Xalqın qurtuluş günü

Azərbaycan xalqının müasir tarixində Milli Qurtuluş Günü müstəsna əhəmiyyətə malikdir. Bu gün təkcə siyasi təqvimimizin əlamətdar tarixi deyil, həm də dövlət müstəqilliyimizin qorunmasının, qanunun aliliyi prinsipinin təmin edilməsinin və hüquqi dövlət quruculuğunun əsasının qoyulmasının rəmzidir.

Müstəqilliyimizin ilk illərində ölkəmiz ciddi siyasi böhran, idarəetmə problemləri və hüquqi qeyri-müəyyənliklərlə üzləşmişdi. Dövlət hakimiyyəti institutlarının fəaliyyətində yaranmış çatışmazlıqlar, ictimai-siyasi sabitliyin pozulması, qanunçuluq prinsipinin zəifləməsi və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycan dövlətçiliyini ağır sınaq qarşısında qoymuşdu. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ölkəmizin taleyində dönüş nöqtəsinə çevrildi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə dövlət idarəçiliyində sabitliyin bərpasına, hüquqi nizamın möhkəmləndirilməsinə və dövlət hakimiyyətinin legitim fəaliyyətinin təmin olunmasına başlanıldı. Məhz həmin dövrdən etibarən dövlət quruculuğu prosesində ardıcıllıq təmin edildi, milli maraqlara əsaslanan inkişaf strategiyası formalaşdırıldı və müstəqil Azərbaycan dövlətinin möhkəm təməlləri yaradıldı.

Milli Qurtuluşun ən mühüm nəticələrindən biri hüquqi dövlət quruculuğunun institusional əsaslarının formalaşdırılması oldu. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası demokratik idarəetmənin, hakimiyyət bölgüsü prinsipinin, insan hüquq və azadlıqlarının təminatının və hüququn aliliyinin əsaslarını müəyyən etdi. 

Qürurla qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, milli maraqlara əsaslanan siyasəti və prinsipial mövqeyi nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmiş, beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirmiş və regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Bu gün Azərbaycan güclü dövlət institutlarına, dayanıqlı ictimai-siyasi sabitliyə və müstəqil inkişaf strategiyasına malik olan ölkədir. Dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunması xalqımızın milli birliyinin, dövlətçilik iradəsinin və uzaqgörən siyasi rəhbərliyin parlaq təzahürüdür.

Milli Qurtuluş Günü bizə bir daha xatırladır ki, müstəqilliyin qorunması, konstitusion dəyərlərin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması və dövlətçilik ənənələrinin yaşadılması hər birimizin müqəddəs vəzifəsidir.

Bu əlamətdar gün münasibətilə xalqımızı ürəkdən təbrik edir, dövlətimizə davamlı inkişaf, əmin-amanlıq, sabitlik və yeni uğurlar arzulayırıq.

Əminə Ağazadə

Milli Məclisin deputatı