Bəzən tarix xalqların taleyini dəyişən elə bir məqam yaradır ki, həmin gündən sonra heç nə əvvəlki kimi olmur. Dünəninə məğlubiyyətin ağrısı, torpaq itkisi, yurd həsrəti və nisgil damğası vurulmuş bir xalq sabahına qələbə ilə açılan yeni səhifə yazır. 8 Noyabr Azərbaycan xalqı üçün məhz belə bir tarixdir. Bu, sadəcə hərbi qələbənin, işğaldan azad edilmiş torpaqların, fəth olunmuş yüksəkliklərin tarixi deyil. Bu, milli ruhun dirçəlişi, əyilmiş qürurun dikəlməsi, sarsılmış inamın bərpası, bir xalqın öz gücünə yenidən inanmasıdır.
Azərbaycan xalqı 30 ilə yaxın müddətdə ağır bir tarixi sınaqdan keçdi. Torpaqları işğal olundu, şəhər və kəndləri dağıdıldı, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü. Xocalı faciəsinin ağrısı, Şuşanın həsrəti, Qarabağın nisgili bütöv bir nəslin yaddaşına həkk olundu. Beynəlxalq təşkilatların qətnamələri qəbul edildi, danışıqlar aparıldı, vasitəçilər bəyanatlar verdilər.
Lakin illər keçdikcə bir həqiqət daha aydın görünürdü: Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün beynəlxalq hüququn mövcudluğu kifayət etmir, onu gerçəkləşdirəcək siyasi iradə, milli birlik və hərbi güc də lazımdır.
Tarix göstərdi ki, ədalət yalnız onu müdafiə etməyə gücü çatan xalqlar üçün real nəticəyə çevrilir.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi məhz bu tarixi həqiqətin təntənəsinə çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə otuz ilə yaxın davam edən işğala son qoymaq üçün hərəkətə keçdi. Bu müharibə təkcə cəbhədə aparılan döyüşlərdən ibarət deyildi. Bu, həm də Azərbaycanın dövlətçilik iradəsinin, xalqın öz tarixinə və gələcəyinə sahib çıxmaq əzminin nümayişi idi.
Azərbaycan əsgəri döyüş meydanında yalnız torpaqları azad etmirdi. O, otuz il ərzində xalqın qəlbində yığılıb qalan ağrını, ümidsizliyi və məğlubiyyət psixologiyasını da geridə qoyurdu. Hər azad edilən kənd, hər fəth olunan yüksəklik, hər dalğalanan üçrəngli bayraq milli ruhun növbəti qələbəsi idi.
Şuşa – Zəfərin zirvəsi, milli qürurun təntənəsi
Bu möhtəşəm yürüşün ən parlaq səhifəsi isə heç şübhəsiz, Şuşanın azad edilməsi oldu.
Coğrafi və strateji baxımdan alınmaz qala hesab edilən Şuşa təkcə Qarabağın deyil, Azərbaycan milli kimliyinin, mədəniyyətinin və tarixi yaddaşının rəmzi idi. Prezident İlham Əliyev müharibənin ilk günlərindən dəfələrlə bəyan edirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu, sadəcə hərbi hədəf deyildi. Bu, milli qürurun, tarixi ədalətin və mənəvi bütövlüyün bərpası demək idi.
Azərbaycan əsgəri Şuşaya adi yollarla deyil, sıldırım qayalardan, keçilməz meşələrdən, dərin dərələrdən keçərək irəlilədi. Müasir hərbi texnologiyaların hökm sürdüyü bir müharibədə qəhrəman əsgərlərimizin əlbəyaxa döyüşlərə girərək Şuşanı azad etməsi dünya hərb tarixində özünəməxsus yer tutdu.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı. Bu xəbər bir anda milyonlarla insanın qəlbində illərlə yığılıb qalan nisgili sevincə, kədəri qürura, göz yaşlarını fəxarətə çevirdi.
Şuşanın azad edilməsi ilə Azərbaycan yalnız bir şəhəri geri qaytarmadı. O, öz tarixi yaddaşına, mədəniyyətinə, milli kimliyinə və mənəvi bütövlüyünə qovuşdu.
Məhz buna görə 8 Noyabrın Zəfər Günü elan edilməsi tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsi idi.
Zəfərin siyasi əhəmiyyəti: Azərbaycan yeni reallığın müəllifinə çevrildi
44 günlük müharibənin nəticələri Azərbaycanın siyasi və geosiyasi mövqeyini köklü şəkildə dəyişdirdi. Müharibədən əvvəl Qarabağ münaqişəsi beynəlxalq diplomatiyanın uzun illər həll edə bilmədiyi problemlərdən biri kimi təqdim olunurdu. Müharibədən sonra isə regionda tamamilə yeni reallıq yarandı.
Azərbaycan sübut etdi ki, o, yalnız öz maraqlarını müdafiə edən deyil, həm də regionun gələcəyini müəyyənləşdirən, siyasi proseslərə istiqamət verən müstəqil və güclü dövlətdir.
Zəfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisini artırdı, Bakının regional və qlobal proseslərdə rolunu genişləndirdi. Ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub, Mərkəzi Asiya ilə Avropa arasında mühüm geosiyasi və geoiqtisadi körpü kimi mövqelərini daha da möhkəmləndirdi.
Bu gün Azərbaycan təkcə enerji təhlükəsizliyinin təminatçısı, nəqliyyat-kommunikasiya xətlərinin mühüm iştirakçısı deyil. O, həm də Avrasiyada yeni siyasi və iqtisadi əlaqələrin formalaşmasında söz sahibi olan orta gücə çevrilmək istiqamətində irəliləyir.
Ən mühüm dəyişiklik isə Azərbaycanın artıq başqalarının müəyyən etdiyi gündəliyə uyğunlaşan deyil, öz milli maraqları əsasında gündəlik formalaşdıran dövlətə çevrilməsidir.
Zəfərdən sonra regionda sülh gündəliyinin irəli sürülməsi, Ermənistanla münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və yeni iqtisadi əməkdaşlıq imkanlarının yaradılması Azərbaycanın siyasi iradəsinin növbəti təzahürüdür. Bakı müharibədən sonra da regionun gələcəyinə dair təşəbbüsləri ilə çıxış edərək göstərdi ki, qazanılmış hərbi üstünlük davamlı sülh və inkişaf üçün siyasi imkanlara çevrilməlidir.
Zəfərin bizə öyrətdiyi dərs: Güclü dövlət, milli birlik və sarsılmaz iradə!
8 Noyabrın ən böyük dərslərindən biri budur: heç bir xalq öz taleyini başqalarının mərhəmətinə, vədlərinə və siyasi maraqlarına bağlamamalıdır. Dövlətin müstəqilliyi yalnız bayraq, himn və sərhədlə ölçülmür. Müstəqillik həm də onu qorumaq gücü, milli maraqları müdafiə etmək iradəsi və gələcəyini müstəqil müəyyənləşdirmək qabiliyyətidir.
Azərbaycanın Zəfəri göstərdi ki, xalqın birliyi, güclü siyasi rəhbərlik, müasir ordu, iqtisadi imkanlar və milli məqsəd ətrafında səfərbərlik bir araya gələndə ən çətin görünən tarixi vəzifələr belə gerçəkləşə bilər.
Bu qələbə həm də bir həqiqəti ortaya qoydu: məğlubiyyət xalqın taleyi deyil. Məğlubiyyətlə barışmaq, onu milli kimliyin bir hissəsinə çevirmək təhlükəlidir. Azərbaycan xalqı bu psixoloji səddi aşdı. Özünə inamını, mübarizə ruhunu və tarixi iddiasını bərpa etdi.
Ən əsası, Zəfər yeni nəsillərin yaddaşında tamamilə fərqli Azərbaycan obrazı formalaşdırdı. Artıq Qarabağ həsrəti ilə böyüyən uşaqlar deyil, azad Qarabağı görən, Şuşada bayrağımızın dalğalandığını seyr edən, öz dövlətinin gücünə inanan nəsillər yetişir.
Bu gün qarşıda duran əsas vəzifə qazanılmış Zəfəri davamlı inkişafın, güclü iqtisadiyyatın, elmin, təhsilin, texnologiyanın və milli həmrəyliyin təməlinə çevirməkdir. Çünki müharibədə qazanılan qələbəni qorumaq, onu sülhün, rifahın və tərəqqinin təminatına çevirmək də ən azı həmin qələbəni qazanmaq qədər böyük məsuliyyətdir.
Bu, bir xalqın öz taleyini yenidən yazdığı gündür!
8 Noyabr Azərbaycan tarixində sadəcə təqvim günü deyil. Bu tarix bir xalqın özünə qayıdışının, milli ruhun oyanışının, dövlətçilik iradəsinin təntənəsinin simvoludur.
Bir vaxtlar Qarabağ həsrəti ilə yaşayan, beynəlxalq ədalətin bərqərar olmasını gözləyən Azərbaycan xalqı bu gün öz gücünə söykənərək yaratdığı yeni reallığın müəllifidir. Dünən torpaqlarının azad olunmasını arzulayan xalq bu gün azad etdiyi torpaqlarda quruculuq işləri aparır, şəhərlərini, kəndlərini yenidən qurur, Böyük Qayıdış prosesini həyata keçirir.
Bu, məğlubiyyət psixologiyasından qalibiyyət ruhuna, gözləyən xalqdan öz taleyini müəyyənləşdirən millətə, işğalın ağrısını yaşayan dövlətdən regionun siyasi xəritəsinə təsir edən güclü Azərbaycana gedən tarixi yoldur.
Zəfər bizə bir həqiqəti öyrətdi: xalq öz birliyinə inananda, dövlət öz gücünə söykənəndə, lider öz xalqının iradəsini ifadə edəndə heç bir zirvə əlçatmaz, heç bir qala alınmaz deyil.
Şuşa bunun canlı sübutudur!
8 Noyabr – Zəfər Günü mübarək! Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli iradəsi ilə yazılmış əbədi tarixdir.
Biz artıq məğlubiyyətin kölgəsində yaşayan xalq deyilik. Biz öz tarixini yazan, torpağına sahib çıxan, gələcəyini özü müəyyənləşdirən qalib xalqıq!
İltizam Yusifov
Milli Məclisin VI çağırış deputatı, Azərbaycan Respublikasının Əməkdar mühəndisi