XİN əhaliyə xəbərdarlıq etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara müraciət edərək xarici ölkələrə səfərlər zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməyə çağırıb.

Sabahinfo.az xəbər verir ki, XİN-in yaydığı məlumatda bildirilib ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır.

Qeyd olunub ki, son dövrlərdə belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınıb.

Nazirlik vurğulayıb ki, bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və ya fəaliyyət göstərən vətəndaşların həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradır.

Bu səbəbdən vətəndaşlara xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmək, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almaq, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən çəkinmək tövsiyə olunub.

XİN həmçinin xatırladıb ki, vətəndaşların muzdlu və ya könüllü əsasda xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı formada iştirak etməsi Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır.

Məlumatda qeyd edilib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vətəndaşların hüquq və maraqlarının müdafiəsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Nazirlik beynəlxalq vəziyyətlə bağlı prosesləri diqqətlə izlədiyini bildirərək, vətəndaşları öz təhlükəsizliklərinə məsuliyyətlə yanaşmağa və yüksək riskli fəaliyyətlərdən uzaq durmağa çağırıb.