Məişət zorakılığı məhkəmə predmetində

Dəyişən dünyada elmin və texnologiyanın inkişaf etməsinin bir sıra üstünlükləri olsa da, yeniliklər insanlara özü ilə bağlı bir sıra problemlər də gətirdi. Bu problemlərin ən böyüyü isə hazırda dinindən, irqindən, əhalisinin etnik tərkibindən və yerləşdiyi coğrafi mövqedən asılı olmayaraq bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin cəmiyyətlərində yaşanan məişət zorakılığı hallarının artmasıdır.

Son 3 ildə dünya ölkələri üzrə aparılan statistik məlumatlara görə, hazırda dünya ölkələrinin cəmiyyətlərində məişət müstəvisində baş verən zorakılıq halları fiziki və seksual zorakılıqların artmasında sosial şəbəkələrin rolu birinci yerdə gəlir.

Son illər sosial şəbəkə istifadəçisi olan qadınların böyük əksəriyyəti elə bu şəbəkə vasitəsi ilə dələduzların əlinə düşürlər və sonradan baş verən ardıcıl proseslər həmin problemdən qaynaqlanan ailə münaqişələrinə, qətllərə belə gətirib çıxarır. Son vaxtlar ölkəmizdə də bu cür “virtual sevgi”lərin qurbanına çevrilən qadınların, bəzən isə yetkinlik yaşına çatmamış qızlar sayı sürətlə artır.

Qeyd edək ki, virtual olaraq qurbanların seçən dələduzlar daha çox qadınlardan iqtisadi maraqlarını təmin etmək, pul qopartmaq məqsədi ilə istifadə edirlər.

Bəzən bu proseslər sonradan həmin qadınların şantaja məruz qalması, xəyanətin üstü açıla biləcək qorxusu ilə intihar etməsi, yaxud da bu münasibətlərdən həyat yoldaşı xəbər tutduğu halda qətlə yetirməsi kimi hallara gətirib çıxarır.

Məişət zorakılığı hallarına qadınlar və uşaqlar öz ailə üzvləri tərəfindən də məruz qala bilirlər. Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, yaxud da əvvəllər və sonra birgə yaşayışdan sui-istifadə etməklə şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Məişət zorakılığı iqtisadi, sosial, fiziki, psixi və cinsi zorakılıq müstəvisində baş verir. Bu zorakılıqdan əziyyət çəkənlər isə daha çox qadınlar və uşaqlar olurlar.

Qeyd edək ki, Azərbaycanda məişət zorakılığın qarşısının alınması sahəsində müvafiq qanunvericilik aktları mövcuddur. Həmin qanunlara əsasən hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının təmin olunması haqqı var. Qanunvericiliyə əsasən qadınlara qarşı ayrı-seçkilik qadağan edilir, kənar şəxslərin şəxsi və ailə həyatına müdaxiləyə yol verilmir. Həmçinin hər kəsin şəxsi məlumatlarının konfidensiallığına riayət olunmalıdır.

Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunub. Həmin Qanunun 5-ci maddəsinə əsasən məişət zorakılığı barəsində şikayətlə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar aldıqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır. Qanunun 5.2-ci maddəsində göstərilir ki, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin olmadığı halda, şikayətə icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətləri yalnız zərərçəkmiş şəxsin və ya onun qanunu nümayəndəsinin razılığı olduqda araşdırılır.

Məişət zorakılığı ilə bağlı şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxanda (Məişət zorakılığının qarşısının alınması haqqında Qanun Maddə 7) cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanuni tələblərin yerinə yetirilməsi ilə yanaşı, məişət zorakılığı faktı təsdiqlənməlidir.

Qanunun tələbinə əsasən zərurət olduğu halda zərərçəkmiş şəxsin dövlət vəsaiti hesabına dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaq, geyim və qida məhsulları ilə təmin edilməli, habelə onun barəsində psixoloji reabilitasiya və psixoloji mərkəzlərə aparılaraq yardım alması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı məlumatlandırılmalıdır.

Məişət zorakılıqları ilə bağlı ilkin araşdırmalarda məişət zorakılığının baş vermə səbəbləri, zərərçəkmiş şəxsin təhlükəsizliyinin təmin olunması, tərəflərin arasında münasibətlərin normallaşmasına kömək məqsədi ilə barışdırıcı müsahibələrin aparılması vacibdir.

Məişət zorakılığı ilə bağlı şikayət araşdırılarkən cinayət işinin başlanması üçün əsaslar olmadıqda məsələ aidiyyatı üzrə müvafiq icra hakimiyyəti orqanına yönəldilir. Cinayət tərkibi olmayan məişət zorakılıqlarına dair şikayətlərdə müvafiq icra hakimiyyəti tərəfindən zərərçəkənə qısa müddətli mühafizə ordeni verir.

Zorakılığı törətmiş şəxsin əməllərində cinayət tərkibi və ya inzibati xəta olan hal aşkar edildikdə isə məsələ müəyyən olunmuş qaydada səlahiyyətli dövlət orqanlarına yönəldilir.

Onu da deyək ki, zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orden məhkəmə tərəfindən verilir. Məişət zorakılığını törətmiş şəxs müvafiq icra orqanları tərəfindən zərərçəkmiş şəxsə verilmiş 30 gündən qısa müddətli mühafizə ordeninin tələbinə, bu halda məhkəmə tərəfindən ona uzunmüddətli mühafizə orden verilə bilər.

Uzunmüddətli mühafizə ordeninin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan qısa müddətli mühafizə ordeninin müddəti hesablanır.

Onu da deyək ki, zərərçəkən və zorakılığı törətmiş şəxslərin ailə maraqlarının qorunması təmin olunması baxımından bu şikayətlərlə bağlı işinə məhkəmə tərəfindən baxıla bilər.

Fuad Hüseynzadə

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.