31 Mart - Azərbaycanlıların soyqırımı, Qan Yaddaşımız

Martın 31-də biz tariximizin ən faciəvi günlərindən birini yad edirik. 104 il bundan əvvəl öz havadarlarının hərbi, maddi, mənəvi dəstəyi ilə təpədən dırnağa qədər silahlanmış ermənilər Bakıda, Gəncədə, Dağlıq Qarabağda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Naxçıvanda, Zəngəzurda, Güney Azərbaycanda xalqımıza qarşı soyqırım cinayəti törətdilər. Üç gün ərzində on minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirildi. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kənddə erməni hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib.

Bakıda təkcə bir həftə ərzində 12 mindən çox dinc sakinlər, əsas da müsəlmanlar vəhşicəsinə qətlə yetirilmişdir. Bəli, bunun tək adı qanlı cinayət, vəhşilikdir.

Dünya buna göz yumdu, dünya buna susdu. Bəzi super güclər, hətta azğınlaşmış ermənilərə dəstək verməkdə davam etdilər. Elə bunun nəticəsində bu vəhşilər soyumuzu, kökümüzü kəsmək üçün tarixdə dəfələrlə bu anti-bəşəri əməllərini Qərbi Azərbaycanda, Qarabağda təkrarlandı.

Dünya yenə susur.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı.1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi.

Dünya yenə susur.

Bu qanlı hadisələrə müstəqil Azərbaycan Respublikasının yaranmasından sonra 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanında adekvat siyasi qiymət verilmiş və həmin gün “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Azərbaycan xalqının tarixində və taleyində xalqımızın milli kimliyini, istiqlalsevərliyini və qəhrəmanlığını təsdiq edən çox əlamətdar tarixi hadisələr olmuşdur. İşğalçılara qarşı on illərlə davam edən üsyanlar, müqavimətlər olmuş, böyük tarixi şəxsiyyətlər yetişmiş və onlar dünyaya layiqli töhfələr vermişlər. Amma bunların içərisində 44 günlük Vətən müharibəsi və onun tarix səhnəsinə çıxardığı Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev xüsusi yer tutur. Prezident İlham Əliyevin azərbaycanlılara qarşı törədilən soyqırımları haqda tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görür. Bu baxımdan, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Fondunun fəaliyyəti çox təqdirəlayiqdir.

Biz Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

 

Mətanət Səfərli

YAP Nəsimi rayon təşkilatında məsləhətçi