultayda səsləndirilən fikirlər və qəbul edilən qərarlar partiyanın bütün strukturları qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu baxımdan yerli təşkilatların fəaliyyətinin daha da gücləndirilməsi, vətəndaşlarla səmərəli kommunikasiyanın qurulması, partiya üzvlərinin fəallığının artırılması və gənclərin ictimai-siyasi proseslərə daha geniş cəlb olunması xüsusi əhəmiyyət daşıyır.

Çıxış edən qurultay nümayəndələri Rəsul Bayramov, şəhid anası Tünzalə Abduləlimova, Hüseynağa Baxışov və İldırım Məmmədov da VIII Qurultayın əhəmiyyətindən bəhs ediblər. Natiqlər qurultayın YAP-ın qarşıdakı fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olduğunu vurğulayıb, qəbul olunan qərarların partiyanın yerli təşkilatları qarşısında mühüm vəzifələr qoyduğunu bildiriblər.

Çıxışlarda YAP Quba rayon təşkilatının qarşıdakı dövrdə fəaliyyətinin daha da gücləndirilməsi, partiya üzvlərinin fəallığının artırılması, əhali ilə əlaqələrin möhkəmləndirilməsi, gənclərin partiya sıralarında və ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.

Müşavirədə VIII Qurultayda qəbul olunan qərarlardan irəli gələn vəzifələrin icrası, qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və rayon təşkilatının qarşısında duran prioritet məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.