Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” tədbirlər silsiləsi nasir, dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” romanı ilə davam edir.
XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, və s. daxildir. Ədibin qəhrəmanları mübarizliyi, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub.
İlyas Əfəndiyevin 1963-cü ildə qələmə aldığı “Dağlar arxasında üç dost” romanındakı hadisələrin məzmunu hər zaman aktual olan məhəbbət və ailə dramından ibarətdir. Əsərin mərkəzində Şahlar və Səlimənin bir-birinə olan dərin və səmimi məhəbbəti dayanır. Şahlar dağ rayonuna gələn üç gənc dostdan biridir. Şahlar və Səlimənin sevgisi romanın ümumi quruculuq, əmək və dostluq mövzusuna xüsusi bir poetik rəng qatır, əsərin lirik pafosunu daha da gücləndirir. Bu gənclərin sevgisi möhkəm və qırılmaz olsa da, Şahların anasının bu münasibətə qarşı çıxması ailə dramına səbəb olur. Yazıçının erməni-müsəlman münaqişəsinə açıqbaxışlı münasibəti, qəhrəmanlarının bir-birinə möhkəm sevgisi qələmə alınmışdır. İlyas Əfəndiyevin real hadisələrlə dolu olan bu əsəri onun ən güclü romanlarından biri hesab olunur.
Yazıçı Şahzadə İldırım “Dağlar arxasında üç dost” romanından bir parça səsləndirərək oxuculara təqdim edir və oxuculara ədibin əsərlərini oxumağı tövsiyə edir.
Romandan kiçik bir parça kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:
https://www.youtube.com/watch?v=KX_kFajOBKA