Vətən Müharibəsinin Cəbrayıl təntənəsi

“Vətən müharibəsində Cəbrayılın düşmən tapdağından azad edilməsi Müzəffər Ordumuz üçün yeni imkanlar yaratdı”. Bunu YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı Mətanət Səfərli deyib. Onun sözlərinə görə, Cəbrayıl əməliyyatı məhz belə strateji əhəmiyyət daşıyan hərbi uğurlardan biri idi: “İşğal dövründə Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələri bir neçə xəttdən ibarət istehkam sistemi yaratmışdı. Bu mövqelərin yarılması Azərbaycan hərbçilərindən yüksək hazırlıq, böyük cəsarət və fədakarlıq tələb edirdi. Ordumuzun peşəkarlığı nəticəsində bu çətin vəzifə uğurla yerinə yetirildi. 27 sentyabrdan başlayan əks-hücum əməliyyatları zamanı Böyük Mərcanlı və Nüzgar kəndlərinin, ardınca digər yaşayış məntəqələrinin azad edilməsi Cəbrayıl istiqamətində tarixi dönüşün başlanğıcı oldu. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri düşməndən təmizləndi”.

M.Səfərli qeyd edib ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Həmin vaxt rayonun ərazisində bir şəhər, 4 qəsəbə və 92 kənd vardı. 1050 kvadratkilometr ərazini əhatə edən rayonda 52 min nəfər yaşayırdı. İşğal nəticəsində Cəbrayılın 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150 mədəniyyət ocağı və 100-ə yaxın kəndi dağıntıya məruz qaldı. Rayona vurulan ziyanın məbləği 13,928 milyard ABŞ dolları kimi göstərilir. Amma Cəbrayıl yalnız dağıdılmış tikililərdən ibarət deyildi. Bu torpağın özünəməxsus iqtisadi, elmi və mədəni həyatı vardı. İşğaldan əvvəl rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim və 432 orta ixtisaslı tibb işçisi çalışır, 72 məktəbdə 1660-dan çox müəllim fəaliyyət göstərirdi.

Üç musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və muzey rayonun zəngin mədəni həyatını yaşadırdı. Sənaye müəssisələri, kolxozlar, quşçuluq fabriki və digər təsərrüfatlar isə Cəbrayılın iqtisadi potensialını formalaşdırırdı. İşğal illəri bu torpağın maddi sərvətlərinə olduğu kimi, tarixi-mədəni irsinə də ağır zərbə vurdu. “Divlər Sarayı” mağarasından Xudafərin körpülərinə, Çələbilər kəndindəki məscid kompleksindən “Dairəvi Türbə”yə qədər çoxsaylı tarixi abidələr dağıdıldı və ya məhv edildi. Bu dağıntılar yalnız daşın, divarın, tikilinin məhvi deyildi. Bunlar bir xalqın tarixinin izlərini silməyə yönəlmiş vandalizmin acı nəticələri idi. Cəbrayıllıların taleyi də bu faciənin ən ağır səhifələrindən birini təşkil etdi. Minlərlə insan doğma yurd-yuvasından didərgin düşərək Azərbaycanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən düşərgələrdə, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur oldu.

M.Səfərli onu da bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl uğrunda döyüşlərdə iştirak edən hərbçilərin igidliyi dövlət tərəfindən yüksək qiymətləndirildi. “Cəbrayılın azad olunmasına görə” medalı ilə on minlərlə hərbi qulluqçunun təltif edilməsi həmin döyüşlərdə nümayiş etdirilən qəhrəmanlığın dövlət səviyyəsində əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.