Sahibə Qafarova Uqanda Respublikasının Vitse-prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində avqustun 31-də Uqanda Respublikasının Vitse-prezidenti xanım Cessika Alupo ilə görüşüb.

Görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti nəzərdən keçirilib. Söhbət zamanı BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıqdan və birgə fəaliyyətdən məmnunluq ifadə olunub. Bildirilib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi uğurla başa vuraraq onu Uqandaya təhvil verib. Qoşulamama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən Milli Məclisin sədri, Azərbaycanın bu təşkilata 4 illik sədrliyi dövründə gördüyü işlər, Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, o cümlədən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması və onun fəaliyyəti, ölkəmizin sədrliyi dövründə əldə edilmiş nailiyyətlər barədə fikirlərini bölüşüb.