Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstan Respublikasına səfərləri Azərbaycan ilə Qırğızıstan arasında siyasi, iqtisadi və humanitar münasibətlərin inkişafında mühüm rol oynayır. Ortaq tarixə, dilə, mədəniyyətə və türk həmrəyliyi prinsiplərinə söykənən bu əlaqələr son illərdə yeni məzmun qazanaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Dövlət başçıları arasında formalaşmış yüksək etimad mühiti əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə əlverişli şərait yaratmışdır.

Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın deyil, Avrasiya məkanının mühüm nəqliyyat və logistika qovşaqlarından biridir. Xəzər dənizi üzərindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi, xüsusilə Orta Dəhliz, Mərkəzi Asiya dövlətlərinin Avropa bazarlarına çıxışında strateji əhəmiyyət daşıyır. Qırğızıstan, Qazaxıstan və Özbəkistan kimi ölkələrin bu marşruta artan marağı Azərbaycanın geosiyasi və geoiqtisadi rolunu daha da gücləndirir. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri və həmin ölkələrin dövlət başçılarının Azərbaycana müntəzəm səfərləri bu istiqamətdə uzunmüddətli əməkdaşlığın möhkəm təməl üzərində qurulduğunu göstərir.

Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin perspektivləri olduqca genişdir. İlk növbədə, nəqliyyat və logistika sahəsində yeni imkanlar açılır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı yükdaşımaların həcmini artırmaqla yanaşı, region ölkələrinin iqtisadi inteqrasiyasını sürətləndirəcək. Eyni zamanda, liman infrastrukturu, dəmir yolları və rəqəmsal gömrük sistemlərinin əlaqələndirilməsi ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcək.

Energetika sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Azərbaycanın enerji sahəsində topladığı zəngin təcrübə, yaşıl enerji layihələri və Xəzər regionunda həyata keçirilən iri enerji təşəbbüsləri Mərkəzi Asiya dövlətləri ilə yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradır. Gələcəkdə bərpaolunan enerji, elektrik enerjisinin ötürülməsi, "yaşıl dəhliz" layihələri və innovativ texnologiyaların tətbiqi istiqamətində birgə layihələrin həyata keçirilməsi real perspektiv kimi qiymətləndirilir.

İqtisadi əməkdaşlıqla yanaşı, humanitar əlaqələrin genişlənməsi də xüsusi əhəmiyyət kəsb edir. Təhsil, elm, mədəniyyət, turizm və gənclər siyasəti sahələrində həyata keçirilən proqramlar xalqlar arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən təşəbbüslər ortaq mədəni irsin qorunmasına, elmi mübadiləyə və gələcək nəsillər arasında türk həmrəyliyi ideyasının güclənməsinə xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu gün Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü, türk dövlətləri arasında əməkdaşlığın təşəbbüskarı və regional sabitliyin mühüm təminatçılarından biri kimi çıxış edir. Bu siyasət həm ölkəmizin beynəlxalq nüfuzunu artırır, həm də iqtisadi inkişafına yeni imkanlar açır.

Azərbaycan Prezidentinin Qırğızıstan Respublikasına səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının gələcək perspektivləri baxımından da mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı etimada, ortaq maraqlara və strateji baxışlara əsaslanan bu münasibətlər gələcək illərdə yeni iqtisadi layihələrin, nəqliyyat marşrutlarının və siyasi təşəbbüslərin həyata keçirilməsinə güclü təkan verəcək. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə artan əməkdaşlığı ölkəmizin Avrasiyanın əsas geosiyasi və geoiqtisadi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək, Türk dünyasının birliyinə və regionda dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfələr verəcəkdir.

Əminə Ağazadə

Milli Məclisin deputatı