“8 Noyabr bütün dünyanın Azərbaycanın tarixi Zəfərinə şahid olduğu gündür!”

“Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılan tarixi Qələbə Azərbaycanın gələcək inkişafına yeni istiqamət verdi, xalqımızın özünəinamını daha da möhkəmləndirdi. İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl ölkəmiz təxminən otuz il ərzində işğalın ağır nəticələri ilə üzləşmişdi. Ermənistanın təcavüzü nəticəsində ərazilərimiz dağıdılmış, tarixi abidələrimiz və mədəni irsimiz zərər görmüş, yüz minlərlə insan doğma yurdlarından didərgin salınmışdı. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasız qalması, münaqişənin həlli üçün yaradılmış vasitəçilik mexanizmlərinin nəticə verməməsi Azərbaycanın üzləşdiyi ədalətsizliyin miqyasını göstərirdi. Ölkəmiz sülh danışıqlarına sadiq qalsa da, Ermənistanın işğalçılıq siyasəti və yeni təxribatları vəziyyətin dəyişməsini zəruri edirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatı Azərbaycan xalqının çoxdan gözlədiyi bu mübarizəsinin həlledici mərhələsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında təşəbbüsü ələ aldı və ardıcıl uğurlar qazandı. “Dəmir yumruq” əməliyyatı dövlətin siyasi iradəsini, ordunun peşəkarlığını və xalqın milli birliyini özündə birləşdirən tarixi hadisə kimi yadda qaldı.”

Bunları millət vəkili Göydəniz Qəhrəmanov aia.az-a açıqlamasında deyib.

Deputat həmçinin bildirib ki, Vətən müharibəsinin nəticələri Azərbaycanın hərbi potensialının miqyasını nümayiş etdirməklə yanaşı, müasir döyüş strategiyasının əhəmiyyətini də üzə çıxardı: “Dəqiq planlaşdırma, müxtəlif qoşun növlərinin əlaqələndirilmiş fəaliyyəti, müasir texnologiyalardan səmərəli istifadə və hərbçilərimizin yüksək döyüş ruhu qələbənin əsas amilləri sırasında idi. Azərbaycan əsgəri və zabiti qarşıya qoyulmuş vəzifələri fədakarlıqla yerinə yetirərək işğal altında olan ərazilərin azad edilməsinə nail oldu. Bu təcrübə ölkəmizin hərbi məktəbinin beynəlxalq səviyyədə öyrənilməsi üçün də zəmin yaratdı. Qırx dörd günlük müharibənin ən mühüm hadisələrindən biri noyabrın 8-də Şuşanın azad olunması idi. Mədəniyyətimizin və tariximizin rəmzlərindən olan bu şəhərin geri qaytarılması qələbənin mənəvi gücünü daha da artırdı. Şuşa əməliyyatı Azərbaycan əsgərinin cəsarətini, yüksək hazırlığını və Vətənə bağlılığını təcəssüm etdirdi. Bu hadisə ilə xalqımızın uzun illər ürəyində yaşatdığı arzu gerçəyə çevrildi, Azərbaycanın tarixi yaddaşında yeni bir səhifə açıldı. Qələbənin qazanılmasında xalq-ordu birliyinin xüsusi yeri oldu. Müharibə dövründə vətəndaşlarımızın cəbhəyə göstərdiyi mənəvi dəstək, könüllülərin orduya qoşulmaq istəyi, şəhid ailələrinə və yaralılara göstərilən qayğı cəmiyyətin vahid məqsəd ətrafında səfərbərliyini nümayiş etdirirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar informasiya müstəvisində fəallıq göstərərək ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verdilər.”

Fikirlərini davam etdirən Parlament üzvü daha sonra ölkəmizin II Qarabağ savaşı dövründə apardığı informasiya müharibəsindən bəhs edib: “Prezident İlham Əliyevin müharibə günlərində beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına, Ermənistanın iddialarının və təcavüzünün ifşa olunmasına xidmət edirdi. Ali Baş Komandanın çıxışları cəmiyyətdə qələbəyə inamı gücləndirir, insanları çətinliklər qarşısında dözümlü olmağa və ümumi məqsəd ətrafında birləşməyə ruhlandırırdı. Beləliklə, hərbi uğurlar diplomatik və informasiya istiqamətlərində də ardıcıl fəaliyyətlə tamamlanırdı. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Razılaşmaya uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Bununla belə, dövlətimizin qarşısında suverenliyin tam bərpası və işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi kimi vəzifələr də qalırdı. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam təmin edildi. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Dövlət Bayrağımızı ucaltması bu tarixi prosesin rəmzi hadisələrindən biri oldu. Zəfərin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyır. Zəfər Gününün təsis edilməsi, Vətən müharibəsi iştirakçılarının orden və medallarla təltif olunması, Zəfər parkının yaradılması qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən sosial dəstək isə dövlətin Vətən qarşısında borcunu şərəflə yerinə yetirən insanlara diqqətinin ifadəsidir. Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparılması, yaşayış məntəqələrinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Zəfərin yeni mərhələsini təşkil edir. Azərbaycan dövləti hərbi qələbəni quruculuq, inkişaf və davamlı sülh hədəfləri ilə tamamlayır. 8 Noyabrın tarixi əhəmiyyəti də məhz bundadır: xalqımız yalnız torpaqlarını azad etmədi, həm də öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirmək əzmini bütün dünyaya nümayiş etdirdi.” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını başa çatdırıb.