Rusiya XİN: - "Azərbaycan Rusiyanın regionda vacib strateji tərəfdaşıdır"

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana işgüzar səfərə gələcək. Qarşıdakı danışıqları Rusiya-Azərbaycan siyasi dialoqunun inkişafının davamı kontekstində nəzərdən keçiririk".

sabahinfo.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) qarşıdakı səfərlə bağlı şərhində deyilir.

XİN qeyd edir ki, Bakıda keçiriləcək görüşlərdə ikitərəli gündəliyin aktual məsələləri müzakirə olunacaq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların irəliləyişi istiqamətində fikir mübadiləsi aparılacaq.

RF XİN-dən bildiriblər ki, Rusiya Bakı ilə əlaqələri hüquq bərabərliyi, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında qurur: "Humanitar sahədə ənənəvi əlaqələrin genişləndirilməsinə, Azərbaycan və Rusiya xalqları arasında tarixən yaranmış sıx mənəvi ünsiyyətin inkişafına böyük önəm veririk".