Obama Dalay Lama ilə yenə görüşmək qərarına gəlib

ABŞ prezidenti Barak Obama bu gün Tibet buddistlərin lideri Dalay Lama ilə görüş keçirəcək. Görüş bağlı qapı arxasında keçiriləcək.

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

 

Bakı vaxtı ilə 18.15-də keçiriləcək görüşə mətbuat nümayəndələri buraxılmayacaq

 

ABŞ prezidentinin Dalay Lama ilə növbəti dəfə görüş keçirməsi rəsmi Pekinin sərt reaksiyasına səbəb olacağı gözlənilir.

 

Pekin Hindistanda mühacirətdə yaşayan Dalay Lamanı Tibeti Çindən ayırmaq cəhdlərində günahlandırır və xarici dövlətləri Çinin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırır.