BMT Baş Assambleyasının 81-ci sessiyası İkinci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq təhlükəsizlik sisteminin böhran keçirdiyini açıq göstərdi. Müzakirələr qarşılıqlı ittiham, boykot və hərbi təhdidlərlə yadda qaldı.
Azərbaycan müstəqillik
qazananda beynəlxalq qurumlardan gözləntiləri böyük idi. 1994-cü ilin 29
sentyabrında milli lider Heydər Əliyevin Assambleyadakı çıxışı ölkəmizin məruz
qaldığı işğalın beynəlxalq səviyyədə tanıdılması və gələcək Zəfərin əsasını
qoydu. Ona görə 32 il sonra Azərbaycan dövlətinin ədaləti təmin etməsi 81-ci
sessiyanın əsas siyasi mövzusu olmalı idi.
Lakin əvəzində qardaş
Türkiyənin müəyyən sol və islamçı media platformalarında ölkəmiz ayrıca hədəfə
alındı və xeyli müddətdir aparılan sistemli kampaniya iki dövlətin münasibətlərinə
zərər vurmağa yönəldi. İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışına
qarşı onlarla etirazçının plenar zalı tərk etməsi hər bir dövlətin apardığı siyasətin
ölçüsünə çevrildi. Halbuki Azərbaycanın Fələstin məsələsində iki dövlətli həll
variantını, daimi atəşkəsi və humanitar yardımları ardıcıl dəstəkləməsi bir
günlük zal boykotundan daha əhəmiyyətlidir.
On illər boyu fələstinlilərin
hüquqlarını sümürən və onu geosiyasi maraqları üçün alətə çevirən mərkəzlər ölkəmizin
30 illik işğalına qarşı hansı etiraz və yardım siyasətini həyata keçiriblər? Serj
Sarkisyan və Robert Koçaryan Assambleyada çıxış edərkən Xocalı qətliamına görə neçə
müsəlman lideri və aparıcı Qərb dövlət təmsilçisi Nyu Yorkun baş binasını tərk
ediblər? Qəzza məsələsini dünyanın bir
nömrəli problemi elan edən dairələr torpaqlarıızın azad olunmasına yox, heç
olmasa indi Zəfərimizin legitimliyini tanımağa və Qarabağda Yeni Vətən quruculuğuna
hansı köməyi göstəriblər?
Müharibə qurbanlarına dəstək
yalnız bəyanat, qətnamə qəbulu və zalı tərk etməklə ölçülmür. Ötən əsrdə o
torpaqlarda qanlı toqquşmaları yaradan indi salonu tərk edən bir çox dövlətlərdir.
Emanuel Makron islam dünyasının rəğbətini qazanmaq üçün alovlu bir çıxış
etdi, halbuki 2020-ci ilin 25 noyabrında hökuməti ikinci erməni dövlətini tanımağa
çağıran da məhz Fransa Senatı idi.
İkinci dünya müharibəsindən
sonra Almaniyanın
bərpasında Marşal Planı mühüm rol oynamışdı. Azad Qarabağda ortaq “İslam və Türk
Marşalı” layihəsini həyata keçirib Zəngilanda bir kəndi inşa etməyənlərin özlərini
qlobal prokuror kimi aparmağa ixtiyarı yoxdur. Həmrəylik təkcə salondan çıxmaqla ölçülmür,
dağıdılmış şəhərləri, məktəbləri, xəstəxanaları və insanların həyatını yenidən
qurmaqla sübut olunur.
81-ci sessiyada mühakimə
edilməli ölkə biz deyilik, icrasız qətnamələr və otuz illik münaqişəni həll etməyən
beynəlxalq təşkilatlardır. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini özü təmin
edib və indi Qafqazda çoxəsrlik düşmənçiliyə son qoyaraq sülh erasını başladır.
BMT-nin ölkəmizdən öyrənəcəyi
dərs, bir diplomatın kresloda qalıb-qalmamasından qat-qat böyükdür.
Təklif edirik ki,
BMT-nin müvafiq institutları ilə birlikdə parlamentin payız sessiyasında qlobal
dünya nizamını təmin edən Zəfərimizə həsr olunan ardıcılı tədbirlər keçirilsin.
İkinci məsələ, Zəfərin
yaratdığı yeni hüquqi, sosial, iqtisadi və təhlükəsizlik reallığının
qanunlarını formalaşdırmaq da Milli Məclisin üzərinə düşür. Ermənistanla
münasibətlər normalllaşan kimi onun ardınca gömrük, tranzit, sərhəd ticarəti və
digər əlaqələri üzrə geniş hüquqi münasibətlərin zərurəti meydana çıxacaq.
Sabah sərhədlər açılarsa, hansı gömrük rejimi işləyəcək, tranzit yüklərin
hüquqi və sığorta təminatı necə olacaq, yeni mərhələdə enerji xətlərinin, dəmir
yollarının, rəqəmsal kommunikasiya şəbəkələrinin və beynəlxalq nəqliyyat dəhlizlərinin
təhlükəsizliyi ön plana çıxır. Təklif edirik ki, Parlamanetin payız
sessiyasında Cənubi Qafqaz sülh və inteqrasiya mövzusunda ardıcıl tədbirlər
keçirilsin.