Müşfiq Məmmədli
Milli Məclisin deputatı
Ölkəmizdə rəqəmsal transformasiya istiqamətində atılan mühüm addımlardan biri də Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclası oldu. Bu iclas bir daha təsdiqləyir ki, Azərbaycan rəqəmsal gələcəyini formalaşdıran dövlətlər sırasındadır.
Dünyada dövlətlərin rəqabət üstünlüyünü yalnız təbii sərvətlər deyil, süni intellekt, böyük verilənlər, kibertəhlükəsizlik, rəqəmsal idarəetmə və insan kapitalı müəyyən edir. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq Azərbaycan neft iqtisadiyyatından bilik və innovasiya iqtisadiyyatına keçidi sürətləndirir.
Süni intellekt artıq təkcə texnologiya sahəsi deyil, səhiyyədə diaqnostikanın dəqiqliyini artırır, təhsildə fərdiləşdirilmiş öyrənmə imkanları yaradır, kənd təsərrüfatında məhsuldarlığı yüksəldir, məhkəmə və dövlət idarəçiliyində qərarvermə prosesini daha səmərəli edir. Lakin bütün bunların əsasında güclü kibertəhlükəsizlik amili dayanır. Rəqəmsallaşma nə qədər sürətlənirsə, informasiya təhlükəsizliyi də bir o qədər strateji əhəmiyyət qazanır.
Ölkəmizdə süni intellekt üzrə milli ekosistemin formalaşdırılması, dövlət qurumlarında vahid məlumat platformalarının yaradılması, rəqəmsal xidmətlərin genişləndirilməsi və kritik informasiya infrastrukturunun müasir təhlükələrə qarşı qorunması gələcək inkişafın mühüm istiqamətlərindən biridir.
Eyni zamanda, xaricdə təhsil almış və dünyanın qabaqcıl universitetlərində süni intellekt, data analitikası, kibertəhlükəsizlik, proqram mühəndisliyi və rəqəmsal idarəetmə sahəsində ixtisaslaşmış gənclərimizin potensialından daha geniş istifadə edilməsi xüsusilə əhəmiyyətlidir. Dövlətimizin bu istiqamətdə yaratdığı imkanlar nəticəsində yüzlərlə gənc beynəlxalq təcrübə qazanmışdır. İndi həmin bilik və bacarıqların ölkəmizin inkişafına yönəldilməsi mühüm önəm kəsb edir.
Dövlət qurumlarında və strateji layihələrdə bu yüksəkixtisaslı gənclərin iştirakını təmin edən xüsusi proqramlar həyata keçirilməsi, innovasiya laboratoriyaları və tədqiqat mərkəzləri ilə dövlət sektoru arasında daha sıx əməkdaşlıq qurulması böyük perspektiv vəd edən məsələlərdən biridir. Çünki rəqəmsal transformasiyanın əsas hərəkətverici qüvvəsi məhz insan kapitalıdır.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasında müəyyənləşdirilən prioritetlər Azərbaycanın rəqəmsal inkişafını yeni mərhələyə yüksəldəcək, ölkəmizi regionun süni intellekt və kibertəhlükəsizlik mərkəzlərindən birinə çevirəcək, iqtisadiyyatımızın rəqabət qabiliyyətini daha da gücləndirəcəkdir.