2020-ci il sentyabr ayının 27-si bütün Azərbaycan xalqı üçün uzun illər həsrətində olduğu, qürur dolu bir günlə başladı. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü, rəşadətini bir daha sübut etdi.
Məhz həmin gün atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçularla yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış məlum dörd qətnaməsini rəhbər tutaraq düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq, eləcə də 30 ildən artıq bir müddətdə ərazilərimizin işğal altında saxlanılmasına son qoyulması məqsədilə Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyev dərhal Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
Beləliklə, 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz sentyabr ayının 27-də “Dəmir yumruq” əks-hücum əməliyyatları ilə başlayaraq 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsinə çevrildi, Qarabağın incisi Şuşanın işğaldan azad olunması ilə bitdi. Uğurlu döyüş əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edidi, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.
Həmin ilin 10 noyabr tarixində Ermənistanın Rusiya Federasiyasına rəsmi müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamə qəbul olundu, beləliklə Ermənistan kapitulyasiya aktına imza atdı. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın Şanlı Ordumuz qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu yox idi. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı.
Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Cəmi 44 gün davam edən Müharibə, qəhrəman zabit və əsgərlərimizin şücaəti qədribilən xalqımızın yüzillik arzularını gerçəyə çevirdi, işğal altında olan torpaqlarımız azad edildi, tarixi ədalət bərpa olundu.
Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci böyük həvəslə, coşqu və vətənpərvərliklə könüllü olaraq cəbhəyə yollandı, düşmənlə qəhrəmancasına vuruşdu. Sözsüz ki, müharibənin öz qanunları var. Əgər müharibə varsa – şəhid də var, qazi də, itki də. Təəssüflər olsun ki, bu müharibə də qurbansız ötüşmədi. Azərbaycanın 2908 hərbçisi torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, 6 nəfər itkin düşdü, minlərlə igid qazi adını qazandı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Biz onların qanını aldıq! Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
Təsadüfi deyil ki, milli iradə, milli ruh, milli ləyaqət təntənəsinə çevrilən 27 sentyabr tarixi Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il İkinci Qarabağ-Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Ümumiyyətlə, Azərbaycan dövləti Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.
Şəhidlərimizin, qəhrəman övladlarımızın adlarının əbədiləşdirilməsi məqsədilə yaradılan Zəfər Parkı, 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan inşa edilmiş Zəfər tağı, Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi xalqımızın qəhrəmanlıq dastanını hər zaman yaşadacaq.
Bu gün isə Azərbaycan xalqı heç bir zaman olmadığı qədər sülhə yaxındır. Cənubi Qafqaz artıq münaqişə ocağından bütün xalqların rifah içində yaşaya biləcəyi bir məkana çevrilməkdədir. 08 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Vaşinqton Bəyannaməsinin imzalanması, eyni zamanda Sülh Sazişinin mətninin paraflanması davamlı sülhün əldə olunması istiqamətində mühüm dönüş nöqtəsi oldu.
Xüsusilə, Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarımızda müasir şəhərsalma standartlarına uyğun həyata keçirilən bərpa və quruculuq işləri, dünyamızda baş verən geo-siyasi dəyişikliklər fonunda regionun iqtisadi potensialının daha da artması, Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında strateji nəqliyyat mərkəzinə çevrilməsi beynəlxalq ictimaiyyətin davamlı sülhün əldə olunmasına marağını artırmaqdadır.
Bu məcrada 11-13 sentyabr 2026-cı il tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfəri təsadüfi deyildi. Həmin səfər bir daha onu göstərdi ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Lakin, Ermənistan cəmiyyətinin daxilində revanşist, ölkəmizi gözü götürməyən qüvvələr əsassız, saxta bəyanatlar səsləndirərək sülhün əldə olunması prosesinə zərbə vurmağa çalışdılar.
Bütün bunlara baxmayaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz qətiyyətli mövqeyindən bir addım belə geri çəkilməyəcək, regionda yeni reallıqları diktə etməyə davam edəcəkdir. Şanlı Zəfərimizin yaratdığı bu yeni reallıq nəinki ölkəmizin suverenliyi, ərazi bütövlüyünü, eyni zamanda bütövlükdə regionun, xalqların təhlükəsiz və rifah içində dinc gələcəyini qoruyacaqdır.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı