Oktyabr ayının 2-də Tbilisidə “Avropanın intibahi təməlləri və Gürcüstanda xristanlığın 1700 illiyi” mövzusunda Beyəlxalq konfrans keçirilmişdir.
Konfransın açılış mərasimində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Gürcüstanın Baş Naziri İrakli Kobaxidze, Bütün Gürcüstanın Katolikos-Patriarxı Shio III, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili salamlama nitqləri ilə çıxış etmişlər.
Azərbaycan Milli Məclisinin sədr müavini, akademik Rafael Hüseynov konfransda məruzə ilə çıxış etmişdir.
Konfransın müsəlman ölkələrindən olan yeganə məruzəçisi Rafael Hüsenov böyük maraqla qarşılanan məruzəsində bu məqamlara diqqət yönəltmişdir:
“Sürətləri gün-gündən artan, durmadan dəyişən dünyada yaşayırıq. Əslində dünya elə həmişə belə olub. 1700 il əvvəl də belə idi, ondan qabaq da o cür idi, arxada qoyduğumuz XX əsrdə də həminki təhər idi.
Ancaq dəyişən, başqalaşan, köhnə nəsillərə yad gəlməyə başlayan dünyada dəyişməyən keyfiyyətlər də var. Bunlar mexanikanın qanunları kimi, cazibə qüvvəsi kimi daim sabit qalan mənəvi dəyərlərdir. O dəyərlər olmasa dünya çoxdan məhvərindən çıxmış olardı. O dəyərlər olmasa insan da, dünya da dəyişər, tanınmaz olardı, kosmosdakı çəkisizlik şəraitndəki kimi ayağı yerdən üzülərdi.
Ailə balaca dövlətdir və əslində böyük dövlətin də özəyi elə sağlam ailələrdir. Ailəsi sağlam olmayan dövlət də, istənilən cəmiyyət də sabitliyini, firavanlığını qoruyub saxlaya, inkişaf edə bilir. Müasir dünyada yaranan problemlərin ən ümdə səbəblərindən biri elə ailə institutunun zədələnməsidir, tarixin sınağından çıxmış ailə dəyərlərinə lazımınca riayət edilməməsidir. “Tövrat” da, “Zəbur” da, “İncil” də, “Quran” da – səmavi kitabların hər biri aləni İlahinin qurduğu müqəddəs təsisat və cəmiyyətin təməli hesab edir. 2014-cü il noyabrın 25-də Roma Papası Strasburqda idi, Avropa Şurası Parlament Assambıeyasında çıxış edirdi. Papa Fransisk həyəcanla bəyan edirdi ki, Avropa mənəvi aşınma kimi ciddi təhlükə ilə üzbəüzdür. Şikayətlənirdi ki, ali ailə dəyərləri müasir dünyada məhvərindən çıxır və dünya üçün, insanlıq üçün bundan ciddi təhlükə ola bilməz.
O həyəcanlı çağırışdan 10 ildən çox keçir, böhran səngimək əvəzinə getdikcə daha da dərinləşir.
Xüsusən də indi – süni zəka epoxasını yaşamağa başladığımız tarix kəsiyində bu həssas məsələ daha artıq aktuallıq kəsb edir.
Lakin insanı, ailəni, bütövlükdə cəmiyyəti qorumağın çarəsini tapmaq üçün böyük axtarışlara ehtiyac da yoxdur. Klassik düsturlar min illərdir ki, ortadadır. Sadəcə, onlara əməl etmək vərdişləri eroziyaya uğrayıb. Bundan qurtulmaq lazımdır.
İnsan da, millətlər də Xudanın İlahi Memarın yaratdığı bir əsərdir ki, hər bir tikili kimi onun da bünövrəsi, sütünları, dayaqları var. Əslimiz-kökümüz, mənəvi dəyərlərimiz, bunlardan kök almış milli özünəməxsusluqlarımız həmin bünövrə, sütun, dayaqlardır. Sivilizasiyalar da tarix boyu məhz həmin dayaqlar və sütunlar üzərində dikəlib.
Həyatındakı mühüm mənəviyyat hadisəsinin bizi füsünkar Tbilisiyə topladığı Gürcüstan və gürcü xalqı yüz il, min il, min yeddi yüz il və daha keçmişlərdə olduğu kimi yenə xorla könül nəğmələrini oxuyursa, yenə Şota Rustavelini köhnəlmiş saymayaraq ondan zövq ala bilirsə, yenə atasını, anasına, qocasına, xatirələrə ehtiram bəyləyirsə, yenə dosta sədaqətli olmağı bacarırsa, yenə Vətən deyilən ərazi onunçün sadəcə torpaq deyil, yolundan ölməyə hazır olduğu müqəddəslikdirsə, deməli, qoruyucu element – milli-mənəvi dəyərlər sistemi yaşamaqdadır. Və bu hər bir xalq üçün də belədir. Şərqdə də, Qərbdə də. Asiyada da, Avropada da, digər qitələrdə də.
Müasir iblislərin, müasir istilaçıların, dünyanı, insanı iradəsinə tabe etməyə çalışan qüvvələrinsə, məqsədi məkrli niyyətlərinə nail olmaq üçün məhz həmin dəyərlər sisteminə çatlar salmaq, onu sarsıtmaqdır.
Dinlər sabit mənəvi dəyərləri qorumağın sərhəd keşikçiləridir. Ancaq bəzən dünyanın və insanın xaos içərisində yaşamasını məqsədlərinə daha uyğun hesab edən qüvvələr çirkin siyasətləri dinə doğru yönəltməyə, böyük günahları dinin vasitəsilə gerçəkləşdirməyə çalışırlar.
Azərbaycanın paytaxtı Bakının mərkəzində onun ürəyi, yaşayan daş yaddaşı olan və İçərişəhər – yəni şəhərin daxilindəki şəhər adlandırılan qocaman şəhər var. Qala divarları ilə əhatə olunmuş 20 hektar ərazidəki o köhnə şəhər bu gün həm XXI əsri yaşayır, həm də qədimliyini qoruyur. Vaxtilə Bakı elə o boyda olub, indi isə paytaxtımız İçərişəhərdən 9680 dəfə böyükdür. Ancaq min il əvvəllə müqayisədə dəyişməyən, əksinə, elə Bakının özü kimi böyüyüb, inkişaf edib, daha da sevimli olmuş bir cəhət var. İçərişəhərdə qədim atəşpərəstlik abidəsi, qədim alban xristian kilsəsi və əsrlərcə yaşı olan müsəlman məscidi yanaşdır. Aralarında ən çoxu 20-30 metr məsafə var. İnsanımız min il əvvəl belə yanaşıolmanın, bu cür birgəliyin doğurduğu əmin-amanlıq və rahatlıq atmosferində yaşayıb. Eyni model bu gün də ənənəvi ritmi ilə yaşamaqdadır. Bakıda Pravoslav, Katolik, Lüteran (Protestant) kilsələri də fəaliyyətdədir, müxtəlif yəhudi sianaqoqları da, atəşpərəst məbədləri də, müsəlman məscidləri də. Dini tolerantlıq elə incə duyğudur ki, onu insanların şüuruna hökmlə, əmrlə, inzibati təzyiqlə, təbliğatla yeritmək mümkün deyil. Gərək bunun millətin yaddaşında əsrlərcə davam edən ənənəsi olsun. Məhz Bakının ruh dünyası, ürəyi olan köhnə şəhərdə 1000-1500 il əvvəldən mövcud olmuş ənənədir ki, bunun özü də məxsusi mənəvi dəyərə çevrilərək indi də uğurla ömrünü davam etdirməkdədir.
Azərbaycan ərazisindəki bütün mədəni və dini irs nümunələrinə həmişə həssas yanaşmış, uğradığı faciələr, böyük itkilərdən sonra isə indi əvvəlkindən də artıq ikiqat həssaslıq və məsuliyyətlə yanaşır.
Beynəlxalq hüquq ölkə ərazisindəki mınşəyindən asılı olmayaraq bütün mədəni və dini irsin həmin dövlət və xalqa mənsubluğunu təsdiqləyir. Ona görə də Azərbaycan sahib olduğu bütün mədəni və dini irs nümunələrinin qorunması, bərpası və tədqiqini özünün prioritetlərindən biri kimi qəbul edib.
Dinlərin ibadətlərini yerinə yetirməkçün müəyyənləşmiş məkanları var və hərdən ümumiləşdirərək onlara Allah Evi deyirlər.
Din və dun xadimləri bu hüdudlar içində fəaliyyət göstərdikcə mənəviyyata xidmət edir.
Bu çərçivədən çıxıb siyasətə qarışanda isə təhlükəyə dönür. Həm də dərhal hiss edilir ki, bu din xadimini, yaxud cərəyanını xüsusi məqsədləri olan müəyyən xarici siyasi qüvvələr idarə edir.
Dinlər, mədəniyyətlər, mənəviyyatlar arasında harmoniyanı pozmağın ən qısa yolu isə onların dialoquna, onların səsləşməsinə, onların yaxınlığı və birgəliyinə zədə vurmaq, dinlərlə bağlı ayrı-ayrı fobiyalara rəvac verməkdir. Hamımızın ortaq yuvamız olan dünyamızın, insanın naminə əl-ələ verərək belə təhlükəli təmayüllərə qarşı daim amansız mübarizə aparmalıyıq.
Zənnimcə, həmin istiqamətdəki təşəbbüslərdən biri də elə bizim indiki konfransımız, qatıldığımız fikir mübadilələridir”.