“27 Sentyabr Azərbaycanda Anım Günüdür. Xalqımız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş həmvətənlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Şəhidlərimizin əziz xatirəsi hər il sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunur”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, 27 sentyabr təqvimi milli tariximizdə daim müstəsna yer tutacaq. Çünki bu tarixdə torpaqlarımızın işğaldan azad edilməsi üçün Vətən müharibəsi başlayıb. Məlumdur ki, ermənilər tarix boyu xalqımıza qarşı qətliamlar, qırğınlar törədib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi isə kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etmişdilər. İşğal zamanı yaşayış məntəqələri dağıdılıb, dinc əhali amansızcasına qətlə yetirilib. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir.
Deputat bildirib ki, dövlətimiz 30 il ərazində daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu həllinə çalışmışdı. Bu dövrdə dünyanın mötəbər beynəlxalq təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Beynəlxalq birlik bu sənədlərin icra olunması üçün Ermənistana heç bir təzyiq göstərmədi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu da işğalçıya qarşı heç bir addım atmadı, əksinə problemi Ermənistanın xeyrinə dondurmağa çalışırdı. Bütün bunlar isə erməni tərəfinin Azərbaycana qarşı yeni-yeni təxribatlar törətməyə “həvəsləndirirdi”. Həmin təxribatlar nəticəsində hərbçilərimizlə yanaşı mülki insanlar da zərər görürdü. Bütün bunlar torpaqlarımızı öz gücümüzlə azad edilməsini qaçılmaz etdi.
2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq ona öz gücünü göstərmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamışdı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə düşmənin müqaviməti qırıldı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladı. Bu, əslində, Ermənistanın kapitulyasiyası idi. Həmin bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları dinc yolla Azərbaycana təhvil verildi.
Millət vəkilinin sözlərinə görə, 6 il əvvəl sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Xalqımız hər zaman, o cümlədən sentyabrın 27-də şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla anır.
Pərvin Kərimzadə qeyd edib ki, bu qələbə milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü nəticəsində qazanıldı. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu.
Həmin dövrdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti də dövlət başçısına, ordumuza dəstək verdi. Bu məqsədlə birgə bəyanatlar imzalandı. Lakin həmişəki kimi, radikal müxalifət olan AXCP, Müsavat və “Milli Şura” bu həmrəyliyə qoşulmadı. Bununla da, onlar xalqımızın uğurlarına sevinmədiklərini, yalnız xarici qüvvələrə xidmət etdiklərini təsdiqləmiş oldular. Eyni yanaşmanı onlar Vətən müharibəsində də ortaya qoydular. Bu qruplar tarixi qələbəmizi aşağılamağa çalışmaqla şəhidlərimizin ruhuna hörmətsizlik etdilər. Bütün bunlara baxmayaraq, Azərbaycan yeni zəfərlər naminə irəliləməkdə davam edirdi. 2023-cü il 19-20 sentyabrda şanlı ordumuzun Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələrinə qarşı keçirdiyi 24 saatlı antiterror tədbirləri də dövlətimizin gücünü göstərdi. Artıq Azərbaycanın suverenliyi tam təmin olunub. Bu yolda canını qurban vermis bütün şəhidlərimizin ruhu şaddır.
“Hazırda Azərbaycan regionda yeni reallıqlar yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun inkişafı ilə bağlı önəmli təşəbbüslərlə çıxış edib. Ötən ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar bölgədə faktiki sülhü təmin edib. Artıq bir ildən çoxdur ki, qan tökülmür. Hər iki ölkə qarşılıqlı etimad quruculuğu istiqamətində vacib addımlar atırlar. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentimizə xalqın inam və etimadı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Beləliklə, müstəqil Azərbaycanın tarixində yeni dövr başlayıb. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz bundan sonra da yeni zəfərlər qazanacaq”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.