Xaçmazda bərpa olunan enerjiyə keçidin təşviqinə dair maarifləndirici görüş keçirilib

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin təşkilatçılığı ilə Xaçmaz Peşə Liseyində bərpa olunan enerji mənbələrinə keçidin təşviqi mövzusunda geniş tərkibli maarifləndirici görüş keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin, bələdiyyələrin,  vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, sahibkarlar, yerli ictimai fəallar, müəllim və tələbə heyəti iştirak ediblər.
 

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi hesabına baş tutub.

Görüşün əsas məqsədi regionda alternativ və bərpa olunan enerji mənbələrindən – xüsusilə günəş, külək və bioenerji kimi təmiz enerji növlərindən istifadənin təşviqi, 
əhali arasında bu sahədə maarifləndirmənin artırılması və mövcud potensial imkanların müzakirəsi olub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Məsimova rayonda alternativ enerji sahəsində mövcud vəziyyət, həyata keçirilən layihələr və qarşıda duran planlar barədə geniş məlumat verib. O, xüsusilə kənd təsərrüfatı, turizm və təhsil sektorlarında bərpa olunan enerji texnologiyalarının tətbiqinin rayonun sosial-iqtisadi inkişafına töhfə verəcəyini vurğulayıb.
 “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin eksperti Şaban Nəsirov ölkəmizdə bərpa olunan enerji sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edib, “yaşıl enerji zonasına” çevrilən Qarabağ və Şərqi Zəngəzur bölgələri fonunda digər regionlarda da bu sahənin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin qeyd olunub ki, ictimai iştirakçılığın artırılması, vətəndaşların bu prosesə cəlb olunması enerji keçidinin daha uğurla həyata keçirilməsində mühüm rol oynayır.

Daha sonra ekspert təqdimat keçirib. Təqdimatda günəş panellərinin, kiçik həcmli külək turbinalarının və bioenerji qurğularının iş prinsipləri, tətbiq sahələri, ətraf mühitə təsiri və iqtisadi səmərəliliyi barədə iştirakçılara ətraflı məlumat verib. Həmçinin dövlət tərəfindən bərpa olunan enerjiyə keçidlə bağlı təqdim edilən maliyyə və texniki dəstək mexanizmləri haqqında danışıb.

Görüş çərçivəsində yerli sahibkarlar və peşə liseyinin müəllim-tələbə heyəti ilə interaktiv müzakirələr aparılıb. Tələbələr bu sahədə ixtisaslaşmaq, texniki biliklər qazanmaq və gələcəkdə peşəkar fəaliyyətə başlamaq üçün atıla biləcək addımlar barədə suallar veriblər. Sahibkarlar isə bərpa olunan enerji texnologiyalarının öz fəaliyyət sahələrinə inteqrasiyası ilə bağlı maraq doğuran məsələləri gündəmə gətiriblər.
Tədbirin sonunda iştirakçılar görüşün nəticələrini müzakirə edərək bu istiqamətdə davamlı əməkdaşlıq üçün ilkin razılaşmalar əldə ediblər. Bildirilib ki, belə maarifləndirici tədbirlər regionlarda ekoloji dayanıqlığın və enerji müstəqilliyinin təmin olunmasına töhfə verir, həmçinin cəmiyyətin enerji transformasiyasında fəal iştirakını təşviq edir.
“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi bu kimi təşəbbüslərin gələcəkdə də digər regionlarda davam etdiriləcəyini və yerli icmaların bərpa olunan enerji sahəsində bilik və bacarıqlarının artırılmasına dəstəyin göstəriləcəyini bəyan edib.