Zaqatalada Anım Günü 

27 Sentyabr – Anım Günü ilə əlaqədar Zaqatala rayonunda keçirilən tədbirlərdə Milli Məclisin deputatı Asif Əsgərov, Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyəti ilə birlikdə iştirak edib.

İlk olaraq Zaqatala şəhər qəbiristanlığında şəhidlərimizin məzarları ziyarət olunub, məzarları üzərinə gül dəstələri qoyularaq əziz xatirələri dərin ehtiramla yad edilib.

Daha sonra “Zəfər Kompleksi” ziyarət olunub və Zaqatala rayon şəhidlərinin xatirə abidəsi önündə “27 sentyabr – Qəhrəmanlıq tariximizin başlanğıcı” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tofiq Əhmədov açılış nitqi ilə başlayıb.

Tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu qeyd edib. Deputat Vətən müharibəsində və sonrakı dövrdə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarını fəda edən şəhidlərimizin misilsiz qəhrəmanlığından danışıb.

Asif Əsgərov çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaət, dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində tarixi Zəfərin əldə olunduğunu vurğulayıb. Bildirib ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və Vətən sevgisi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların canı bahasına əldə edilən Zəfər və bərpa olunan ərazi bütövlüyümüz hər birimiz üçün müqəddəs əmanət olaraq qalacaq.

Tədbirdə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsi rəisinin müavini Vüsal Qardaşlı, şəhid anaları Züleyxa Laçınova və Salminaz Allahyarova çıxış edərək şəhidlərimizin qəhrəmanlığından, onların ailələrinin keçdiyi ağır və şərəfli yoldan söz açıb, Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin daim uca tutulmasının vacibliyini bildiriblər.

Daha sonra şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq rayon ictimaiyyəti ilə birlikdə bir dəqiqəlik sükut elan olundu.

Anım Günü ilə əlaqədar keçirilən tədbirlərin davamı olaraq millət vəkili Asif Əsgərov şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə Zaqatala şəhərində təşkil olunan ağacəkmə aksiyasına qoşulub.

27 Sentyabr – Anım Günü bir daha şəhidlərimizin qarşısında sonsuz ehtiramımızı ifadə etdiyimiz, onların müqəddəs xatirəsini ehtiramla yad etdiyimiz əlamətdar gündür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!