Bu gün həftəsonu olmasına baxmayaraq, seçicilərimizlə növbəti görüşlərimizi keçirdik, rayonumuzun müxtəlif yaşayış məntəqələrində vətəndaşlarımızla bir araya gəldik, onların müraciət və təkliflərini dinlədik.
Günün ən yaddaqalan hadisələrindən biri isə Pənsər kəndində yeni özəl klinikanın açılış mərasimində iştirak etməyimiz oldu. Tarixən rayonumuzun mühüm yaşayış məntəqələrindən biri hesab edilən, coğrafi baxımdan da mərkəzi mövqedə yerləşən Pənsər kəndində fəaliyyətə başlayan bu tibb müəssisəsi rayonumuzda açılan ilk özəl klinika kimi xüsusi əhəmiyyət daşıyır.
Açılış zamanı qeyd etdik ki, regionlarda bu cür müasir səhiyyə müəssisələrinin yaradılması ölkəmizdə son illər həyata keçirilən uğurlu səhiyyə siyasətinin və möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların mühüm nəticələrindən biridir. Sevindirici haldır ki, kənd mərkəzində yaradılan bu klinikada ginekologiya, kardiologiya və digər ixtisaslar üzrə müayinə və müalicələrin təşkili üçün zəruri şərait formalaşdırılır, əhalinin keyfiyyətli tibbi xidmətə çıxış imkanları daha da genişlənir.
Mərasimdə rayon ağsaqqalları ilə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun dəyərli anası Vahimə xanımın iştirakı da xüsusi mənəvi əhəmiyyət daşıyırdı. Vahimə xanım çıxışında bildirdi ki, belə bir tibb mərkəzinin məhz kənd əhalisinin istifadəsinə verilməsi, xüsusilə yaşlı insanların və ucqar ərazilərdə yaşayan vətəndaşların rahat şəkildə tibbi xidmət ala bilməsi böyük sevinc və qürur mənbəyidir. O, bu şəraitin yaradılmasına görə Azərbaycan xalqına, sahibkarlara və ölkə rəhbərliyinə öz dərin minnətdarlığını ifadə etdi.
Bir həkim, səhiyyə işçisi və millət vəkili olaraq belə təşəbbüslərin şahidi olmaq mənə xüsusi məmnunluq verir. İnsanlarımızın sağlamlığına xidmət edən hər bir layihə ölkəmizin inkişafına, vətəndaşlarımızın rifahına verilən mühüm töhfədir.
Günün davamında vətəndaşlarımızla həm kütləvi, həm də fərdi görüşlər keçirdik, onları narahat edən məsələləri dinlədik, bir sıra müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlarla əlaqələndirmələr apardıq.
Eyni zamanda, yas mərasimində iştirak edərək əzizlərini itirmiş ailələrə dərin hüznlə başsağlığı verdik, onların kədərini bölüşdük.
Allah bütün vətəndaşlarımıza sağlam, mənalı və bərəkətli ömür nəsib etsin. Hər zaman olduğu kimi, sevincinizdə də, kədərinizdə də yanınızda olmaq mənim üçün böyük məsuliyyət və şərəfdir.
Hər birinizi sevir, sizlərə möhkəm cansağlığı, əmin-amanlıq və firavan günlər arzulayıram.
Rəşad Mahmudov
Milli Məclisin deputatı