Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Adıgey Respublikası, Krasnodar diyarı və Xəzər dənizində hərbi və mülki obyektlərə qarşı planlaşdırılan terror aktlarının qarşısının alındığını açıqlayıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə FSB-nin məlumatında bildirilib.
Məlumata görə, əməliyyat zamanı dörd nəfər saxlanılıb, daha iki nəfər isə saxlanılmağa müqavimət göstərərkən öldürülüb.
Qurumun iddiasına görə, hücumların həyata keçirilməsi üçün azı 40 zərbə PUA və 700 kiloqramdan çox partlayıcı maddədən istifadə edilməsi nəzərdə tutulub.
FSB bildirib ki, ilin əvvəlindən etibarən ehtimal olunan icraçıların fəaliyyəti izlənilib. Hücumların noyabr ayında həyata keçirilməsi planlaşdırılıb.
Rusiya xüsusi xidmət orqanlarının versiyasına görə, Ukrayna xüsusi xidmət orqanları öz agentlərinə 700 kiloqramdan çox partlayıcı maddə və azı 40 zərbə pilotsuz uçuş aparatı ötürüblər. Onların bir hissəsinin Adıgey və Krasnodar diyarında yerləşdirilərək hərbi aerodromlara və kritik infrastruktur obyektlərinə hücumlarda istifadə edilməsi planlaşdırılıb.
FSB-nin məlumatına əsasən, digər hədəflər Xəzər dənizindəki hərbi gəmilər və mülki üzən vasitələr olub. Onlara hücum etmək üçün su motosikletlərinin partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz katerlərə çevrilməsi nəzərdə tutulub. Bundan əlavə, agentlərə altı kvadrosikl də verilib.