Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev'in 26 may 2026 cı il təsdiq etdiyi Sərəncamı ilə qəbul edilən yeni Dövlət Proqramı ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, vətəndaşların müxtəlif xidmətlərə çıxış imkanlarının artırılması və müasir mexanizmlərin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Proqramda diqqət çəkən istiqamətlərdən biri də könüllü sığorta mexanizmlərinin, o cümlədən könüllü tibbi sığortanın inkişafının təşviq edilməsidir. Hesab edirəm ki, bu yanaşma təkcə sığorta sektorunun deyil, bütövlükdə səhiyyə sisteminin inkişafına, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və vətəndaşların daha geniş seçim imkanları əldə etməsinə xidmət edəcək strateji addımlardan biridir. Məhz bu baxımdan könüllü tibbi sığortanın səhiyyənin gələcəyi üçün nə ifadə etdiyini və onun yaradacağı imkanları ictimaiyyətlə bölüşmək istədim. Bu mövzuya yanaşarkən çox vacib bir məqamı başdan vurğulamaq lazımdır: söhbət İcbari Tibbi Sığortanın alternativindən deyil, onun üzərində qurulan və sistemi daha da gücləndirən Könüllü Tibbi Sığorta mexanizminin inkişafından gedir.
Azərbaycan səhiyyəsində son illərin ən böyük islahatlarından biri heç şübhəsiz İcbari Tibbi Sığorta sisteminin qurulması oldu. Bu sistem nəticəsində milyonlarla vətəndaş ilk dəfə olaraq dövlət tərəfindən maliyyələşdirilən tibbi xidmətlərə daha sistemli və bərabər çıxış imkanı əldə etdi. Bu yolla yüzminlərlə insana son üç il ərzində qiyməti beşmindən əllimin ABŞ dollarına ekvivalent, xəstə üçün çox yüksək vəsait tələb edən yüksək texnologiyalı mürəkkəb əməliyyatlara və hətta transplantasiyaya belə əlçatanlıq təmin edildi. Bu gün artıq cəmiyyətimizdə hər kəs anlayır ki, İcbari Tibbi Sığorta sosial dövlət prinsipinin mühüm elementlərindən biridir və onun əsas missiyası vətəndaşın minimum zəruri tibbi xidmətlərə çıxışını təmin etməkdir.
Lakin dünyanın inkişaf etmiş səhiyyə sistemlərinə nəzər saldıqda görürük ki, heç bir ölkədə səhiyyə yalnız baza sığorta mexanizmi üzərində qurulmur. Almaniyada, Fransada, Niderlandda, İsveçrədə, Türkiyədə və Rusiyada icbari sığorta ilə yanaşı könüllü tibbi sığorta sistemləri də fəaliyyət göstərir. Bu modellərdə dövlət baza xidmətləri təmin edir, könüllü sığorta isə vətəndaşa əlavə seçim, daha geniş xidmət paketi və daha yüksək komfort imkanları yaradır.
Məhz bu baxımdan Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə Dövlət Proqramında könüllü tibbi sığortanın inkişafına xüsusi diqqət ayrılması olduqca əhəmiyyətli addımdır. Bu istiqamətin inkişafı həm vətəndaşların seçim imkanlarını artıracaq, həm özəl səhiyyə sektorunun inkişafını sürətləndirəcək, həm də ümumi səhiyyə sistemində sağlam rəqabət mühiti formalaşdıracaq.
Bu gün reallıq ondan ibarətdir ki, bir çox yüksək texnologiyalı tibbi xidmətlərin maya dəyəri, avadanlıq xərcləri və insan resursları ilə bağlı tələblər mövcuddur. Dövlət sistemi və dövlət xəstəxanaları nə qədər inkişaf etsə də, dünyanın heç bir ölkəsində bütün xidmətlərin ən yüksək səviyyədə və məhdudiyyətsiz şəkildə yalnız dövlət vəsaiti hesabına göstərilməsi mümkün olmur. Buna görə də inkişaf etmiş ölkələrdə dövlət sistemi ilə yanaşı özəl tibbi sığorta və özəl səhiyyə sektoru da paralel inkişaf etdirilir.
Könüllü tibbi sığortanın genişlənməsi vətəndaşın daha keyfiyyətli xidmətə çıxış imkanlarını artırır. Bu, baza xidmətlərin ləğvi deyil. Əksinə, hər kəs üçün təmin edilən baza xidmətlərin üzərinə əlavə seçim imkanlarının yaradılmasıdır. Dünyanın bütün inkişaf etmiş ölkələrində insanlar daha yüksək təminat paketləri əldə etmək, daha geniş seçim imkanlarına sahib olmaq və əlavə tibbi xidmətlərdən yararlanmaq üçün könüllü sığorta mexanizmlərindən istifadə edirlər.
Digər tərəfdən, könüllü tibbi sığortanın inkişafı işəgötürənləri də əməkdaşlarına daha keyfiyyətli sosial paketlər təqdim etməyə təşviq edir. Bu isə əmək bazarında şəffaflığın artmasına, əməkhaqlarının daha düzgün rəsmiləşdirilməsinə və sosial müdafiə mexanizmlərinin güclənməsinə xidmət edir. İnsanlar daha yüksək əmək haqqı və daha yaxşı sosial təminat təqdim edən iş yerlərinə üstünlük verməyə başlayırlar ki, bu da bütövlükdə iqtisadiyyatın sağlam inkişafına töhfə verir.
Ən vacib məqamlardan biri isə rəqabətdir. Rəqabət olmayan yerdə inkişaf da olmur. Dövlət sistemi və özəl sektorun, icbari və könüllü sığorta mexanizmlərinin paralel fəaliyyəti səhiyyə müəssisələrini daha keyfiyyətli xidmət göstərməyə, yeni texnologiyalara investisiya yatırmağa və vətəndaş məmnuniyyətini artırmağa sövq edir. Nəticədə bundan qazanan tərəf vətəndaş olur.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səhiyyə islahatlarının növbəti mərhələsi kimi könüllü tibbi sığortanın inkişafına verilən diqqət məhz bu baxımdan strateji əhəmiyyət daşıyır. Bu istiqamət gələcəkdə həm səhiyyə sisteminin maliyyə dayanıqlığını artıracaq, həm özəl səhiyyə sektorunun inkişafına təkan verəcək, həm də vətəndaşların daha keyfiyyətli və daha müxtəlif tibbi xidmətlərə çıxış imkanlarını genişləndirəcək.
Rəşad Mahmudov
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini,
YAP İdarə Heyətinin üzvü