“Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bəyan edən bir mesajdır

 Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də imzalanmış bu bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Bir sözlə, bu sənəd qardaşlığın yeni tarixi mərhələsi təşkil edir”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Ölkələrimizin müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Nəzərə alaq ki, Azərbaycanla Türkiyə regionda sülh və əməkdaşlığın təmin olunmasına çalışır. Ona görə də, ölkələrimiz daim sülh təşəbbüsü ilə çıxış edir.  Bu amil, bölgədə inteqrasiya proseslərinə təkan verir.

Millət vəkili Şuşa Bəyannaməsinin iki ölkənin iqtisadi əlaqələrinə də əhəmiyyətli təsir göstərdiyini söyləyib: “Şuşa Bəyannaməsi qarşılıqlı olaraq  sərmayə qoyuluşu prosesini də stimullaşdırıb. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olmaqdadır. Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olub”.

Samir Vəliyev qeyd edib ki,  Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq regionda yeni reallıqlar yaratdı. Bu reallıqlardan biri Bəyannamədə də qeyd edilən Zəngəzur dəhlizidir. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi uğurla həyata keçirilir. Həmin dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq.

“Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir, eyni zamanda daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiyası nəzərdə tutulur. Məlumdur ki, Zəngəzur dəhlizi ilə bağlı müvafiq razılaşmalar var. ümid edirik ki, layihənin Ermənistandan keçəcək TRİPP adlandırılan hissəsinin tezliklə inşasına başlanacaq. Bu dəhlizin açılması Azərbaycanla Türkiyəyə iqtisadi gəlirlə yanaşı siyasi dividentlər də qazandıracaq”,-deyə deputat vurğulayıb.

Bundan əlavə, Samir Vəliyev deyib ki, Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Belə ki, azad olunmuş ərazilərin bərpasında Türkiyə şirkətləri yaxından iştirak edir. Doğrudur, bu prosesdə başqa dost ölkələrin şirkətləri də iştirak edir. Amma ən böyük üstünlük Türkiyəyə məxsusdur. Bu da dostluğumuzun və qardaşlığımızın daha bir göstəricisidir.