Prezident İlham Əliyev: “Son
vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək”
Azərbaycan iqtisadiyyatının qarşıdakı mərhələdə
əsas hədəflərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun
genişləndirilməsi və ölkənin təbii resurslarının daha yüksək əlavə dəyər
yaradan məhsullara çevrilməsidir. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi
ilə keçirilən “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal
filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr
olunmuş müşavirə bu baxımdan mühüm istiqamətləri ortaya qoydu. Müşavirədə səsləndirilən
fikirlər göstərir ki, qarşıdakı dörd il üçün qarşıya qoyulan məqsəd yalnız yeni
yataqların istismara verilməsi və filiz hasilatının artırılması ilə məhdudlaşmır.
Dövlət proqramının miqyası qarşıya qoyulan
maliyyə və istehsal göstəricilərində də aydın görünür. 2027–2030-cu illərdə
proqram çərçivəsində ümumilikdə 5,3 milyard manat investisiyanın həyata
keçirilməsi nəzərdə tutulur. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2
milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl
sektorun vəsaiti hesabına formalaşması planlaşdırılır. Beləliklə,
investisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb edilməsi nəzərdə
tutulur. Proqramın 2030-cu ilədək əsas hədəflərindən biri dağ-mədən və
metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata
yüksəldilməsidir. Sektorun illik ixrac potensialının isə 1,3 milyard manatdan
3,4 milyard manata çatdırılması planlaşdırılır. Bu göstəricilər sözügedən sahənin
Azərbaycanın qeyri-neft iqtisadiyyatında daha böyük çəkidə yer tutmasının nəzərdə
tutulduğunu göstərir. Prezident İlham Əliyev proqramın icrası nəticəsində beş
mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulduğunu bildirib.
Bununla yanaşı, gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan
çox ola biləcəyi qeyd edilib. Bu rəqəmlər bir məqamı xüsusilə ön plana çıxarır:
söhbət ayrı-ayrı mədən layihələrindən deyil, mədənçilikdən metallurgiyaya qədər
bütöv sənaye ekosisteminin formalaşdırılmasından gedir.
Azərbaycan son iki onillikdə enerji
infrastrukturu və ixrac imkanlarının genişləndirilməsi istiqamətində böyük
layihələr həyata keçirib. Prezidentin müşavirədə qeyd etdiyi kimi, hazırda ölkədə
qazlaşmanın səviyyəsi 96 faizdir və Azərbaycan 25 milyard kubmetrdən çox təbii
qaz ixrac edir. Bu göstəricilər ölkənin enerji təminatında əldə etdiyi
imkanların miqyasını nümayiş etdirir. Lakin
iqtisadi inkişafın uzunmüddətli perspektivində enerji sektorunun yaratdığı
imkanlardan istifadə etməklə yanaşı, yeni sənaye istiqamətlərinin
formalaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Elə buna görə də dağ-mədən və
metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi baxımından
diqqət çəkir. Prezidentin çıxışında qeyri-neft sektorunun cari ilin ilk səkkiz
ayında 5,4 faiz artdığı bildirilib. Burada əsas məsələ həmin artımın dayanıqlı
və uzunmüddətli xarakter almasıdır. Yeni dövlət proqramlarının məqsədi də məhz
istehsal, investisiya və ixrac imkanlarını genişləndirərək qeyri-neft
iqtisadiyyatının strukturunu daha da gücləndirməkdir.
Dağ-mədən sənayesinin inkişafında Qarabağ və Şərqi
Zəngəzurun xüsusi yeri var. İşğal illərində bu ərazilərin iqtisadi
potensialından Azərbaycanın inkişafı naminə istifadə etmək mümkün olmayıb. Eyni
zamanda, təbii sərvətlərə və meşə fonduna ciddi ziyan vurulduğu barədə Azərbaycan
tərəfinin təqdim etdiyi məlumatlar var. Prezident İlham Əliyev müşavirədə Kəlbəcər,
Laçın və Zəngilan rayonlarında işğal dövründə 60 min hektar meşə fondunun məhv
edildiyini bildirib. Bu gün isə həmin ərazilər
yenidən iqtisadi dövriyyəyə cəlb olunur. Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl,
mis və molibden yataqları ilə bağlı layihələr proqramın mühüm istiqamətlərindəndir.
Ağdərədə artıq işlərin başladığı, Kəlbəcər və Zəngilanda isə qarşıdakı dövrdə
işlərin genişləndirilməsinin nəzərdə tutulduğu açıqlanıb. Burada söhbət yalnız
mədənlərin istismarından getmir. Əsas məqsəd hasilatın ardınca zənginləşdirmə,
emal və mümkün olduğu hallarda son məhsul istehsalının da ölkə daxilində təşkil
edilməsidir. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurun bərpasına iqtisadi ölçü də
qazandırır. Yeni sənaye müəssisələrinin yaradılması həmin ərazilərdə məşğulluğun
artmasına, xidmət sektorunun genişlənməsinə, logistika və infrastruktur layihələrinin
sürətlənməsinə təsir göstərə bilər.
Proqramın əsas layihələri
arasında Balakən rayonundakı “Filizçay” polimetal yatağı, “Daşkəsən” dəmir
filizi layihəsi, “Söyüdlü”, “Dəmirli” və digər yataqlar xüsusi yer tutur. “Filizçay”
yatağının iqtisadi dövriyyəyə cəlb edilməsi mis, sink və qurğuşun üzrə istehsal
və ixrac imkanlarını genişləndirə bilər. Dövlət proqramında bu yatağın
istismara hazırlanması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.
“Daşkəsən” layihəsində isə daha geniş
istehsal zəncirinin yaradılması planlaşdırılır. Burada dəmir filizinin
hasilatı, zənginləşdirilməsi, pelet istehsalı və isti briketləşdirilmiş dəmir
istehsalının təşkili nəzərdə tutulur. Proqram təqdimatında isti briketləşdirilmiş
dəmir istehsalı üzrə illik 2 milyon ton gücün yaradılması planı açıqlanıb. Belə
bir zəncirin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan filizi sadəcə xammal
kimi ixrac etmək əvəzinə onu ölkə daxilində daha yüksək əlavə dəyərə malik məhsula
çevirə bilər. Bu isə metallurgiyanın digər sahələrinin də inkişafına stimul
yarada bilər.
Dövlət proqramının digər mühüm istiqaməti
alüminium sənayesidir. Prezident İlham Əliyev proqram çərçivəsində alüminium
istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılmasının qarşıya məqsəd
qoyulduğunu bildirib. Proqram təqdimatında
isə Elektroliz zavodunun illik gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının
istehsalının 20 min tondan 50 min tona çatdırılması, həmçinin kalsinasiya, anod
bişirmə və karbon anod bloklarının istehsalı üzrə yeni güclərin yaradılması nəzərdə
tutulduğu açıqlanıb Bu, iqtisadi baxımdan mühüm yanaşmadır. Çünki
metallurgiyada gəlirin və rəqabət qabiliyyətinin böyük hissəsi yalnız xammalın
mövcudluğu ilə deyil, onun nə dərəcədə emal olunması ilə müəyyən edilir. Eyni
miqdarda xammaldan daha yüksək emal səviyyəli məhsul istehsal etmək daha böyük əlavə
dəyər və daha geniş ixrac imkanları yarada bilər.
Proqramın mühüm xüsusiyyətlərindən biri dövlət
və özəl kapitalın paralel şəkildə cəlb edilməsidir. Prezidentin çıxışında işlərin
həm dövlət xətti ilə, “AzerGold” vasitəsilə, həm də özəl sektorun iştirakı ilə
aparılacağı bildirilib. Xarici investorların da geoloji kəşfiyyat və digər
layihələrə cəlb edilməsi imkanları açıq saxlanılır. Bu model xüsusilə kapital tutumlu dağ-mədən sənayesi
üçün əhəmiyyətlidir. Çünki yeni yataqların aşkar edilməsi, geoloji kəşfiyyat, mədən
infrastrukturu, emal müəssisələri və logistika böyük həcmdə uzunmüddətli
investisiya tələb edir.
Dövlət proqramının investisiya strukturunda özəl
və digər qeyri-büdcə mənbələrinin əhəmiyyətli paya malik olması da bu yanaşmanı
təsdiqləyir. Dövlət burada yalnız investor deyil, həm də tənzimləyici,
infrastruktur yaradan və investisiya mühitini formalaşdıran tərəf kimi çıxış
edir.
Azərbaycan qarşıdakı dörd ildə
dağ-mədən və metallurgiya sənayesində yeni mərhələyə qədəm qoymağa hazırlaşır. 5,3
milyard manatlıq investisiya planı, 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin
1,8 milyard manata, ixrac potensialının 3,4 milyard manata çatdırılması hədəfi
və beş mindən çox yeni daimi iş yerinin yaradılması planı bu istiqamətin
miqyasını göstərir. Əsas məsələ isə rəqəmlərin özündən daha genişdir. Söhbət Azərbaycanın
iqtisadi modelində xammal ixracından daha yüksək əlavə dəyər yaradan istehsala
keçidin sürətləndirilməsindən gedir.
Qızıl, mis,
molibden, dəmir filizi, polimetal və alüminium kimi resursların iqtisadi
dövriyyəyə cəlb edilməsi yalnız mədən sənayesinin deyil, metallurgiyanın,
logistikanın, xidmət sektorunun, kadr hazırlığının və regionların inkişafının
da yeni imkanlarını formalaşdıra bilər.
Dövlət proqramının qarşıya qoyduğu əsas xətt — “xammal
hasil etməkdən daha çox, xammaldan dəyər yaratmaq” — məhz bu yeni mərhələnin
mahiyyətini ifadə edir. Qarşıdakı dörd il isə bu strategiyanın
konkret istehsal, investisiya və ixrac nəticələrinə çevrilməsi baxımından həlledici
dövr olacaq.
Qasımov Səyavuş Kamran oğlu,
Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent