Real əsaslara söykənən siyasi qətiyyət

Bir neçə gün öncə ABŞ Prezidenti tərəfindən öz xətti ilə yazılaraq Azərbaycan dövlət başçısına ünvanlanmış səmimi müraciəti yayıldı. Aydındır ki, bu sadəcə diplomatik etiket deyil, çünki, Tramp siyasi karyerası boyu yalnız qətiyyətli, öz milli maraqlarını qoruyan və real nəticə göstərən liderlərə xüsusi rəğbət bəslədiyini gizlətməyib. Yəni dünyanın ərazicə ikinci böyük dövlətinin – Kanadanın rəhbərinə qubernator deməkdən çəkinməyən ABŞ Prezidentinin cənab İlham Əliyev barədə müsbət qeydləri yalnız müstəqil iradə sahibi olan güclü dövlət rəhbəri faktoruna əsaslanır. Tramp haqlı olaraq cənab İlham Əliyevə mürəkkəb bir regionda geosiyasi balansları ustalıqla idarə edən, qlobal arenada diktə edə bilən, sarsılmaz iradəyə malik bir strateq kimi baxır.

Bilirsiz ki, cənab Trampın America First doktrinası digər dövlətlərin də müstəqil siyasət yürütməsinə hörmətlə yanaşmanı təmin edir. Bu qiymətləndirmə də göstərir ki, Tramp üçün cənab İlham Əliyev böyük güclərin toqquşma nöqtəsində tamamilə müstəqil, yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edən, "böyük oyunçuların iradəsinə qarşı öz oyununu quran" dahi bir dövlət xadimidir. 

Sirr deyil ki, Trampın yanaşması həmişə "böyük sövdələşmələr" və real iqtisadi-strateji faydalar üzərində qurulub. Bu mənada ABŞ Prezidentinin jesti həm də əslində Azərbaycanın Avropanın enerji və ticarət xəritəsini dəyişdirən layihələri fonunda cənab İlham Əliyevi regionda yeni reallıqlar və iqtisadi inteqrasiya imkanları yaradan "böyük güc" kimi tanınmasının rəsmi etirafıdır.

Həqiqətən də, yalnız son 1 həftənin icmalına baxmaq bir daha başa düşmək üçün kifayətdir ki, Azərbaycan tarixin heç bir dövründə bu qədər müstəqil, bu qədər suveren və bu qədər güclü olmayıb.

Bakı enerji həftəsinin açılışında möhtərəm Prezidentin tarixi çıxışına diqqət edin, bütövlükdə regionun tarixində heç bir ölkənin başçısı, heç bir xalqın lideri bu qədər ötkəm danışa bilməyib.

Mən ötkəmlik deyəndə pafos və populizmdən uzaq, milli iradəyə söykənən, real müstəqillikdən və suverenlikdən güc alan, real əsaslara söykənən siyasi qətiyyəti nəzərdə tuturam.

Çünki sadəcə pafosa qalsa xalqımız Bakıda Prezident aparatının pəncərəsindən baxmağa belə qorxan bir hakimiyyətin, cəmi 1-cə aya ən güclü ordu quracağını deyib yun fabrikinin direktoru qarşısında aciz qalan bir prezidentin, Çinə, Təbrizə bayraq sancmaq vəd edib ərazilərimizin 20 faizindən çoxunu 3 rəngli bayrağımıza həsrət qoyan bir iqtidarın vədlərinə şahidlik edib. Ona görə də Azərbaycan xalqı reallığı saxta vədlərdən ayırmağı bacarır.

Nə qədər paradoksal görünsə də güc və imkanlarımızın artmasının bir indikatoru da Qərbin antiAzərbaycan mərkəzləridir. Son günlər Avrostrukturlarda Bakı əleyhinə fəaliyyətlər, o cümlədən özünü beynəlxlaq ekspert kimi təqdim edən, əslində isə çoxdan arxivə atılmış adamların “insan hüquqları” pərdəsi altında fəallaşması, o cümlədən AXC-Müsavat ünsürlərinin aktivləşmə cəhdləri bir daha göstərir ki, doğru yoldayıq. Amma özünüz baxın, cənab İlham Əliyevi regionun taleyini dəyişən, böyük masalarda öz şərtlərini qəbul etdirən və müasir tarixin gedişatına yön verən qüdrətli bir dövlət rəhbəri kimi qəbul edən Trampın sözü qarşısında bu bitmiş muzdluların sözü nə qədər əhəmiyyətlidir?

Bəhruz Məhərrəmov 

Milli Məclisin deputatı