Tərcümə bazarı: Onların "narkotiki" dadsızdır

Statistika göstərir ki, kitab oxuma dünya ölkələri arasında əsas məşğuliyyətlər sırasındadır. Məsələn, sadə alman vətəndaşı gün ərzində öz vaxtından 30 dəqiqəsini hər gün kitaba ayırdığı halda, 1 yapon üçün bu zaman 24 dəqiqədir. Rusiya vətəndaşları üçün kitab oxuma zamanı 18 dəqiqə, Türkiyə üçün 13 dəqiqə hesablandığı halda Azərbaycan ölkələr arasında olduqca geridədir. Belə ki, orta hesabla sadə Azərbaycan vətəndaşı günün 6 dəqiqəsini kitab oxumağa sərf edir. 
Gənclər hər zaman kitab oxumadıqlarına görə qınaq obyektinə çevrilirlər. Bunun səbəbi kimi isə gənclərin əyləncəyə daha meylli olması, oxumağa vaxt ayırmaması, kitablardan soyuması kimi göstərilsə də real vəziyyət bunu göstərmir. Gəzdiyimiz kitab satışı mağazalarında maraqlı bir halla qarşılaşdıq. Belə ki, oxumağa meylli olan gənclər kitabları orijinal üzdən, yəni tərcümə olunmamış halda oxumağa üstünlük verirlər. Yerli tərcümələrin görünüş, cildlənmə, səhifə təmizliyi oxucuları qane etsə də, edilən tərcümələrin bayağı olması kitabların alınmaması üçün səbəb olur. Məhz bu səbəbdən orijinal dildə olan kitabı almağa pulu çatmayan gənclər tərcümələrdən də imtina edirlər. 
Kitab tərcüməsi ilə məşğul olan gənc, həvəskar tərcüməçi Bahar Məmmədova Nikolas Sparksın "Gündəlik" əsərinin tərcüməçilərindəndir. Hazırda uşaq ədəbiyyatından bəzi hekayələr tərcümə edən, eyni zamanda Aditi Das Bhovmik "Əbədi dostluq" hekayəsinin də tərcüməçisi olan müsahibimizin fikrincə, Azərbaycanda yaxşı tərcüməçilər var. "Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası buna çox gözəl bir nümunədir. Sadəcə, sifarişçilər yanlış ünvana istiqamətlənirlər, bəzən qısa vaxt ərzində keyfiyyətli nəticə əldə etmək istəyirlər, halbuki bədii tərcümə digərlərindən fərqlənir. Azərbaycanda bədii tərcümə sahəsində sözünü demiş, alman ədəbiyyatı oxucularının çox yaxşı tanıdığı Vilayət Hacıyevin də qeyd etdiyi kimi bir sözü ifadə etmək üçün bəzən müəyyən vaxt lazım olur, çünki o sözün həmin dildə bədii ədəbiyyata uyğun qarşılığını tapmaq lazımdır. Zaman azlığı isə buna mane ola bilər. Və yaxud da gözünün nurunu, ən dəyərli zamanını tərcüməyə sərf edən insana zəhmətinin qarşılığını vermirlər. Tərcüməçi də əməyinə qiymət verilmirsə, bu sifarişi qəbul etməməlidir. Nəticədə sifarişçi ucuz qiymətə həvəskar və ya məqsədi az-çox pul qazanmaq olan "tərcüməçi" tapır. Bu situasiyada ərsəyə gələn kitab təbii ki, oxucuları qane etməyəcək". 
Onun sözlərinə görə, başqa bir detal isə tərcümələrin orijinaldan deyil, başqa dillərdən edilməsi ilə bağlıdır. "Nəzərə alsaq ki, zamanla bəzi əsərlər, kitablar tərcümə zamanı dəyişikliyə məruz qalır, bu halda niyə də əsəri yazıldığı dildən tərcümə etməyək? Məsələn, tanıdığım gənc tərcüməçilərdən Abuzər Cəfərov italyan ədəbiyyatından orijinal tərcümələr edir. Çox da faydalı olduğuna inanıram, nəticə də göz qabağındadır". 
Kitab korrektəsi ilə məşğul olan Akif Əlisoy deyir ki, indiyə kimi 4 kitab korrektə edib. Qalın kitabların korrektəsini isə üzərinə götürmür, çünki verilən zəhməthaqqı və zaman müddəti çox az olur: "Bir kitab verib deyirlər ki, bunu 3 günə korrektə elə. Mən heç 3 günə kitabı özüm üçün oxumuramsa, onu korrektə etməyim qətiyyən mümkün deyil. Kitabın kitab olması üçün tərcüməçi və korrektor əməyi bir olmalıdır. Hər cümləyə, hər abzasa, hər fikrə diqqət edilməlidir ki, oxucu oxuduğunun mahiyyətini anlasın. İndiki kitabların korrektorlarının əksəriyyət yeni partadan qalxanlardır. Verilənə qane olub baş qatmaq üçün edilən tərcümədən effekt gözləmək lazım deyil". 
Kitab satışı ilə məşğul olan mağazalardan birinin meneceri Ədil Əliyevin sözlərinə görə, başqa ölkələrdən gətirilən kitabların fərqli məkanlarda fərqli qiymətə satılması tamamilə satıcının öz işidir. Belə ki, məsələn, hər hansı bir türk yazarın kitabını Türkiyədən gətizdirən satış sahibi ona istəsə 1 manat, istəsə 10 manat əlavə qiymət qoyur. Tərcümə olunmuş kitabların qiyməti isə kitabın son səhifəsində qeyd olunur. "Tərcümə edənlər iki qrupa bölünürlər. Birincilərin tərcüməsi mükəmməldir və kitablar həqiqətən oxunaqlıdır. Bu cür kitabları biz ayrı rəflərə yerləşdiririk və zamanla kitab sahiblərinin istəyi ilə endirim də edirik. İkinci qrup isə naşı tərcüməçilərdir ki, onların tərcümə etdikləri kitablar həqiqətən ələ alınmazdır. Əla bir əsəri o qədər bayağı tərcümə edir ki, kitaba verilən hazırlanma puluna insanın heyfi gəlir. Amma biz bu kitabları da qəbul edib satırıq, çünki naşı tərcüməçilərin də inkişaf etməsi lazımdır". 
Oxucu Əli Sarı hesab edir ki, kitab oxumaq narkotik kimidir. Biri bitmədən ikincisinə meyl etmək kitabın keyfiyyəti, axıcılılığından çox asılıdır. Yerli tərcümələrdə isə axıcılılıq tamamilə yox haldadır: "Orxan Pamukun "Qırmız qar" əsərini oxuduqdan sonra uzun müddət kitabın təsirindən çıxa bilmədim. Sonra yerli tərcüməni oxudum və iki kitab arasındakı fərq məni olduqca təəccübləndirdi. Bu kitab kitablar içində hələ yaxşı olanıdır. Elə kitablar var ki, bu kitablarda redaktorun, korrektorun adı olmur. Burada saysız-hesabsız orfoqrafik səhvlər olur, strukturu düzgün olmayan xeyli sayda cümlələr qurulur. Bunun nəticəsində də fikir çatmır. Yazıçıların ideyası, məzmunu, ovqatı, ruhu şəxsən mənə bəlli olmur. Oxuduğumu başa düşmürəm, kitabın təsirini anlamıram və soyuyuram". ekspress.az