Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir siyasi tarixində mühüm hadisələrdən biridir. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi və iqtisadi böhran, dövlət idarəçiliyində yaranmış çətinliklər, Ermənistanın hərbi təcavüzü və müstəqilliyin ciddi təhlükə ilə üzləşməsi yeni siyasi qüvvənin formalaşmasını zəruri edirdi. Belə bir şəraitdə dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi və xalqın vahid məqsəd ətrafında birləşdirilməsi əsas vəzifələrdən birinə çevrilmişdi.
Məhz bu tarixi şəraitdə xalqın böyük hörmət və etimad göstərdiyi Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü irəli sürüldü. 1992-ci il noyabrın 21-də Naxçıvanda partiyanın təsis qurultayı keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalılar, tanınmış ictimai xadimlər, gənclər və digər nümayəndələr yeni siyasi təşkilatın ətrafında birləşdilər. Onları bir araya gətirən əsas məqsəd müstəqil Azərbaycanın qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafına nail olmaq idi.
Yeni Azərbaycan Partiyasının yaranması ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və cəmiyyətdəki nüfuzu partiyanın qısa müddətdə geniş ictimai dəstək qazanmasına şərait yaratdı. Partiya özünün siyasi xətti və qarşıya qoyduğu məqsədlərlə cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən mühüm siyasi təşkilata çevrildi.
1993-cü ildə Azərbaycanda siyasi böhranın dərinləşməsi dövlət müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Xalqın tələbi ilə Heydər Əliyevin Bakıya qayıtması və ölkə rəhbərliyinə gəlməsi Azərbaycanın taleyində həlledici rol oynadı. Onun rəhbərliyi ilə siyasi sabitliyin bərqərar edilməsi, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atıldı. Bu dövrdən etibarən Yeni Azərbaycan Partiyası da ölkənin siyasi həyatında aparıcı qüvvələrdən birinə çevrildi və dövlət quruculuğu prosesində fəal iştirak etməyə başladı.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsinə xidmət edirdi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Bununla yanaşı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquqi dövlət quruculuğu və ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə olundu.
2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkənin inkişafında yeni mərhələ başlandı. Prezident İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu davam etdirərək Azərbaycanın iqtisadi və siyasi gücünün artırılmasına, dövlət institutlarının möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş islahatlar həyata keçirdi. O, eyni zamanda, Yeni Azərbaycan Partiyasının sədri kimi partiyanın fəaliyyətinə rəhbərlik etməyə başladı.
Sonrakı illərdə Azərbaycanda genişmiqyaslı quruculuq və inkişaf layihələri həyata keçirildi. Regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirildi, yeni yollar, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur obyektləri inşa edildi. Yeni iş yerlərinin yaradılması, sahibkarlığın dəstəklənməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görüldü.
Aydın Hüseynov
Milli Məclisin deputatı