“Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mənası təqvimdəki bir tarixdən, hər hansı tarixi hadisənin xatırlanmasından qat-qat böyükdür. 8 Noyabr, Zəfər Günü də məhz belə günlərdəndir. Bu tarix otuz ilə yaxın davam edən torpaq həsrətinin sona çatdığı, milli qürurumuzun, sarsılmaz iradəmizin və dövlətçilik əzmimizin bütün dünyaya nümayiş olunduğu unudulmaz Qələbənin rəmzidir. Zəfər bizim üçün azad edilmiş torpaqlardan, yüksəldilən bayraqlardan və qazanılmış hərbi üstünlükdən daha böyük məna daşıyır. Bu, bir xalqın öz tarixinə, yaddaşına, köklərinə və gələcəyinə sahib çıxmasının təntənəsidir.
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan Qarabağ münaqişəsi xalqımız üçün ağır faciələrə yol açdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edildi, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə misli görünməmiş ziyan vuruldu. Bir milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatının ağrı-acısını yaşamağa məcbur oldu. Minlərlə ailənin taleyinə ayrılıq, itki və həsrət yazıldı. Dağıdılmış evlər, viran qoyulmuş şəhərlər, susmuş ocaqlar və ata-baba yurduna qayıtmaq ümidi ilə yaşayan insanlar bu münaqişənin yaddaşımızda buraxdığı ağır izlər idi.
Azərbaycan xalqı bütün bu illər ərzində öz torpaqlarına qayıdacağına, ədalətin bərpa olunacağına inamını itirmədi. Çünki Qarabağ məsələsi xalqımız üçün heç vaxt sıradan bir siyasi mübahisə olmayıb. Bu, milli kimliyimiz, mənəvi bütövlüyümüz və dövlətimizin suverenliyi ilə bağlı prinsipial məsələ idi.İşğal dövründə Azərbaycanın əsas strateji hədəfi ərazi bütövlüyünün bərpası oldu. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət məhz bu milli məqsədə xidmət edirdi. Dövlət başçısının sonradan qeyd etdiyi kimi, 2003-cü ildən etibarən atılan addımların hər biri Azərbaycanın gücləndirilməsinə, torpaqlarımızın azad edilməsinə və düşmənin doğma yurdumuzdan qovulmasına hesablanmışdı. Bu böyük hədəfə çatmaq üçün siyasi iradə ilə yanaşı, iqtisadi güc, diplomatik imkanlar və hərbi qüdrət formalaşdırılmalı idi. Azərbaycan bir tərəfdən beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə edir, danışıqlar prosesində prinsipiallıq nümayiş etdirir, digər tərəfdən isə güclü dövlət və müasir ordu quruculuğunu davam etdirirdi. Ordunun döyüş qabiliyyətinin artırılması, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi, müasir silah və texnika ilə təchizat, hərbi sənaye kompleksinin yaradılması dövlət siyasətinin mühüm istiqamətlərinə çevrildi. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli enerji və nəqliyyat layihələri regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişdirdi. Ölkəmiz beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşına, mühüm enerji və nəqliyyat qovşağına çevrildi. Bütün bunlar Azərbaycanın diplomatik imkanlarını genişləndirdi, milli maraqlarımızın beynəlxalq müstəvidə müdafiəsi üçün əlavə imkanlar yaratdı. Bununla belə, münaqişənin sülh yolu ilə həlli üçün yaradılmış beynəlxalq mexanizmlər öz missiyasını yerinə yetirə bilmədi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi icra edilmədi. ATƏT-in Minsk qrupunun uzun illər davam edən fəaliyyəti münaqişənin həllinə gətirib çıxarmadı. Azərbaycan danışıqlar prosesinə sadiqliyini qorusa da, beynəlxalq vasitəçilik mexanizmlərinin nəticəsizliyi işğalın davam etməsinə şərait yaradırdı. Beləliklə, beynəlxalq hüququn tələbləri ilə mövcud reallıq arasında dərin ziddiyyət yaranmışdı.
Azərbaycanın iqtisadi, hərbi və diplomatik gücünün sistemli şəkildə artırılması təsadüfi addımların deyil, uzaqgörən dövlət strategiyasının nəticəsi idi. Zəfərə aparan yol məhz bu ardıcıl siyasətin üzərində qurulmuşdu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və mövqelərimizə hücumu qarşısında Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Dövlətimizin suverenliyinin, mülki əhalinin təhlükəsizliyinin və ərazi bütövlüyümüzün müdafiəsi məqsədilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə start verildi. Xalqımızın uzun illər gözlədiyi tarixi məqam yetişmişdi. “Dəmir yumruq” əməliyyatı Azərbaycan dövlətinin qətiyyətini, Ordumuzun peşəkarlığını və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirdi. Döyüş meydanından gələn hər bir azadlıq xəbəri illərlə yurd həsrəti çəkən insanların qəlbində yeni ümidlər oyadırdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və digər yaşayış məntəqələrinin azad edilməsi xalqımızın mənəvi gücünü daha da artırırdı.
44 gün ərzində Azərbaycan Ordusu irəlilədi. Əsgər və zabitlərimiz hər qarış torpağımız uğrunda misilsiz qəhrəmanlıq göstərdilər. Onlar ölümün gözünə dik baxaraq Vətən qarşısında borclarını yerinə yetirdilər. Yaralanan hərbçilərimizin müalicələri başa çatan kimi yenidən döyüş meydanına qayıtmaq istəmələri, ön cəbhədəki əzmkarlıq, arxa cəbhədəki fədakarlıq xalqımızın Vətən sevgisinin nə qədər dərin olduğunu göstərirdi. Azərbaycan cəmiyyətinin bütün təbəqələri, müxtəlif siyasi baxışlara, etnik və dini mənsubiyyətlərə malik vətəndaşlarımız vahid amal ətrafında birləşdilər. Xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün səfərbər oldular. Siyasi partiyaların milli məsələlərdə birgə mövqe nümayiş etdirməsi, vətəndaşların könüllü olaraq orduya yazılması və çətin günlərdə öz doğma yurdlarını tərk etməməsi bu həmrəyliyin unudulmaz təzahürü idi.
“Dəmir yumruq” ifadəsi beləliklə, hərbi əməliyyatın adından daha böyük məna qazandı. O, milli birliyimizin, siyasi iradəmizin, xalq-ordu həmrəyliyimizin və dövlətimizin sarsılmaz gücünün rəmzinə çevrildi.
Müharibə meydanında qazanılan uğurlar informasiya və diplomatiya cəbhəsində də ardıcıl mübarizə ilə müşayiət olunurdu. Prezident İlham Əliyev müharibə dövründə dünyanın aparıcı media qurumlarına 30-dan çox müsahibə verərək Azərbaycanın mövqeyini, münaqişənin tarixi və hüquqi mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısının qətiyyətli, arqumentlərə əsaslanan və prinsipial mövqeyi informasiya mübarizəsində mühüm rol oynadı. Ermənistanın təbliğat kampaniyalarına qarşı tarixi faktlar, beynəlxalq hüququn müddəaları və real vəziyyət əsaslı şəkildə ortaya qoyuldu.
Prezidentin çıxışları və müsahibələri müharibə günlərində Azərbaycan xalqının mənəvi ruhunu da yüksəldirdi. Hər bir azadlıq xəbəri ilə yanaşı, dövlət başçısının xalqa müraciətləri insanlarda Qələbəyə inamı möhkəmləndirirdi. Bu çıxışlarda xalqın hissləri, milli qüruru, tarixi ədalətə inamı və qətiyyəti öz ifadəsini tapırdı. Azərbaycan Prezidenti həm döyüş meydanında Ordunun Ali Baş Komandanı, həm də beynəlxalq informasiya mübarizəsində dövlətimizin mövqeyini müdafiə edən siyasi lider kimi çıxış edirdi.
Vətən müharibəsinin gedişində arxa cəbhədə göstərilən mənəvi dəstək, xalqımızın həmrəyliyi, şəhid ailələrinə və yaralı hərbçilərimizə diqqət də Qələbəmizin əsas dayaqlarından idi. Bu ağır və məsuliyyətli günlərdə dövlətimizin bütün imkanları səfərbər olunmuş, cəmiyyətin hər bir üzvü öz əməli və mövqeyi ilə Vətən qarşısında borcunu yerinə yetirməyə çalışmışdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müharibə dövründəki müraciətləri və xalqımıza ünvanladığı çağırışlar bu mənəvi səfərbərliyin mühüm tərkib hissəsi idi. Onun çıxış və paylaşımlarında Azərbaycan Ordusuna inam, şəhidlərimizin xatirəsinə ehtiram, hərbçilərimizin ailələrinə həssas münasibət, mülki əhalinin müdafiəsi və informasiya mübarizəsində hər bir vətəndaşın məsuliyyəti ön plana çəkilirdi. Mehriban xanım Əliyeva hər bir azərbaycanlını ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmağa, erməni təbliğatının yalanlarına qarşı həqiqətlərlə mübarizə aparmağa çağırırdı. Xüsusilə Gəncə və Bərdə şəhərlərinin raket hücumlarına məruz qalması, günahsız insanların, o cümlədən uşaqların həyatını itirməsi ilə bağlı müraciətləri mülki əhalinin taleyinə göstərilən həssas münasibətin ifadəsi idi.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici məqamlarından biri oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın azadlığı xalqımızın mənəvi Qələbəsini daha da ucaltdı. Şuşa ilə birlikdə xalqımızın yaddaşında yaşayan böyük bir mənəvi dünya da azadlığına qovuşdu. Noyabrın 9-dək Azərbaycan Ordusu beş şəhəri, dörd qəsəbəni və 286 kəndi işğaldan azad etmişdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Sənədə uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan döyüş meydanında qazandığı üstünlüyü siyasi müstəvidə də təsbit etdi. Zəfər sevincimizin arxasında böyük itkilər, yarımçıq qalmış arzular və Vətən naminə ən qiymətli varlığını fəda etmiş insanların müqəddəs xatirəsi dayanır. Buna görə də 8 Noyabr həm qürur, həm də dərin ehtiram günüdür. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatsa da, dövlətimizin qarşısında mühüm vəzifələr qalırdı. Ərazi bütövlüyümüzün bərpası istiqamətində əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi, ölkəmizin suverenliyinin bütün ərazilərdə təmin olunması və Qarabağda separatizmin kökünün kəsilməsi növbəti strateji hədəflər idi.
2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində, Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz suveren hüquqlarını həyata keçirmək istiqamətində atdığı mühüm addımlardan biri oldu. Dövlət sərhədinə nəzarətin təmin edilməsi Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin genişmiqyaslı hərbi təxribatlarının qarşısının alınması, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və konstitusiya quruluşumuzun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Sentyabrın 20-də əldə olunan razılaşma ilə əməliyyat dayandırıldı. Bununla Azərbaycan öz dövlət suverenliyini bütün ərazisində tam bərpa etdi. 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması dövlətçilik tariximizin ən yaddaqalan anlarından biri oldu. Bu mənzərə Azərbaycanın müstəqil dövlət kimi öz ərazisində tam hakimiyyətə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Beləliklə, 2020-ci ildə ərazi bütövlüyümüzün bərpası ilə başlanan tarixi proses 2023-cü ildə dövlət suverenliyimizin tam təmin olunması ilə yeni mərhələyə yüksəldi.
Tarixi Qələbənin əbədiləşdirilməsi, şəhidlərimizin xatirəsinin yaşadılması və Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində göstərilən qəhrəmanlığın və əldə olunan Qələbənin qiymətləndirilməsi məqsədilə “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də müxtəlif medallar təsis edildi. Müharibədə iştirak etmiş, döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, igidlik və şücaət göstərmiş hərbi qulluqçularımızın dövlət təltiflərinə layiq görülməsi onların xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.
2020-ci il dekabrın 3-də imzalanmış Sərəncamla noyabrın 8-i Zəfər Günü elan edildi. Həmin il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradı isə Azərbaycan dövlətinin və Ordusunun qüdrətini nümayiş etdirən möhtəşəm tarixi hadisəyə çevrildi. Paradda üç min Azərbaycan hərbçisinin iştirakı, nümayiş etdirilən hərbi texnika və qənimətlər xalqımızın qürurunu daha da artırdı. 2021-ci il aprelin 12-də Hərbi Qənimətlər Parkının açılması Vətən müharibəsinin tarixini əks etdirən mühüm məkanlardan birinin yaradılması ilə nəticələndi. Burada nümayiş etdirilən hərbi texnika, döyüş sursatları, müdafiə qurğuları və digər eksponatlar müharibənin gedişini, Azərbaycan Ordusunun hərbi üstünlüyünü və Ermənistanın törətdiyi dağıntıları əyani şəkildə göstərir.
Zəfər tarixinin yaddaşlarda yaşadılması istiqamətində daha bir mühüm addım Bakıda Zəfər parkının və Zəfər muzeyinin yaradılması oldu. 2024-cü il noyabrın 8-də Zəfər parkının açılışı keçirildi. Təxminən 10 hektar ərazini əhatə edən parkın girişində ucaldılmış 44 metr hündürlüyündə Zəfər tağı 44 günlük Vətən müharibəsinin rəmzi kimi xüsusi məna daşıyır. Burada yaradılmış memorial abidə, Qarabağ yaddaş bağçası və digər məkanlar xalqımızın qəhrəmanlıq salnaməsini yaşadır. 2025-ci il noyabrın 8-də Zəfər muzeyinin açılışı ilə bu istiqamətdə mühüm tarixi addım atıldı. Səkkiz ekspozisiya zalından ibarət muzey Qarabağın çoxəsrlik tarixindən Ermənistan-Azərbaycan münaqişəsinə, 44 günlük Vətən müharibəsindən dövlət suverenliyimizin bərpasına və işğaldan azad edilmiş ərazilərdə aparılan dirçəliş prosesinə qədər geniş tarixi mənzərəni təqdim edir. Muzeydə şəhidlərimizin adlarının əbədiləşdirilməsi isə bu məkanın mənəvi əhəmiyyətini daha da artırır.
Zəfər Günü münasibətilə 2021-ci ildə amnistiya elan edilməsi də Qələbənin humanizm və mərhəmət dəyərləri ilə tamamlandığını göstərən mühüm qərarlardan biri oldu. Milli Məclisin qəbul etdiyi amnistiya aktı 17 min 267 nəfərə şamil edildi. Bu, tətbiq dairəsinə görə ölkəmizdə qəbul edilmiş ən geniş amnistiya qərarlarından biri idi.
Azərbaycanın hərbi və siyasi müstəvidə əldə etdiyi tarixi nəticələr regionda yeni münasibətlər sisteminin formalaşmasına da zəmin yaratdı. Ölkəmiz müharibədən sonra da milli maraqlarını qətiyyətlə müdafiə edərək dayanıqlı sülhün və əməkdaşlığın təmin olunması istiqamətində fəaliyyətini davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatik siyasətin mühüm nəticələrindən biri 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşün nəticəsində Birgə Bəyannamə imzalandı. Həmin görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini parafladılar. ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciətin imzalanması da mühüm siyasi nəticələrdən biri oldu.
Vaşinqtonda əldə edilən razılaşmalar Azərbaycanın uzun müddətdir irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə təsdiqi baxımından əhəmiyyət daşıyır. Bununla belə, sülh sazişinin imzalanması və ratifikasiyası üçün nəzərdə tutulan əlavə şərtlərin yerinə yetirilməsi, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində zəruri dəyişikliklərin edilməsi vacib olaraq qalır. Birgə Bəyannamədə regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi də mühüm yer tutur. Ermənistan ərazisində həyata keçirilməsi nəzərdə tutulan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” təşəbbüsü regionun nəqliyyat və iqtisadi əlaqələri üçün yeni imkanlar vəd edir.
Azərbaycanın mövqeyi aydındır: biz sülh istəyirik, lakin bu sülh qarşılıqlı hörmətə, beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə əsaslanmalıdır. Ədalətli və davamlı sülhün təmin edilməsi regionun bütün xalqlarının gələcək rifahı üçün mühüm şərtdir.
Zəfərin ən böyük mənəvi nəticələrindən biri illərlə doğma yurdlarından ayrı düşmüş insanların evlərinə qayıtmasıdır. Müharibədən sonra Azərbaycan qarşısında dayanan əsas vəzifələrdən biri dağıdılmış ərazilərin bərpası, müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli yaşayışının təmin edilməsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. 2022-ci il noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi. Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək müəyyən edilmiş beş Milli Prioritetindən biri kimi müəyyənləşdirildi. Bu proqramın əsas məqsədi doğma torpaqlarına qayıdan vətəndaşlarımız üçün müasir yaşayış şəraiti yaratmaq, iqtisadi fəallığı bərpa etmək, məşğulluğu təmin etmək və Qarabağla Şərqi Zəngəzuru ölkənin ümumi iqtisadi inkişafına inteqrasiya etməkdir.
Bu gün azad edilmiş ərazilərdə aparılan işlərə nəzər saldıqda, qarşıya qoyulmuş məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini görürük. Yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, mədəniyyət obyektləri, məscidlər, yollar, dəmir yolları, tunellər və beynəlxalq hava limanları regionun simasını dəyişir. Tarixi abidələrimizin bərpası, şəhər və kəndlərimizin yenidən qurulması Qarabağın zəngin mədəni irsinin yaşadılması baxımından da böyük əhəmiyyət daşıyır. Uzun illər sonra öz evinin qapısını açan, uşaqlığını keçirdiyi küçələrdə yenidən addımlayan, ata-baba ocağında ailəsi ilə bir araya gələn insanlar üçün Böyük Qayıdışın mənası heç bir rəqəmlə ifadə oluna bilməz. Bu, itirilmiş həyatın yenidən qurulması, ailə yaddaşının öz torpağına qayıtmasıdır.
Qarabağın gələcəyi təkcə yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır. Burada iqtisadi həyatın canlandırılması, yeni iş yerlərinin yaradılması, təhsil və səhiyyə xidmətlərinin əlçatan olması da mühüm əhəmiyyət daşıyır. Doğma torpaqlarına qayıdan iqtisadi fəal əhalinin 11 min 937 nəfərinin məşğulluğunun təmin edilməsi bu istiqamətdə görülən işlərin nəticəsidir. Onlardan 8 min 56 nəfəri vakansiyalar üzrə işlə təmin olunub, 1 051 nəfər özünüməşğulluq proqramına cəlb edilərək kiçik ailə təsərrüfatlarını qurmaq imkanı əldə edib. Qarabağ Universitetinin fəaliyyətə başlaması və burada 3 min 330-dan çox tələbənin təhsil alması regionun gələcəyinə yönəlmiş mühüm investisiyadır. Bu ali təhsil ocağı Qarabağın elmi, intellektual və mədəni həyatının dirçəlişinə xidmət etməklə yanaşı, gənclərin öz doğma torpaqlarında təhsil alması və gələcək quruculuqda iştirak etməsi üçün geniş imkanlar yaradır.
Dövlət xidmətlərinin də azad edilmiş ərazilərdə əlçatan olması Böyük Qayıdışın sosial mahiyyətini tamamlayır. Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsinin yaradılması, Qarabağ Regional DOST Mərkəzinin və onun Şuşa, Kəlbəcər, Füzuli üzrə xidmət məntəqələrinin fəaliyyətə başlaması, Şuşa regional “ASAN xidmət” mərkəzinin açılması dövlət-vətəndaş münasibətlərinin yeni yaşayış məkanlarında da müasir standartlarla qurulduğunu göstərir.
Bütün bu işlər Azərbaycanın qarşıdakı illər üçün müəyyən etdiyi inkişaf strategiyasının tərkib hissəsidir. 2020-ci ildən 2026-cı il də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 25 milyard manatdan artıq vəsait ayrılıb. 2027-ci ildə isə bu məqsədlə 3,4 milyard manat vəsait nəzərdə tutulur. Böyük Qayıdışın davamlılığını təmin etmək üçün Prezident cənab İlham Əliyevin 2025-ci il 30 may tarixli Sərəncamı ilə II Dövlət Proqramının hazırlanması tapşırılıb. Bu gün Qarabağda həyata keçirilən quruculuq işləri Azərbaycanın müharibədən sonrakı inkişaf modelinin vacib nümunəsinə çevrilir. Bir vaxtlar dağıdılmış, həyatın dayandığı ərazilərdə yeni məktəblər, yaşayış evləri, istehsal müəssisələri, sosial xidmət mərkəzləri yaradılır. Qarabağda həyat yenidən başlayır və bu həyatın mərkəzində öz yurduna qayıdan insan dayanır.
Vətən müharibəsində əldə edilmiş Qələbənin ən ağır bədəli şəhidlərimizin həyatı və qazilərimizin sağlamlığı oldu. Buna görə də müharibədən sonrakı dövrdə şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi. Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial dəstək tədbirləri şəhid ailələrinin üzvlərinin, qazilərin və müharibə iştirakçılarının həyat şəraitinin yaxşılaşdırılmasına, onların məşğulluğunun təmin edilməsinə, tibbi və sosial reabilitasiyasına yönəlib.
Şəhid ailələrinin və qazilərin sosial problemlərinin həllinə vətəndaş cəmiyyətinin də töhfə verməsi baxımından “YAŞAT” Fondunun fəaliyyətini ayrıca qeyd etmək lazımdır. Fond indiyədək 19 791 şəxsi öhdəliyə götürüb, şəhid ailələrinin və qazilərin ehtiyaclarının qarşılanması üçün 96 milyon manata yaxın vəsait xərcləyib. Bu təşəbbüs xalqımızın həmrəyliyinin və Vətən qarşısında mənəvi məsuliyyətinin mühüm ifadəsidir.
Şəhid ailəsinə göstərilən diqqət, qazinin sağlamlığına qovuşması üçün yaradılan imkan, müharibə iştirakçısının işlə təmin edilməsi və yeni həyata başlaması üçün göstərilən dəstək Zəfər siyasətinin ayrılmaz hissəsidir. Çünki Vətən uğrunda canından keçənlərin ailələrinə sahib çıxmaq, sağlamlığını itirənlərin yanında olmaq, onların həyatını asanlaşdırmaq dövlətin və cəmiyyətin müqəddəs mənəvi borcudur.
8 Noyabr, Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış milli qürur səhifəsidir. Bu tarix bizə bir daha göstərdi ki, güclü dövlət, qətiyyətli siyasi rəhbərlik, qüdrətli ordu və milli birlik bir araya gəldikdə ən mürəkkəb tarixi vəzifələrin öhdəsindən gəlmək mümkündür. Zəfər təsadüfi hadisə deyildi. O, illərlə aparılan məqsədyönlü dövlət siyasətinin, iqtisadi inkişafın, ordu quruculuğunun, diplomatik mübarizənin, xalqın sarsılmaz iradəsinin və əsgərimizin misilsiz qəhrəmanlığının məntiqi nəticəsi idi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm müharibə meydanında, həm diplomatik müstəvidə, həm də müharibədən sonrakı quruculuq prosesində öz gücünü nümayiş etdirdi. Bu möhtəşəm tarixi Qələbəyə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Otuz ilə yaxın davam edən işğalın sona çatdırılması, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, milli maraqlarımızın beynəlxalq müstəvidə qətiyyətlə müdafiəsi və bu gün Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri güclü siyasi iradənin, uzaqgörən rəhbərliyin və ardıcıl dövlət siyasətinin nəticəsidir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan xalqı tarixinin ən böyük sınaqlarından birini şərəflə keçərək öz gücünü və birliyini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi missiyaya və ölkəmizin qarşısında açdığı yeni inkişaf mərhələsinə görə dövlətimizin başçısına minnətdarlığımızı ifadə edirik. Eyni zamanda, Prezident İlham Əliyevin ən yaxın silahdaşı və etibarlı siyasi tərəfdaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən müharibəsi dövründə xalqımızın mənəvi birliyinin və həmrəyliyinin güclənməsinə, şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya, həyata keçirilən humanitar təşəbbüslərə, eləcə də Azərbaycanın haqq səsinin və tarixi Zəfərimizin beynəlxalq miqyasda tanıdılmasına verdiyi mühüm töhfələri xüsusi qeyd etmək istəyirəm.
Bu gün qarşımızda duran vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlətimizin qüdrətini daha da artırmaq, azad edilmiş torpaqları inkişafın, rifahın və sülhün məkanına çevirməkdir. Qarabağda tikilən hər bir məktəb, açılan hər bir müəssisə, salınan hər bir yol, doğma yurduna qayıdan hər bir ailə Zəfərin davam edən tarixidir.
8 Noyabrın mənası həm də gələcək nəsillərə ötürülən böyük bir dərsdir: Vətənə bağlılıq, milli birlik, dövlətə sədaqət və müstəqilliyin qorunması hər birimizin məsuliyyətidir. Şəhidlərimizin bizə əmanət etdiyi bu torpaqlarda sülh, əmin-amanlıq və firavan həyatın təmin olunması ən böyük vəzifələrimizdəndir. Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayır, rəşadətli Azərbaycan Ordusunun hər bir üzvünü təbrik edirik!
Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, üçrəngli bayrağımız daim ucalarda olsun!
Zəfərinin 6 ili mübarək, Azərbaycan!
Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri, professor