Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

İşğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması və zəruri xidmətlərin onların yaşayış yerində göstərilməsi TƏBİB-in əsas fəaliyyət istiqamətlərindəndir.
Tibb məntəqələrinin fəaliyyət göstərmədiyi yaşayış məntəqələrində tibbi xidmətlərin əlçatanlığını təmin etmək məqsədilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti Xıdırlı və Kəngərli kəndlərinə səfər edib.
Səyyar xidmət zamanı sakinlərin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, terapevt, pediatr, ginekoloq və otorinolarinqoloq tərəfindən müayinələr aparılıb, müvafiq tövsiyələr verilib.
İki kənd üzrə 18-i uşaq olmaqla, ümumilikdə 30-dan çox sakin tibbi xidmətdən yararlanıb. Əlavə müayinə və ixtisaslaşmış tibbi xidmətə ehtiyacı müəyyən edilən sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin olunub.
İşğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə səyyar tibbi xidmətlərin davam etdirilməsi nəzərdə tutulur.