Yeni Azərbaycan Partiyasının (YAP) Vlll Qurultayı danılmaz həqiqətlərdən birini növbəti dəfə təsbit etdi: siyasi qüvvənin gücü və ona göstərilən ictimai etimadın səviyyəsi Liderin şəxsiyyəti və əldə olunan uğurlarla birbaşa bağlıdır. Ulu Öndər Heydər Əliyev kimi tarixi şəxsiyyətin ətrafında formalaşmış partiyanı müxalifətdən iqtidara gətirən mübarizə yolu əyani şəkildə onu da sübut edir ki, yalnız siyasi fenomen ətrafında birləşən qüvvə tarixi nailiyyətlərə imza ata və xalqın etimadını qoruya bilir.
XX əsrin siyasi nəhənglərindən olan Uinston Çörçill müdrik kəlamlarından birində belə deyirdi: “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. Ulu Öndərin həyat yolu Azərbaycan xalqı, bugünkü və gələcək nəsillər naminə fədakar xidmət nümunəsini təcəssüm etdirir. Heydər Əliyev siyasi fenomeninin gücü həm də bu həqiqətdədir. Xalqımızın Ulu Öndər şəxsiyyətinə vurğunluğunun, tükənməz inam və etimadının kökündə elə bu gerçəklik dayanır. Azərbaycan coğrafi üstünlüyünə və təbii resurslarına görə nə qədər cəlbedici ölkə olsa da, məhz Heydər Əliyev fenomeni onu dünyaya tanıtdıra və saydıra bildi. Ulu Öndərin müasirlərindən olan bir çox dövlət xadimi səmimi etiraf edir ki, Azərbaycanı onlara Heydər Əliyev şəxsiyyəti tanıtdırdı.
Heydər Əliyev yalnız bir xalqın, bir dövlətin, hətta coğrafiyamızın hüdudlarına sığmayan nəhəng dövlət adamıdır. Ötən əsrin 90-cı illərinin əvvəlində Türkiyənin Xarici İşlər naziri olmuş Hikmət Çətin Ulu Öndərlə bağlı xatirələrindən birində qeyd edir ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisindən keçməsi məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində mümkün olub. Ulu Öndər alternativ marşrutlarla bağlı bütün təkidli təklif və təzyiqləri qətiyyətlə rədd edərək açıq şəkildə bildirib ki, ya bu kəmər Türkiyədən keçəcək, ya da ümumiyyətlə olmayacaq. Hikmət Çətin Heydər Əliyevlə görüşündən maraqlı bir söhbəti də yada salır. Həmin görüşdə o, Ulu Öndərə deyib ki, nə yaxşı oldu, Siz SSRİ rəhbərliyinə gəlmədiniz. Heydər Əliyev niyə bu cür düşündüyünün səbəbini soruşduqda, Hikmət Çətin belə cavab verib: “Qorbaçovun əvəzinə Siz olsaydınız, Sovet İttifaqı dağılmayacaqdı”.
Bu xatirə, əslində, Heydər Əliyev siyasi fenomeninin təsir gücünün və şəxsiyyət böyüklüyünün səmimi etirafı və dəyər meyarıdır. Siyasət dəllalı Mixail Qorbaçovun və onun etnik ermənilərdən ibarət yaxın çevrəsinin Ulu Öndərə qısqanclığının, Heydər Əliyevə və ailə üzvlərinə qarşı total təqib kampaniyasının arxasında elə bu gerçəklik dayanırdı. O dövrdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi fəaliyyət göstərən İlham Əliyevin tədris ocağından kənarlaşdırılması da həmin təqib kampaniyasının tərkib hissəsi idi. Qorbaçov SSRİ kimi böyük dövlətə rəhbərlik etsə də, Heydər Əliyev şəxsiyyəti ilə müqayisədə çox cılız göründüyünün və taleyin acı təsadüflərindən biri olduğunun fərqində idi. O və ətrafı yaxşı bilirdilər ki, Ulu Öndər Siyasi Büroda qaldıqca, onlar Azərbaycanla, Qarabağla bağlı məkrli planlarını həyata keçirə bilməyəcəklər. Prezident İlham Əliyevin YAP-ın Vlll Qurultayında səsləndirdiyi açıqlama elə həmin gerçəkliyə söykənir: “Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Çünki xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş-1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir”.
Nə qədər acı olsa da, tarixi həqiqətlərdən biri də budur ki, sonrakı dövrdə Ulu Öndərə qarşı təqib kampaniyasına Azərbaycanın ozamankı siyasi rəhbərlikləri də qoşuldu. Çünki dövlət idarəçiliyinin və milli maraqların məsuliyyətini dərk etməyən bu şəxslərin siyasi rəqabət anlayışı qorbaçovkimilərinin rəzil və aciz yanaşmasından heç nə ilə fərqlənmirdi. Onlar da yaxşı bilirdilər ki, Ulu Öndərin şəxsiyyəti fonunda çox cılız görünürlər və ən başlıcası, Azərbaycan xalqı bunun fərqində idi. Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi növbəti açıqlama həmin dövrün reallığını tam dolğunluğu ilə əks etdirir: “Təsəvvür edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın”.
1987-ci ildən 1993-cü ilin iyununa qədər Azərbaycana rəhbərlik etmiş bütün siyasi hakimiyyətlər, xüsusilə AXC-Müsavat cütlüyü də bu həqiqətin fərqində idi. Lakin hakimiyyət hərisliyi, heç bir əsası olmayan siyasi ambisiyaları onlara imkan vermirdi ki, bu gerçəkliklə barışsınlar. Yalnız xalqımızın ardıcıl və təkidli tələbini gördükdən sonra siyasi leksikona analoqsuz “yenilik” gətirdilər: fəaliyyətlərini “dondurduqlarına” dair gülünc bəyanatlar verərək siyasi səhnədən qaçdılar. Sözsüz ki, bu cür istefaların siyasi mədəniyyətlə heç bir əlaqəsi yox idi, yeganə səbəb AXC-Müsavat hakimiyyətinə xalqımızın kütləvi qəzəbi və etimadsızlığı idi.
Böyük mütəfəkkir İmmanuel Kantın müdrik bir kəlamı var, o deyirdi: “Dahilik elə işlər görməkdir ki, onları başqalarından öyrənmək və başqalarına öyrətmək mümkün deyil”. Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin dahiliyi ondadır ki, Sovet İttifaqı kimi imperiyanın təhlükəli təqib kampaniyasına, öz Vətənindəki siyasi hakimiyyətlərin ləyaqətsiz mübarizə üsuluna, Bakıya qayıtdıqdan sonra həyatına edilən sui-qəsd cəhdlərinə və böyük güclərin siyasi təzyiqinə baxmayaraq, Azərbaycanı bir dövlət kimi parçalanmaqdan, vətəndaş müharibəsi və kütləvi qardaş qırğını təhlükəsindən xilas etdi. Aparıcı aktorların müqavimətini dəf edərək onların geoiqtisadi maraqlarını uzlaşdırmağa və “Əsrin kontraktı”nın imzalanmasına nail oldu. Bununla ölkəmizin iqtisadi müstəqilliyinin möhkəm təməli qoyuldu, əldə olunan dividendlər Azərbaycanın dərin iqtisadi-siyasi tənəzzüldən çıxmasına, əhalinin sosial rifahına və güclü ordu quruculuğuna istiqamətləndirildi. Dövlətlə cəmiyyət, hakimiyyətlə vətəndaş arasında qarşılıqlı etimadın bünövrəsi qoyuldu. Elə bütün bunlara görə, Ulu Öndərin hakimiyyətə qayıdışı xalqımızın yaddaşında böyük Xilaskarlıq missiyasının təcəssümü kimi yaşayır!
Həmin missiyanın açdığı yol xalqımızın tarixi nailiyyətlərinə, Qarabağın işğaldan azad olunmasına, ərazi bütövlüyümüzün və suverenliyimizin tam və mütləq mənada bərpasına zəmin yaratdı. Adətən, bir çoxları iddia edir ki, siyasət və dürüstlük arasında dərin uçurum mövcuddur. Heydər Əliyev siyasi irsinin möhtəşəmliyi ondadır ki, qət edilən yol bunun əksini sübut etdi. Sübut etdi ki, yalnız ləyaqətli siyasət ümummilli maraqların bərpasını təmin edə və müstəqil dövlətçilik məfkurəsi ətrafında xalqın birliyini qoruya bilir. Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi bu fikir Heydər Əliyev siyasi irsinin bənzərsiz və ibrətamiz ucalığını təcəssüm etdirir: “Heç vaxt ikibaşlı oyun oynamamışıq. Heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik. Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik, bu gün də üzləşirik. Amma biz heç vaxt onlar kimi ola bilmərik. Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür”.
Tarixi Zəfər Gününün ictimai düşüncədə ləyaqət anlayışı ilə sinonimləşməsi həm də bu baxımdan təsadüfi deyil. Çünki son iki əsrlik tariximizdə əldə olunan misilsiz və bənzərsiz Qələbənin təməlində Heydər Əliyev kimi dahi şəxsiyyətin müdrik siyasi irsi və bu irsin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsi amili dayanır. Həyat bir daha sübut edir ki, istənilən siyasi qüvvəni güclü edən onun Lideri və Liderin qərarlarına xalqın etimadıdır.
Azərbaycan iqtidarının, o cümlədən Yeni Azərbaycan Partiyasının tarixi nailiyyətlərinin kökündə elə bu həqiqət dayanır. Həmin gerçəkliyi görən və tarixi Qələbəmizə sidq-ürəkdən dəyər verən hər kəs, hətta bədxahlarımız da bilir ki, Azərbaycanda Heydər Əliyev siyasi irsinin alternativi yoxdur! Üzləşdiyimiz bütün ədalətsizlik və təzyiqlərə yalnız bu yoldan sapmadan qalib gələ bilərik.
Ülvi Quliyev,
Milli Məclisin deputatı