Razi Nurullayev: “Natiq Cəfərli azad edilməli, qanunsuz həbslərə son qoyulmalıdır”


"İqtisadçı Natiq Cəfərlinin həbsi məndə nəinki təəccüb, həm də şok yaratdı. Natiq bəyin cinayət törətməsi, qanunsuzluq etməsi inandırıcı deyil. Bu bir yanlışlıq, bir anlaşılmazlıq olmalı. Ümid edirəm ki, o tezliklə azadlığına qovuşacaq. O, bu gün düşünə bilən, yarada bilən, ölkə üçün lazımlı iş görə bilən bir insandır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev REAL hərəkatının üzvü Natiq Cəfərlinin həbsinə münasibət bildirib. O qeyd edib ki, Parlaq insanların həbsi və həyatlarını qaranlıq divarlar içərisində keçirməsi Azərbaycanın da gələcəyini qaranlıqlara qərq etməkdir:

"Ölkədə həbs dalğasının sona çatdığına ümid edirdik. Belə deyilmiş. Hakimiyyətin əks düşünənləri, fərqli fikir irəli sürənləri və qanun çərçivəsində tənqidi fikir səsləndirənləri həbs etməsi yolverilməzdir və Azərbaycan Xalq Cəbhəsi Partiyası bu cür addımları qətiyyətlə pisləyir və hakimiyyəti qanunlar çərçivəsindən kənara çıxmamağa çağırır. Hakimiyyətin öz iradəsini vətəndaşlara sırıması mümkün deyil və biz bu tip hərəkətlərə qarşı barış mövqeyi tuta bilməyəcəyik. Bu cür həbslər cəmiyyət içində qarşıdurma meyllərini gücləndirir, o cümlədən iqtidar və müxalifət arasında münasibətləri uçuruma doğru aparır.

Məhkəmələrin ədalətinə inanmasaq da, ümid edək ki, məhkəmə apelyasiya şikayətinə (inanıram ki, Natiq bəyin vəkilləri bu addımı atacaqlar) düzgün qərar verəcək və Natiq bəyin pozulmuş hüququnu bərpa edəcək”.

Razi Nurullayev sonda AXCP-nin hakimiyyətdən tələbi olduğunu bildirib::

"Biz hakimiyyətdən Natiq Cəfərlini dərhal azad etməsini tələb edir və bu qanunsuz həbslərə son qoymasını istəyirik”.