Ağdam tarixi zəfərin və milli dirçəlişin rəmzidir

20 Noyabr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan əlamətdar tarixlərdən biridir. Bu gün Ağdam şəhərinin işğaldan azad olunmasının ildönümü və milli qürurumuzun təcəssümü kimi qeyd edilir. Ağdam Şəhəri Günü xalqımızın tarixi ədalətin bərpasına, doğma torpaqlarına qayıdışına və dövlətimizin gücünə olan inamını ifadə edir.

Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və özünəməxsus ənənələrə malik şəhərlərindən biridir. Qarabağın mühüm mədəni, iqtisadi və ictimai mərkəzlərindən olan bu şəhər uzun illər özünün abadlığı, quruculuq ənənələri, zəhmətkeş insanları və qonaqpərvərliyi ilə tanınıb. Ağdam həm də Azərbaycan xalqının Qarabağa bağlılığının, milli kimliyinin və tarixi yaddaşının mühüm ünvanlarından biridir.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam uzun illər ağır dağıntılara və vandalizmə məruz qaldı. Bir vaxtlar həyatın qaynadığı şəhər xarabalığa çevrildi, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü. Lakin bütün bu illər ərzində ağdamlılar öz torpaqlarına qayıtmaq ümidini və doğma şəhərlərinə bağlılığını itirmədilər.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə bu arzuların gerçəkləşməsinə yol açdı. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 illik işğala son qoyuldu və şəhərdə yenidən Azərbaycan bayrağı dalğalandı. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 Noyabr Ağdam Şəhəri Günü təsis edildi.

Bu gün Ağdamda tamamilə yeni inkişaf mərhələsi yaşanır. Dövlətimizin başçısının rəhbərliyi ilə şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Müasir infrastruktur yaradılır, yollar çəkilir, sosial obyektlər, yaşayış binaları və istehsal müəssisələri inşa olunur. Ağdamın tarixi simasının qorunması ilə yanaşı, onun müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasına xüsusi diqqət yetirilir.

Bütün bunlar Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin mühüm göstəricisidir. Artıq doğma yurdlarına qayıdan ağdamlılar illərdən bəri həsrətində olduqları torpaqlarda yeni həyata başlayırlar. 2025-ci il martın 27-dən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanması bu prosesdə mühüm tarixi mərhələdir.

Ağdamın dirçəlişi yalnız bir şəhərin yenidən qurulması deyil. Bu, xalqımızın iradəsinin, dövlətimizin iqtisadi imkanlarının, milli birliyimizin və gələcəyə inamımızın nümayişidir. Otuz ilə yaxın davam edən həsrətdən sonra doğma torpaqlarda həyatın yenidən canlanması Azərbaycan xalqının tarixi Zəfərinin məntiqi davamıdır.

Əminə Ağazadə

Milli Məclisin deputatı