Yasamal Rayon İcra Hakimiyyətində 2026–2027-ci illərin qış mövsümünə hazırlıq vəziyyətinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tapşırığına uyğun olaraq keçirilən müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, rayonun kommunal və təsərrüfat xidmətlərinin, idarə və təşkilatların, bələdiyyənin, eləcə də digər aidiyyəti qurumların təmsilçiləri iştirak ediblər.
Müşavirədə giriş nitqi ilə çıxış edən Elşad Həsənov qış mövsümündə, xüsusilə güclü qar yağması və intensiv yağıntılar zamanı kommunal xidmətlərin fasiləsiz və operativ fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulayıb. Rayon ərazisində küçə və məhəllələrin qardan təmizlənməsi, xüsusi texnikaların hazırlıq vəziyyətinin yoxlanılması, zəruri inventar və duz ehtiyatının yaradılması, görüləcək işlərə məsul şəxslərin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı tapşırıqların icrasına diqqət çəkib.
İcra başçısı qeyd edib ki, qış mövsümünə hazırlıq tədbirləri formal xarakter daşımamalı, hər bir qurum üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirməlidir. Bu prosesdə yalnız kommunal xidmətlərin deyil, idarə və təşkilatların, bələdiyyənin və özəl sektorun da fəal iştirakı təmin olunmalıdır.
Müşavirədə Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynovun məruzəsi dinlənilib, qış mövsümünə hazırlıq çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri – Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Anar Tağıyev və Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsinin müdiri Məmməd Qasımov çıxış ediblər, aidiyyatı qurumlar qarşısında duran konkret vəzifələri çatdırıblar.
Sonda aidiyyəti qurumlara qış mövsümündə yarana biləcək çətinliklərin operativ aradan qaldırılması, kommunal xidmətlərin fasiləsiz fəaliyyətinin təmin edilməsi və sakinlərin rahatlığının qorunması istiqamətində hazırlıq tədbirlərinin gücləndirilməsi tapşırılıb.