“Yarandığı gündən şərəfli yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət edib, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşib, dövlətin əsas dayaqlarından birinə çevrilib. Bu gün Prezident İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur”. – bu sözləri Azərbaycan Respublikası Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov nazir vəzifəsinə irəli çəkildiyi 2019-cu il 2 iyul - polis işçilərinin peşə bayramı günü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətinə ünvanladığı təbrik nidasında demişdi.
O vaxt cənab Vilayət Eyvazovun öz vəzifəsinin öhdəsindən layiqlə gələcəyi heç kəsdə şübhə doğurmurdu. Çünki çox hörmətli Vilayət müəllim bu təyinata qədər daxili işlər nazirinin müavini vəzifəsinədək keçdiyi yolda yüksək peşəkarlığı, qüsursuz xidməti, zabit səriştəsi ilə seçilmişdi. Belə də oldu. Ötən müddət ərzində Azərbaycan polisinin fəaliyyətində müşahidə olunan uğurlar, aparılan mütərəqqi islahatlar bir daha belə qənaətə gəlməyə əsas verir ki, həmişə olduğu kimi, bu dəfə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbər kadr seçimində müdrik qərar qəbul etmiş, cənab Vilayət Eyvazov isə Ali Baş Komandanımızın etimadını doğrultmuş, dövlətə, dövlətçiliyə sədaqətini təkrar-təkrar isbatlamışdır. Əminlik yaratmışdır ki, milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.
Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi, təhlükəsizliyinin etibarlı qorunduğu dövlət imicini Azərbaycan daim möhkəmləndirir. Ölkəmiz yenə də əhalinin say nisbəti üzrə cinayətlərin azlığına görə MDB və Şərqi Avropa məkanında öncül mövqeyini qoruyur.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra respublikada daxili sabitliyin təmin edilməsində, əməliyyat şəraitinin və kriminogen durumun stabilləşdirilməsində, qanunçuluğun və hüquq qaydasının möhkəmlənməsində polis böyük rol oynayıb.
2026-cı ilin birinci yarısında da daxili işlər orqanları vəzifələrini uğurla icra edib, vətəndaşların mənafeləri etibarlı şəkildə qorunub, kriminogen durum nəzarətdə saxlanılıb. Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb. Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub.
Ağır, xüsusilə ağır və qrup halında cinayətlərin, şəxsiyyət əleyhinə olanların, adam öldürməyə cəhdlərin, mülkiyyət əleyhinə olanların, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlərin, əvvəllər məhkum olunmuşlar, yetkinlik yaşına çatmayanlar tərəfindən və ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı azalıb.
Qeydə alınan cinayətlərin 90 faizə qədərini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Bu göstəricilər ümumilikdə ölkədəki kriminogen durumun vəziyyətini əks etdirən müsbət məqamlardır. Bununla yanaşı, polis aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli bütün kütləvi tədbirlərdə ictimai qaydanı və təhlükəsizliyi yüksək səviyyədə təmin edir.
Ölkənin hüquq mühafizə orqanlarının səylərinin vahid məqsəd üzərində cəmləşməsi sayəsində cinayətkarlığa qarşı mübarizədə, fundamental insan haqlarının qorunması işində əhəmiyyətli nəticələrə nail olunub. Xidməti fəaliyyətin bütün istiqamətlərində əldə edilmiş irəliləyişləri daha da inkişaf etdirmək Azərbaycan polisi qarşısında duran əsas məqsədlərdəndir.
“Sabahinfo.az” saytının kollektivi adından çox hörmətli nazir Vilayət Eyvazovu və onun şəxsində Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini 2 iyul – Polis İşçisi Günü münasibətilə təbrik edir, peşə fəaliyyətlərində uğurlar arzulayıram.
Elnarə Həziyeva