Şagird davranışında ailə mühitinin rolu

Məktəb mühiti yalnız akademik biliklərin ötürüldüyü yer deyil, həm də uşaqların sosial davranışlarının formalaşdığı əsas platformalardan biridir. Müəllimlər və valideynlər tez-tez şagirdlərdə aqressiv davranışların artdığını müşahidə edir və bu halın səbəblərini anlamağa çalışırlar. Əslində isə bu davranışların kökü çox vaxt məktəbdən kənarda — ailə mühitində formalaşır.

Uşaqlar ilk sosial davranış nümunələrini ailədə öyrənirlər. Valideynlərin bir-biri ilə və ya övladları ilə münasibətləri, istifadə etdikləri ünsiyyət forması, problemləri necə həll etdikləri uşağın psixoloji inkişafına birbaşa təsir edir. Əgər ailədə tez-tez münaqişə, sərt münasibət və ya fiziki və psixoloji təzyiq halları müşahidə olunursa, uşaq bunu normal davranış kimi qəbul edir və sosial mühitdə, xüsusilə məktəbdə eyni davranışları təkrarlayır.

Aqressiv davranış yalnız fiziki zorakılıqla məhdudlaşmır. Bu, həmçinin kobud danışıq, hörmətsizlik, empatiyanın zəifliyi və başqalarının hisslərinə qarşı laqeydlik kimi formalarda da özünü göstərə bilər. Belə şagirdlər çox vaxt diqqət çəkməyə çalışır, lakin bunu düzgün üsullarla ifadə edə bilmirlər.

Məktəbdə müəllimlərin rolu bu məqamda xüsusilə vacibdir. Onlar yalnız dərs keçən deyil, eyni zamanda tərbiyəvi rol oynayan şəxslərdir. Aqressiv davranış nümayiş etdirən şagirdlərə cəza verməkdən çox, onların davranışlarının səbəblərini anlamaq və düzgün yönləndirmək daha effektiv yanaşma hesab olunur. Psixoloq dəstəyi, fərdi söhbətlər və müsbət davranış modellərinin təşviqi bu istiqamətdə mühüm addımlardır.

Valideynlər də bu prosesdə məsuliyyət daşıyırlar. Uşaqlarla sağlam ünsiyyət qurmaq, onları dinləmək, hisslərini ifadə etmələrinə imkan yaratmaq və münaqişələri sülh yolu ilə həll etməyi öyrətmək ailədə aqressiyanın qarşısını almağın əsas yollarındandır.

Nəticə olaraq demək olar ki, şagirdlərin aqressiv davranışları çox vaxt dərin sosial və ailə səbəblərinə bağlıdır. Problemin yalnız nəticəsi ilə deyil, kökü ilə məşğul olmaq — həm ailə, həm də məktəb tərəfindən birgə yanaşma tələb edir. Sağlam və anlayışlı mühitdə böyüyən uşaqlar isə daha balanslı və sosial cəhətdən uyğun davranışlar sərgiləyirlər.

V çagırış millət vəkili

Dilarə Cəbrayılova