Tarixin təkrarlanmasına imza atan böyük liderlər   

Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvan görüşü dünya mediasının diqqət mərkəzindədir. Aparıcı aktorların və nüfuzlu beyin mərkəzlərinin Azərbaycan və Türkiyə liderlərinin Naxçıvan görüşünə nə qədər önəm verdiyini obyektiv dəyərləndirmək üçün, xarici dövlət rəsmilərinin  Ermənistan və Azərbaycanla bağlı sentyabrın 25-nə təsadüf edən açıqlamalarına diqqət yetirmək kifayətdir. Bunun bir səbəbi  Azərbaycanın son anti-terror əməliyyatının uğurları ilə bağlıdırsa, digər mühüm səbəb Naxçıvanın Türk dövlətlərinin inteqrasiyasındakı tarixi rolundan qaynaqlanır. Elə buna görə peşəkar ekspertlər və həssas müşahidəçilər 102 il əvvəl bağlanmış Qars müqaviləsini yenidən yada salırlar. Dünyanın nüfuzlu beyin mərkəzləri onun da fərqindədirlər ki, Qars müqaviləsinə istinadları nəzərdə tutan tarixi Şuşa Bəyannaməsi artıq strateji və hüquqi hədəflərinə doğru qətiyyətlə irəliləyir.

 

Əgər 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələnməsəydi və cəmi 24 saat davam edən lokal xarakterli anti-terror əməliyyatı ilə ölkəmizin suverenliyi bərpa edilməsəydi,  Ermənistanın və ona havadarlıq edən dairələrin, erməni millətçilərinin növbəti hədəfi Naxçıvan olmalı idi. Onlar bu niyyətlərini heç vaxt gizlətməyiblər. Birinci Qarabağ müharibəsindən əvvəl də, həmin müharibə dövründə də, ən azından son yüz ildə Naxçıvan Ermənistanın və havadarlarının hədəfində olub. Təsadüfi deyil ki, Təbrizdə çıxan “Hayk” qəzetinin 13 noyabr 1921-ci il tarixli nömrəsində dərc olunmuş “Pərdə götürülmüşdür” adlı baş məqalədə Ermənistan və erməni millətçiləri Qars müqaviləsinə kəskin şəkildə etiraz edirdilər: “Şanlı Qızıl ordunun komandanları Sovet federasiyasının tərkibinə daxil olan Ermənistanın mübahisəsiz hissəsini təşkil edən 1914-cü il sərhədlərində belə dayana və hətta balaça Naxçıvanı kamalçıların caynaqlarından qurtara bilmədilər”. Məqalə bu sonluqla bitirdi: “Erməni xalqının “xilaskar Rusiyaya” bəslədiyi ümidlər sadəcə yalandır və Rusiya digər imperialist dövlətlərdən özünün fərsizliyi və kütlüyü ilə fərqlənir, Ermənistan da onun qurbanıdır”. Ermənistan  de-fakto və de-yure mövcudluğuna görə borclu olduğu Rusiyanın himayədarlığından istər çarlıq, istərsə də sovet dövründə geninə-boluna bəhrələnsə də, sahibinin zəiflədiyini gördüyü an sədaqət andına həmişə xəyanət edib. Bu gün tarix yenidən təkrarlanır, Ermənistan əzəli sahibinə xilaf çıxır. Bunun bir səbəbi Ermənistanın dövlət siyasətinə xas olan xroniki xəyanət sindromudursa, bundan da vacib səbəb Azərbaycanın tarixi Zəfəri ilə yaratdığı yeni reallıqla bağlıdır. Tarixin təkrarlanmasını mümkün edən səbəbkarlar isə yeni tarixi şərtləri formalaşdıran və bu şərtlər altında Naxçıvan görüşünü reallaşdıran Azərbaycan və Türkiyə liderləridir. O dövlət xadimləri ki, şəksiz liderlik keyfiyyətləri və sarsılmaz siyasi iradələri hesabına tarixin təkrarlanmasını mümkün ediblər.

 

Beynəlxalq aktorların və aparıcı beyin mərkəzlərinin, dost ölkələrlə yanaşı, bədxahlarımızın Naxçıvan görüşünə xüsusi diqqət ayırmalarının növbəti səbəblərindən biri də odur ki, Türk Dövlətləri Təşkilatının təməli 14 il əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı ilə məhz Naxçıvanda qoyulub. Prezident İlham Əliyev bu cür önəmli səbəblər toplusuna görə Naxçıvanda mətbuata verdiyi bəyanatında tarixi gerçəkliyi bir daha yada saldı: “Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında çoğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, -o zaman o, Naxçıvanın başçısı idi, -Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi”.

 

Maraqlı və diqqətçəkən müşahidələrdən biri də onunla bağlıdır ki, Azərbaycan və Türkiyə Liderlərinin çıxış və bəyanatları, hansı formatda baş tutmasından asılı olmayaraq, bir zəncirin həlqələri kimi həmişə bir-birini tamamlayır və nəticə etibarilə eyni məqsədə, ortaq dövlət maraqlarımıza xidmət edir. Naxçıvan görüşündən cəmi bir neçə gün əvvəl Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın BMT kürsüsündən səsləndirdiyi bu fikirlər Prezident İlham Əliyevin Naxçıvanda yada saldığı tarixi gerçəkliyin başqa bir platformada inamlı ifadə nümunəsidir: “Ancaq Ermənistanın bu tarixi fürsəti yetərincə dəyərləndirmədiyini görürük. Ermənistanın başda Zəngəzur koridorunun açılması olmaq üzrə verdiyi sözləri yerinə yetirməsini gözləyirik”.  Türkiyə Prezidenti Naxçıvanda bu fikirlərinin davamı olaraq Ermənistana növbəti çağırışını etdi: “Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrimizdə xüsusi yerə sahibdir... Xəzər dənizindən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizin əhəmiyyəti koronavirus pandemiyası və bölgəmizdə yaşanan müharibələr nəticəsində daha yaxşı dərk edilmişdir... Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik”.

 

İki qardaş ölkə liderlərinin fikir ardıcıllığını və məqsəd birliyini təsdiq edən əməli addımlardan biri də sentyabrın 25-də təməlini atdıqları İğdır-Naxçıvan qaz kəməridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin etmək üçün yeni imkanlar yaradacaqdır. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının 1 milyon tondan 5 milyon tona qədər genişləndirilməsi ilə bağlı planlar Orta Dəhlizin gerçəkləşməsi istiqamətində atılan mühüm addımlardır. Heç şübhəsiz ki, Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak tədbirindən yayımlanan videosüjetlər də bədxahlarımızın diqqətindən yayınmayıb.  Beynəlxalq medianın Naxçıvana fokuslanması Azərbaycan və Türkiyə liderlərinin birgə qəbul etdikləri bu cür tarixi qərarlarla bağlıdır. O da şəksizdir ki, Azərbaycan Prezidentinin Naxçıvandan verdiyi növbəti mesajın arxasında dayanan gerçəkliklə Ermənistan və havadarları artıq hesablaşmalı olacaqlar: “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik”.

 

Prezident İlham Əliyev bununla Ermənistanı əzizləyənlərə və orada revanş hissi ilə yaşayanları qızışdıran dairələrə xəbərdarlıq etdi ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın daxili işlərinə heç kim müdaxilə edə və heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz. Bundan sonra sülh müqaviləsində ərazi bütövlüyümüzü və suverenliyimizi şübhə altına alan hansısa qondarma şərti görmək istəyənlər və erməni separatizminin əlinə oynayanlar boş yerə özlərini yorub sülhə mane olmağa çalışmasınlar. Azərbaycanın beynəlxalq hüququn əsas müddəaları əsasında bərpa etdiyi tarixi ədalət gerçəkliyi bütövlükdə regionun sülh və əmin-amanlıq şəraitində yaşaması üçün ciddi zəmin yaradıb, buna mane olmaq istəyənlər təkcə Azərbaycan üçün yox,  Cənubi Qafqaz üçün də dost və  səmimi tərəfdaş hesab oluna bilməz.  

 

Ülvi Quliyev
Milli Məclisin deputatı