Şərq ilə Qərb arasında yerləşən Cənubi Qafqaz regionu

Şərq ilə Qərb arasında yerləşən Cənubi Qafqaz regionu bir sıra dövlətlərin sərhədi kimi tarix boyu müxtəlif xalqların birgə yaşadığı yer olmuşdur. Bu region, xüsusilə,  Avropa ilə əməkdaşlıq baxımından Asiya qitəsində mühüm geosiyasi mövqeyə sahibdir. Lakin, regionda son 30 ildə baş verən geosiyasi hadisələr burada yaşayan xalqların təhlükəsizlik və əmin-amanlığına təsir edərək davamlı sosial-iqtisadi inkişafa mane oldu.

İkinci Qarabağ-Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfər regionda yeni reallıq yaratdı, Avropa dövlətləri ilə münasibətlərin əsaslı inkişafının müzakirəsi üçün yeni zəmin formalaşdı. 

Cari il həm Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştan, həm də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycana səfərləri çərçivəsində çıxışları zamanı ölkəmizin qarşılıqlı dialoqa və sıx əməkdaşlığa hər zaman böyük əhəmiyyət verdiyini vurğulayıblar. 

Azərbaycanın Avropa İttifaqı ilə strateji əməkdaşlığı çərçivəsində sıx münasibətlərinin mövcud olduğu dövlətlərdən biri də, Avropa İttifaqına üzv olan ölkələr arasında lider sayılan Almaniya Federativ Respublikasıdır. 

Belə ki, iki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur. Bu gün Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq, iqtisadi və humanitar sahələrdə geniş əməkdaşlıq uğurla həyata keçirilir. Keçən müddət ərzində iki ölkə arasında 70-dən çox sənəd imzalanmışdır, həmçinin ticari dövriyyənin artması məqsədi ilə 2011-ci il tarixində Ticarət və investisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupu təsis edilmişdir. 

Görülən işlərin məntiqi davamı olaraq 21 iyul 2026-cı il tarixində Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki dost ölkə arasında strateji dialoqun başlanmasının əsasını qoydu. 

Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında özündə iki bəndi ehtiva edən İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamənin imzalanması yalnız ikitərəfli münasibətlərə yox, bütövlükdə Cənubi Qafqazda qarşılıqlı dialoqa və davamlı sülhə nail olunmasına töhfə oldu. 

Həmin Bəyannamədə siyasi və diplomatik, iqtisadi və ticarət, təhlükəsizlik və müdafiə, eyni zamanda mədəniyyət, təhsil, dil, elm, texnologiya və innovasiya kimi sahələrin əhatə olunması onu göstərir ki, Almaniya ilə tərəfdaşlığımız ənənəvi sahələrlə yanaşı, müasir dövrün çağırışlarına yönəlmiş bir sıra yeni istiqamətləri də əhatə edə bilər.

Prezident İlham Əliyevin çıxışı zamanı söylədiyi fikirlər də Azərbaycanın dünyamızın yenidən formalaşan siyasi arxitekturasında regionun inteqrasiyası üçün Avropa İttifaqı, o cümlədən Almaniya ilə nə dərəcədə fəal əməkdaşlıq etdiyini bir daha sübut etdi. Ölkə başçısının “Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir” sözləri müsbət dinamika ilə inkişaf edən münasibətlərin bariz nümunəsidir. 

Təsadüfi deyil ki, bu gün ölkəmizdə fəaliyyət göstərən Almaniya şirkətlərinin sayı artıq 200-dən çoxdur. Qarşılıqlı investisiya məsələlərinin müzakirəsinin isə gündəmdə olması bu statistikanın artacağını deməyə əsas verir. 

Xüsusilə, enerji təhlükəsizliyi sahəsində genişlənən əməkdaşlığımız, yeni yaradılacaq bağlantılar və tranzit imkanlarının nəzərdən keçirilməsi Azərbaycanın Avropa regionu üçün əhəmiyyətini bir daha ortaya qoyur. 

Beləliklə, yeni dünya düzənində təhlükəsizlik və inkişaf dəhlizlərinin mərkəzinə çevrilən Azərbaycanın  Almaniya ilə tərəfdaşlığı həm ölkəmizin milli maraqlarına cavab verir, həm də bütövlükdə Cənubi Qafqazda mövcud aktual məsələlərin həlli istiqamətində etibarlı zəmin yaradır.  

Məzahir Əfəndiyev

  Azərbaycan Respublikası

Milli Məclisinin deputatı